Türk dünyası Kitab və Ədəbiyyat festivalı iştirakçıları mükafatlandırılıblar

Rate this item
(0 votes)

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının iştirakçıları və festivalın təşkilində əməyi keçən şəxslər mükafatlandırılıb.

 


“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə ki, bir sıra yazıçı-publisist, media nümayəndələri, tələbələr və ASAN Xidmət könüllüləri müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıb.
Tədbir xalq yazıçısı Anarın çıxışı ilə başlayıb. O iştirakçılara festival müddətində göstərdikləri xidmətə görə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri və I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının təşkilatçısı Xəyal Rzaya "Bəxtiyar Vahabzadə" mükafatını təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı-publisist Rəşad Məcid, tənqidçi  İntiqam Qasımzadə və Nizami Tağısoy Türksoy tərəfindən "Molla Pənah Vaqif" medalı, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, yazıçı-publisist Yunus Oğuz "Çingiz Aytmatov" medalı, gənc şair Ramil Əhməd "Aşıq Veysəl" medalı ilə təltif olunub.
Daha sonra tələbələr I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalında iştiraka görə sertifikatlarla mükafatlandırılıblar.
Sonda xatirə şəkli çəkilib və tələbələrə Anarın kitabları hədiyyə edilib.