“Bir səssiz gecəni bələdçi tutub, qaçasan ayağın dəyməyən yerə” Featured

 

  

“Ədəbiyyat və incəsənət” portalı istedadlı şair Zaur Ərmuğanın şeirlərini təqdim edir. 

 

Zaur Ərmuğan (Əsgərov) 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2002-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 2006-cı ildən dövri mətbuatda çap olunur. "Ədəbiyyat qəzeti", "Ədalət", "Kredo" və digər qəzetlərdə, "Mədəni-maarif", "Sözün işığı", "Xəzan" kimi jurnallarında çap olunub. Şeirləri özbək dilinə də tərcümə edilib, "Mənəviyyat çeşməsi" qəzetində və "Müasir Azərbaycan şeirləri" antologiyasında dərc olunub. 

“Muğanın səsi", "Türk dünyası şeir seçkisi", "Xəzər nəğmələri ədəbi birliyi", "Xarıbülbül", "Zirvə", "Şərqin səsi", "Rəvan" kimi müxtəlif toplu, məcmuə,  antologiya və almanaxlarda, ədəbi-bədii nümunələrlə çıxışlar edib.

2012-ci ildə "Günəş ömrü istəyirəm" adlı şeirlər kitabı ilə oxucularla görüşə gəlib.

2017-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri Fərmanı ilə təltif edilib. 2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

 

ÇIXIB GEDƏSƏN

 

Bir səssiz gecəni bələdçi tutub

Qaçasan bir ayaq dəyməyən yerə.

Bütün olanları elə unudub

Gedəsən gümanın gəlməyən yerə.

 

Gedəsən, gözündə ümid solmaya,

Gedəsən, gedəsən axıra kimi.

Gedəsən, qəmlənib könlün dolmaya,

Gedəsən, nə deyim, yol hara kimi?!...

 

Saxta sifətlərdən, süni nəfəsdən

Canını qurtaran addımın ola.

Boşboğaz ağızdan, hay-küylü səsdən

Uzaqda balaca bir damın ola.

 

Ağzı açıq qala yalançı dostlar,

Yalançı qonşular, yalançı qohum.

Daha səslənməyə yalançı tostlar,

Bir məclis qurasan, keflənə ruhun.

 

Arxanca qarğıyıb üzə gülənin

Üzü də, gözü də yada düşməyə.

Bir yerə gedəsən, gəlib gedənin

Heç tapılmaya da bir görüşməyə.

 

Hər dedi-qodudan gen dolanasan,

Düşüb daban-daban güdənin ki yox!

Onda nəfəs alar rahatlıqla can,

Səni səndən özgə görənin ki yox!

 

Düzünü min yerə əyri yozanlar,

O yaman ağızlar, o bəd çənələr,

Sənə diri-diri qəbir qazanlar

Elə yox ola ki, nə var dinələr?!

 

Gecə sübhə kimi yol yorğunutək

Ulduzlar, bir də ay işığın, nurun...

Başını götürüb lap o başadək

Qaşasan, təki bu qurğudan qorun!

 

Qovub ömürlərdən çəni, dumanı,

Zülmətdə qalana gün bağışladım.

Olmadım əllərin nəsnə umanı,

Mən səsə səs verdim, ün bağışladım.

 

Əritdim canımı yanar şam kimi,

Yanıram, üstümə su tökənim kim?!

İçildim bir dolu qızıl cam kimi,

Görmədim, gözümə mil çəkənim kim.

 

Aldanıb fəndgirə saflıq ucundan,

Hiyləgər məkriylə tora düşdüm hey.

Çoxunu qurtardım dar ağacından,

Özüm də çıxılmaz dara düşdüm hey.

 

Hənirsiz ürəkdir odsuz adamlar,

Titrədər köksümü buz soyuqluğu.

Hələ adından da adsız adamlar

Elə pay yedilər, oğru ki oğru!

 

Nə deyim, kimlərə tutum üzümü?

Mənim göz yaşımı silsin içimdən?

Bircə bu düyünün budur çözümü,

Allah! Bir bəxt doldur bu bir içimdən.

 

Gedəsən bir yolluq, çıxıb gedəsən,

Sevdiyin o qız da unuda səni.

Qəlbin nə deyirsə, onu edəsən,

Səsin sığal-sığal ovuda səni.

 

Dönüb geriyə də baxmaya gözün,

Gedəsən bulaqlar ağlayan yerə.

Qəlbə sirdaş olan sirr daşın özün,

Gedəsən çağları çağlayan yerə.

