Qulu Ağsəs: “Birdən-birə azad bir adamı, sanki məhbəsə sürüklədilər”. Featured

Rate this item
(1 Vote)

 

 Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda bu dəfə sizi məhz elə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə görüşdürürük. Qulu Ağsəs Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalına yeni nəfəs gətirib, onu həddindən artıq oxunaqlı etməklə böyük oxucu auditoriyası toplaya bilib, üstəlik, biz onu lirik, sarı simə toxuna bilən şeirlər müəllifi kimi də tanıyırıq. Qulu həm də doğulduğu yurdun 27 illik işğal tarixinə dözüm gətirməyə məcbur olduqdan sonra onun işğaldan azad olunması sevincini dadan ziyalılarımızdandır. Odur ki, “Görsən üşüyürsən, yandır özünü” deyən şairlə danışmağa çox mövzu var. Görüşə həmişəki kimi əməkdaşımız İntiqam Yaşar bələdçilik edir.

 

 

 

-Salam, Qulu müəllim. Pandemiya dövrünü bir yaradıcı şəxs kimi necə keçirirsiniz?

 

-Salam. Əlbəttə bunu heç kim gözləmirdi. Hamı kimi mən də şaşırdım. Ağlıma belə gəlməzdi ki, bu hay-küylü, bu qaça-qov dünyada birdən-birə belə bir virus yaranar. Yəni biz bu həyata öyrəşməmişdik və bunu ağlımızın ucundan belə keçirmirdik. Birdən-birə azad bir adamı sanki dörd divar arasına, məhbəsə sürüklədilər. Hamı kimi pandemiyanı mən də ağır keçirirəm. Amma ilk növbədə "pandemiya şeirlərim" yarandı. Pandemiya ilə bağlı bir neçə şeir yazdım. O pandemiya mövzusunda yazdığım şeirlərin birində belə misralar var: "Bir yandan koronavirus, bir yandan da karantinavirus. İlahi, özün bax. Ya balkonda şəhər sal, ya küçələrə qanad tax.” O cümlədən, pandemiya qurbanı olan bir xanıma da şeir həsr eləmişəm. Pandemiya dövründə insanların çölə çıxmamasından ötrü bir gün ağlıma bir ideya gəldi. İnstaqram səhifəsi açmışdılar mənim adıma, hərçənd ki, o səhifənin nə olduğunu bilmirdim, işlətmirdim də. Orada “Ulduzlu qonaqlar” adında bir layihə elədim. Bu səhifədə müxtəlif sənətkarlar, müxtəlif peşə sahibləri hər axşam saat  9-da mənim qonağım oldular. Hətta bir ara bu rubrikanı gündəlik edirdim. Burada xalq yazıçıları, xalq şairləri, xalq artistləri, rəssamlar, rejissorlar “Ulduzlu qonaq” oldular.  Eyni vaxtda bir neçə poeziya axşamı təşkil elədim. Bu poeziya axşamları təkcə Azərbaycanla məhdudlaşmırdı. Amerika Birləşmiş Ştatları, Türkiyə, Fransa və İrandan müxtəlif qonaqlarım oldu. Paralel, özüm də İnstaqram vasitəsi ilə müxtəlif ölkə istifadəçilərinin qonaqlarına çevrildim. Onlarla müxtəlif diskusiyalar apardıq və bir beynəlxalq poeziya tədbiri də təşkil etdik ki, o artıq İnstaqram üzərindən deyil, ZOOM proqramı üzərindən həyata keçirildi. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müxtəlif kitabxanaları ilə görüşlərimiz oldu, oxucularla görüşlər keçirdik. Onların qonağı olduq, suallarını cavablandırdıq. “Ulduz” jurnalı olaraq da müxtəlif layihələr həyata keçirdik. Məsələn, gənc yazarlara təklif elədik, öz şeirlərini səsləndirib video şəklində bizə göndərsinlər və biz onlara tərtibat verərək jurnalın müxtəlif sosial şəbəkə hesablarında paylaşdıq. Bu da kifayət qədər rəğbətlə qarşılandı. Və hətta bizim müəlliflərin göndərdikləri bu videoalar arasında minlərlə izlənmə sayı olanlar da oldu. Onların şeirlərinə öz ifalarında sevilə-sevilə baxıldı. Bu işə həm də bədii qiraətçiləri də cəlb etdik, sağ olsun bədii qiraətçilərimiz, təkcə mənim yox, həm də müxtəlif müəlliflərin şeirlərini səsləndirdilər. Səsləndirdikləri şeirləri həm onlar öz səhiflərində paylaşdılar, həm də biz jurnalın səhifəsində paylaşdıq. Təbii ki, bütün bunlar canlı, real həyatın əvəzini verə bilməz, ümid edirik ki, bu pandemiya yaxın zamanda bitəcək və biz əvvəlki həyatımıza qayıdacağıq.

