Qara daşlar göyərdimi? - Xalq şairi Musa Yaqubun vəfatından bir il ötür Featured

 

Xalq şairi Musa Yaqubun dillər əzbəri olan şeirlərini gənclər də çox sevir, orta və yaşlı nəsil də. Onun 1977-ci ildə qələmə aldığı “Bu dünyanın qara daşı göyərməz” adlı şeiri isə dillər əzbəridir. 

Musa Yaqubun poeziyası sanki ritmi və ahəngdarlığı ilə xalq ruhunun tərənnümüdür.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Xalq şairi Musa Yaqubun vəfatından bir il ötür. Xalq şairi 2021-ci il mayın 7-də İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişib. Yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun Filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbin direktoru olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.

Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub “Xalq şairi” fəxri adına layiq görülüb.

Bu dünyanın qara daşları niyə göyərmir görən? Sanki hamımız bir möcüzə gözləyirik, amma möcüzələr yalnız nağıllarda vaş verir. 

 

Bu dünyanın qara daşı göyərməz 

 

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib,payız gəlib,qış qalıb,

Göy çəməndə ocaq yanıb,daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.

 

Nə bu ocaq közərəsi,sönəsi,

Nə o günlər bir də geri dönəsi...

Qəm eləmə könlümün bir dənəsi,

Bu dünyanın qara daşı göyərməz.

 

O gülyanaq bənddir xoş bir baxışa,

Körpə budaq əl açıbdır yağışa,

Min baharın hərarəti yığışa,

Bu dünyanın qara daşı göyərməz.

 

Ot göyərdib o cığırım,o izim,

Tufanlanıb çalxalanmaz dənizim,

Daha məndən sevgi umma əzizim,

Bu dünyanın qara daşı göyərməz.

 

Araz boyu çox mənalar sezmişəm,

Elə bilmə əllərimi üzmüşəm,

Ürəyimə daş bağlayıb dözmüşəm,

Bu dünyanın qara daşı göyərməz...