 

O yerin nə yolu, cığırı ola,

O yerin adını kimsə bilməyə.

Getdiyin o yolda uğurun ola,

Arzular sönməyə, ümid ölməyə.

 

Dünyanın bir dağı, çölü, meşəsi,

Dünyanın quşqonmaz daşı deyimmi?

Dünyanın elə bir rahat guşəsi

Ola, bir çıxasan başa deyimmi?

 

Bir səssiz gecəni bələdçi tutub

Gedəsən ayağın dəyməyən yerə.

Nə varsa, nə varsa, daha unudub

Gedəsən dönməyin gəlməyən yerə.

 

 

QONAĞAM

 

Dünya dərin bir dəryadır,

Toruna düşən balığam.

Yeri, göyü də səhradır,

Yolundan keçən çarığam.

 

Əlimdədir əl ağacım, 

Duamdan yetə əlacım.

Məzara gedir bir ucum,

Beşikdəki o uşağam.

 

Ömür ucuzmuş, gün baha,

Gördüyümü gördüm daha.

Diş altındadır iştaha,

Dişi ağrıyan damağam.

 

Hərə öz bəxtini yeyir,

Ağız dediyini deyir.

Dünyadan umum nə xeyir?!

Yola verilən qonağam.

 

 

DÜNYA

 

Dünya tərsinə fırlanır,

Cızından çıxıbdır dünya.

Sınıb çarxı, sınıb oxu,

Özündən çıxıbdır dünya.

 

Düşdük bu yollar ardına,

Tapıb gətirək yurduna.

Tapşıraq dağda qurduna,

Düzündən çıxıbdır dünya.

 

Bu göyərən, bu solanı,

Niyə saldı bu talanı?

Üzə duran ağ yalanın 

Yüzündən çıxıbdır dünya.

 

Vədələri nağıl imiş,

Bəxtimiz nə ağır imiş?!

Gör bir necə cığal imiş,

Sözündən çıxıbdır dünya.

 

 

ÜMİD PUÇ OLANDA

 

Tale yüküm dağdan ağır,

özümü daşıyıram çiynimdə.

Kədərim

təzələnən dərdim kimi

həmişə geyindiyim

köhnə libasımdır əynimdə.

Ümidimin qaralıb nəfəsi,

Başı üstə dayanıb 

tutmuşam üzünü qibləyə.

Allahımdan səs çıxmır.

Bağlanıb qapılar sabaha.

Əl-ələ tutub dayanmışıq ölməyə.

 

 

SƏNƏ SARI

 

Elə duyuram səni,

günəşi

kor öz içinin nurunda görən kimi,

işığı sevən kimi.

Xoşbəxtliyin yaşanırkən

görünməz olduğu qədər,

bilinməz olduğu qədər

bir həsrətsən.

Sevgin

yalnız ruhumun yetişəcəyi əlçatmazlıq.

Hələ də axtarıram səni

qəlbin qəlbimdə var ikən

əllərini əlimdə tapmağa.

Sənə yol gəlirəm

daha bu sənsizlikdən qopmağa.

Qarşıla məni.

 

 

ÜRƏYİMƏ

 

Gözümdən axır göz yaşı,

Nəmi yığdım ürəyimə.

Dərdin mənə yol yoldaşı,

Qəmi yığdım ürəyimə.

 

Ərşə çəkdin sən yuxumu,

Həm azımı, həm çoxumu.

Əkdin bircə dərd toxumu,

Zəmi yığdım ürəyimə.

 

Bir gileyin min havası,

Bir talanam, eşq yuvası.

Köklənmişəm, var havası,

Dəmi yığdım ürəyimə.

 

Məni məndən alan aldı,

Məni məndə oda saldı.

Kimim getdi, kimim qaldı?

Kimi yığdım ürəyimə?

 

Ərmuğan, bil, dərdim çoxdur,

Başım üstə şimşək çaxdı.

Vayıma el şərik çıxdı,

Cəmi yığdım ürəyimə.

 

 

ƏBƏDİ BAHAR

 

Bir zülmət içindən çıxıb günəşə,

Özümlə gətirdim dünyama səni.

Telinə taxdığım bircə bənövşə

Əbədi bağladı yazına məni.

 

 

DARLIQ

 

Ayaqlarım ilişib 

Yer kürəsi tələsinə.

Təpiklərimlə döyəcləyirəm 

divarlarını dünyanın.

Nə qaça bilirəm,

Nə uça bilirəm

bu darlıqdan.