 

- “Ulduz” jurnalını gənclərin jurnalı olaraq xarakterizə edirlər. Gənclərlə işləməyin zövqü çoxdur, yoxsa çətinliyi?

 

-“Ulduz” jurnalı həm gənclik jurnalıdır, həm də gənclər üçün jurnaldır.Yəni, bu iki amili bir-birinə qatmamaq lazımdır. Həm gənclərin jurnalıdır, yəni, birbaşa onların tribunasıdır. Həm də gənclər üçün jurnaldır. Yəni orta və yaşlı  nəsildən də öyrənilməli çox şeylər var. O cümlədən, klassiklərdən. Biz indi bu son nömrəmizdə “Nizami Gəncəvi və çağdaş ədəbi gənclik” adlı bir müzakirə saatı qurmuşuq. Bu müzakirə saatında gənclərin Nizami Gəncəvidən nəyi əxz elədiyi, nəyi öyrəndiyi və nəyi öyrənməli olduğu sualları açıq şəkildə qoyulub və gənclər bu suallara öz istədikləri, öz bildikləri cavabları verirlər. O cümlədən, bilirsiniz ki, bu il həm də Dədə Ələsgərin 200 illik yubileyidir. Biz filologiya elmləri doktoru, professor Mahirə Nağıqızından xahiş elədik, Aşıq Ələsgərlə bağlı bir yazı yazdı. Həmin yazı özü də məhz gənclər üçün nəzərdə tutulub. Yəni, “Ulduz” jurnalı təkcə gəncləri çap eləməklə kifayətlənmir, həm də müxtəlif layihələr eləməklə, o cümlədən yaşlı nəsli bu işə cəlb etməklə, gənclər üçün maarifləndirici rol oynamaqdadır. Biz son sayımızda artıq, ustad dərslərinə başlamışıq. Bu, sırf dramaturgiya ilə bağlıdır. Azərbaycan  Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor, Əməkdar incəsənət xadimi, tanınmış dramaturq Əli Əmirli bu saydan etibarən gənc dramaturqlar üçün ustad dərslərinə başlayır. Biz bunu bir müddət davam edəcəyik. Sonra isə tərcümə kursları açmaq fikrimiz var. Bu kurslarda istəyirik ki, gənc tərcüməçilər oturuşmuş, yaşlı, professional tərcüməçilərdən tərcümə sənətinin sirlərini öyrənsinlər.

 

-Jurnal cəmi 300 tirajla çap olunur. Azərbaycan üçün çox az deyilmi?

 

-Jurnalın tirajı əlbəttə, hamımzı narahat edir. Xüsusilə, mən öyrənəndə ki,  Qazaxıstanda analoji  “Jıldız” və Rusiyada “Zvezda” jurnalları  kifayət qədər böyük tirajlarla çap olunur, bu mənimçün əlbəttə xoş olmadı. Amma, Rusiyaya əlim çatmasa da, Qazaxıstanda olan dostlardan öyrəndim ki, orada jurnalın yüksək tirajla çap olunmağı həm də onun birbaşa dövlət qayğısı və abunəsi ilə bağlıdır. Yəni, dövlət köhnə qayda ilə ədəbi jurnallara, dərgilərə abunəlik üçün yenə də müxtəlif təşkilatlara müraciət edir və onları bu işə həvəsləndirir. Onlar da sevə-sevə abunə olurlar. Çox təəssüflər olsun ki, bizim bir neçə dəfə xahişimizə baxmayaraq, Azərbaycan Respublikasının  Gənclər və İdman Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sorğumuza cavab vermədi. Baxmayaraq ki, məktublar həm AYB sədri Anar müəllimin adından, həm də mənim adımdan hər iki nazirə təqdim olunmuşdu.  3 il dalbadal ünvanladığımız məktubları onlar götürsələr də heç bir xeyri olmadı. Yəni, bizə ayrılan büdcə artıq, illərdi ki dəyişmir. Ona görə də tirajı artırmaq imkanımız yoxdur. Çünki 20 il bundan əvvəlki büdcə ilə indiki büdcə eyni olmalı deyil. Çap xərcləri artıb, poliqrafiya xərcləri artıb. Ümumiyyətlə, ölkədə hər şeyin qiyməti artıb.  Amma “Ulduz” jurnalının büdcəsində nəzərdə tutulan  maaşlar da, çap xərcləri də artmayıb. Çap xərclərimizin nə qədər olması sirr deyil. Yəni, bizə bununçün 555 azn ayrılır. Bu da 20 il bundan qabaq necə idisə, indi də həmin puldur. Ona görə də bizim tirajı artırmağa sadəcə vəsaitimiz yoxdur.
- “Ulduz”  jurnalının çap keyfiyyəti, mətn keyfiyyəti kifayət qədər yüksəkdir. Bəs problem nədədir? Bəlkə menecerlik işinə yenidən baxmaq lazımdır?

