262 saylı məktəbdə Xalq şairi Vahid Əzizlə görüş keçirilib

 

Xalq şairi Vahid Əziz çox sevilən şairimizdir, xüsusən onun vətənpərvərlik və sevgi şeirləri dillər əzbəridir. 

 

Bakıdakı 262 nömrəli tam orta məktəbdə Vahid Əzizlə keçirilən görüş sözlərimizin əyani təsdiqi olub. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı Xalq şairinin həyat və yaradıcılığı əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə şagirdlər Xalq şairinin şeirlərini səsləndirib, musiqili nömrələrlə çıxış ediblər və şairin həyat və yaradıcılığı ilə bağlı ona müxtəlif suallar ünvanlayıblar. Xalq şairi yeni qələmə aldığı şeirlərini oxuyub.

Vahid Əziz səmimi və gözəl görüşə görə məktəb rəhbərliyinə, şagirdlərə minnətdarlığını bildirib.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər. 

Vahid Əzizin “Azərbaycandır Qarabağ” nidasını bu görüşün leytmotivi hesab etmək olar. 

 

Doğmadır torpağı, daşı,

Türk övladı vətəndaşı,

ömrü-günü, can sirdaşı;

biri alov, biri ocaq -

Azərbaycandır Qarabağ!

 

Tanıyarlar boyumuzdan -

irsimizdən, soyumuzdan,

su içər öz quyumuzdan

biri gövdə, biri budaq -

Azərbaycandır Qarabağ!

 

Dünya-dünya olan gündən

varlığımız ona Vətən,

biri-ürək, biri-bədən;

hər ikisi Ulu torpaq -

Azərbaycandır Qarabağ!

 

Baba adı "Odlar Yurdu",

keşikçisi igid Ordu,

biri-alov, biri ocaq -

bizimdir, bizim olacaq -

Azərbaycandır Qarabağ!