Sevgi dəftərçəsindən - “Bilirsən necə olur, biləyinin yerinə ümidlərini kəsmək?” Featured

 

Bilirsən, necə olur,

ürəyi səksəkəli

gözləri açıq yatmaq?!

Ürəyinin səsindən,

ya da öz nəfəsindən

çəkinib gecə yarı,

canbəsər ümidlərlə

qaçmaq qapıya sarı...

 

Bilirsən necə olur,

Biləyinin yerinə

ümidlərini kəsmək?!

bütün xəyallarını

bir gecədə doğramaq...

Xatırlayıb  torpağın

səndən aldıqlarını,

bilirsən, necə olur,

ölüm üçün darıxmaq?!

 

Qəlbindəki üsyanı

duyan olmasın deyə,

saxta qəh-qəhələrlə

nə bilim, daha nələrlə,

özünə rol oynamaq.

sənə aid olanı

bir suç kimi gizləmək,

özündən itgin düşüb,

özündən firar etmək

bilirsən, necə olur?

 

Bilirsən, necə olur,

Qəlbini yola salmaq

özgəsinin köçündə.

Sonra...

sonra bircə günün içində

xəyalını boşamaq.

Bilirsən, necə olur,

səni sənsiz yaşamaq?!

bilirsən, necə olur...?

Bilmirsən... heç bilmə də...

 

Ceyhunə Mehman