 

-Əlbəttə, “Ulduz” jurnalının poliqirafiysı və dizaynı yüksək səviyyədədir. Bunun da bir sirri var, çünki biz ölkənin ən yaxşı nəşriyyatlarından birində -  “Təhsil” nəşriyyatında çap olunuruq. Bu nəşriyyat olduqca keyfiyyətli və bahalı bir nəşriyyatdır. Hətta bizim vəsaitimiz orada çap olunmağımız üçün kifayət etmir. Sadəcə münasibətlərimiz, bizim əziz və unudulmaz naşirimiz Bəhruz Axundovla olan dostluğumuz imkan verir ki, biz orada çap oluna bilək. İndi də oğlu Tural Axundov bu işi davam etdirir. Ona görə də biz o nəşriyyatda bu səviyyədə çap oluna bilirik. Mən o nəşriyyata bir daha təşəkkürümü bildirmək istəyirəm. Əlbəttə, jurnalın bu səviyyədə çapı bizim ürəyimizcədir. Amma daha yaxşı eləmək də olar. Daha yaxşı eləmək yolunda “Ulduz” jurnalının bu dəqiqə ən böyük problemi onun yayım problemidir. Çünki, biz yayımdan demək olar ki, pul ala bilmirik. Yayım şirkətləri1 bəhanələr tapırlar ki, “Ulduz” jurnalının pulunu ödəməsinlər. Deyirlər, jurnalın VÖEN-i yoxdur. Biz onlara AYB-nin VÖEN-ni dəfələrlə təqdim etmişik, amma onlar o pulları köçürməkdən imtina edirlər. Bu yayılan jurnalları da çox vaxt köşklərdə oxuculara təqdim eləmirlər. Şəxsən özüm dəfələrlə reydə çıxmışam, köşklərdən jurnalı soruşmuşam. Cavab veriblər ki, bu jurnaldan bizdə yoxdur. Amma mən onlardan kataloqu tələb edəndən sonra məlum olub ki, jurnal var. Sadəcə olaraq, bizim qəzet köşkləri qəzet-jurnal yox, siqarət satmaqla məşğuldurlar. Ona görə çox istərdim ki, ya Medianın İnkişafı Agentliyinin, ya Azərbaycan Yazıçılar Birliyinin özünün ayrıca bir yayım şirkəti olsun. Elə bizim dərgilər orada satılsın. Onda biz satdığımız jurnalın pulunu alar və daha çox işlər görə bilərik.

 

-Qulu müəllim, Ağdamda anadan olmuş bir yazar üçün 2020-ci il...

 

-2020-ci il çox təlatümlü il oldu. Əvvəl pandemiya, sonra Tovuz döyüşləri, sonra isə Vətən müharibəsi və 27 illik həsrətə son. Ona görə 2021-ci il əlbəttə bizim üçün qayıdış ilidir. İlk dəfədir ki, biz bu rayonların işğal gününü yox, qayıdış gününü qeyd edəcəyik. İşğal günləri artıq geridə qaldı. Çox böyük bir qələbədir, çox böyük bir tarixdir.Azərbaycan ordusu inanılmaz bir zəfərə imza atdı. Bu zəfər naminə biz “Ulduz” jurnalı olaraq 3 xüsusi nömrə çap elədik:  “Qarabağ hekayələri”, “Vətən poeziyası” və “Qarabağ esseləri”. Bu da bizim vətənə eləyə biləcəyimiz xidmət idi. Əlbəttə ki, bununla iş bitmir. Jurnalın hər sayında biz şəhidlərimizi, qazilərimizi və Qarabağ müharibəsini anacağıq. Xüsusi bir layihəmiz də var “Doqquzluq” adlı. Müharibə, ədəbiyyat və müharibə ədəbiyyatı… Bununla bağlı bizim ədəbiyyatın ən görkəmli nümayəndələri fikirlərini bölüşüblər və bu, hələ də davam edir.

 

-Ağdama dünyadan köçmüş hansı məşhur ağdamlı şəxsiyyətlə getmək arzunuz olub?

 

-Əlbəttə ki, istərdim rayona Xudu müəllimlə gedim – böyük Azərbaycan alimi Xudu Məmmədovla.  Düzdür, o özü işğalı görməmişdi, 1988-ci ildə rəhmətə getmişdi, onun yaddaşında Ağdam elə bizdə idi. Əlbəttə, Xudu müəllim və torpaqlarımız uğrunda şəhid olanlarımzın ailələri ilə getmək istərdim.

 

- Ağdamı əvvəlki abu-havası ilə görmək, yaşamaq üçün çoxmu zaman lazım olacaq, sizcə?
-Çox və ya az, amma zaman tələb olunur. Əvvəlki Ağdamı qurmaq üçün zaman mütləq lazımdır. Amma onun çox və ya az olmağını zaman özü göstərəcək. Buraya qədər dözmüşük, gəlin, bundan sonra da tələsməyək.

 

-Ağdamda nəyi görməməkdən qorxmusunuz?

 

-Nəyi görməməkdən qorxmuşam? Axı orada nə qalıb ki?!  Ağdamda artıq görüləsi heç nə qalmayıb.

 

-Yeni Ağdamda nə görmək istərdiniz bir ziyalı kimi?

 

-Mən Ağdamı Qarabağın paytaxtı görmək istəyirəm. Qarabağ iqtisadi rayonunun paytaxtı kimi. Mədəniyyət paytaxtımız Şuşadır, Qarabağın da paytaxtı istəyirəm ki, Ağdam olsun.

 

-Yaradıcılığınızda Ağdama həsr etdiyiniz çox gözəl şeirlər var. Bundan sonrakı yaradıcılığınız haqqında da bir az danışaq. Nə kimi planlarınız var?
-Qarabağa, müharibəyə həsr elədiyim şeirlər çox sevinirəm ki, təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da sevilə-sevilə oxunuldu, izlənildi, dillər əzbəri oldu. Müxtəlif sosial şəbəkələrdə ən müxtəlif izləyicilərin, tanınmış şəxslərin dilindən bu şeirlər səsləndi. Günay Yelmarqızı, Rəşad Məcid, Mənsum İbrahimov, Azad Şükürov, Ağalar Bayramov, Ramiz Quliyev, Nəzakət Teymurova,  Anar Adil, Xəzər Süleymanlı və digərləri -  onlarla adam bu Qarabağ şeirlərini səsləndirdi. O cümlədən, mən eşitdim ki, Güney Azərbaycanda bu şeiri Ağdam işğaldan azad olunandan sonra əslən qarabağlı olan Səxavət bəy gedib anasının məzarı başında oxuyub. Buna çox mütəəsir oldum, çox. Yəni, yazmağa davam. Qarabağ, vətən mövzusunda yazmağa davam. Yeni yazılar var, inşallah onları da təqdim edəcəyəm.

 

-  Mən həmişə ədəbi müzakirələrdə deyirəm ki, Qulu Ağsəsin publisistikası şeiri qədər güclüdür. Qulu Ağsəs özü bu haqda hansı fikirdədir?

 

-Mənim yaradıcılığımda hər şeyin başında poeziya dayanır. Ona görə istər esse olsun, istər publisistika olsun, istər lap müsahibə götürüm, jurnalist kimi, nə olursa olsun, poeziya həmişə ön cərgədədir. Poeziya hamısına əl gəzdirir, publisistikaya da, məqaləyə də, esseistikaya da və nəsrə də. Sevə-sevə yazıram və heç vaxt mətləbi uzatmıram. Ona görə publisistikam da, esseistikam da mənə elə gəlir ki, poeziyamla qoşadırlar.

 

-Gənclərin jurnalının baş redaktorunun ədəbi gəncliyə münasibəti, gözləntisi, tələbi...
-Gənclərə sözüm odur ki, çox pis vaxta gəlib düşdünüz. Azərbaycanda yazıçıların sayı oxucuların sayını keçməkdədir. Belə bir vaxtda yazıb-yaratmaq olduqca çətindir. 50-60 il bundan qabaq yazıçılar barmaqla sayılırdı, oxucular milyonlarla idi. İndi əksinə bir dövrdür. Belə bir vaxtda yazmaq, yaratmaq, tanınmaq bir qəhrəmanlıqdır. Həm də indiki dövrdə şeirdə pul yoxdur, ədəbiyyatda pul yoxdur, deməli yazan adamlar pul olmadan, şan-şöhrət olmadan yazıb-yaradırlarsa, bu onların könül işidir. Hər şey könüllərincə olsun.
-Başqa demək istədikləriniz...
-
Başqa demək istədiyim odur ki, ilahi kəlamlar var, kitablar var, onlar göy üzünün yer üzünə olan ismarıclarıdır, mesajlarıdır. Biz də çalışaq, yer üzündəki sözü göy üzünə qaldıraq. O sözün altına girmək üçün, onu qaldırmaq üçün hamımıza təpər arzulayıram.

 

-Təşəkkür edirəm maraqlı söhbət üçün.

 

-Mən də təşəkkür edirəm, uğurlar olsun.