“Hələ də öz rəngindədir xatirələr” (Gülay Tahirli) - SW ekspertlərinin seçimi Featured

 

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsinə bu gün start verilir.

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın əsas favoritləri ilə oxucuları tanış etməkdəyik.

 

 

Gülay Tahirli

20.08.1999 tarixində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində doğulub. 2020-ci ildə Naxşıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirib. Hazırda BDU-nun Filologiya fakültəsinin II kurs magistrantıdır.

Şeirləri ilə mütəmadi olaraq dövri mətbuatda çıxışlar edir.

Gülay Tahirli obrazlı ifadələr işlətməyi xoşlayır, aforizmlər qurur, didaktikaya meyl edir. Hardasa başa düşüləndir. Poeziyada müdriklik atmosferi qurmağa çalışır gənc yazar.

 

 

***

 

Qanadlarını açaraq yox,

Gözlərini qapayaraq uçur adamlar.

Hərəkətsiz dayananda atılır

Ən böyük addımlar.

Ən uzun yollar da beləcə fəth edilir.

 

Şüşədən yox,

Sevgidəndir ürəyin eynəyi.

Nə qədər çox sevsən,

O qədər çox görərsən.

 

Kirpiklərin qovuşmağı söküb atırmış

bütün tikanlı məftilləri,

Sərhəd yox,

Hüdud yox,

Hər şey əlçatandır.

 

Bir buludun ətəyindən yapışıb

Dünyanı damla-damla gəzə bilirəm.

Sonra yolumu günəşdən salıb

Sevgilimin yanaqlarında üzə bilirəm.

 

Nə zaman darıxsam,

Əlimi ürəyimin üstünə qoyub

səndə oluram,

Yeri gələndə mən sən də oluram, Allah!

Nə bilim, bəlkə də, günahkaram,

Bağışla...

Bağışla,

Bütün sərhədlərini aşıram, Allah!

 

 

***

 

Sərv boylu qadınlar axtarma daha,

Sərv boyunda kitab oxuyan qadınlar var axı...

 

Neyləyirsən kaman qaşları,

Yoxdursa dərin baxışları?

 

Bəsdir daha düşdün ox kirpiklərin izinə,

Nəyinə gərək o kirpiklər 

Bir Şəhriyar misrasında,

Bir Füzuli beytində

islanıb-islanıb bükülmürsə?

 

Qönçə dodaqlar solar bir gün,

Elə qadın sev ki,

Solmayan şeirlər pıçıldasın dodağı

Günün hər çağı...

 

Zülfün kəməndinə düşdüyün bəsdir,

Ruhun azadlığını,

Fikrin genişliyini qucaqla.

 

Aldatdılar səni alma yanaqlarla,

Bal dodaqlarla,

Sənə gözəllik anlayışını yanlış öyrətdilər, adam.

 

Elə qadın sev ki,

Dərinliyində üzə biləsən,

Minlərlə dayaz ürəkdə yaşamaqdansa,

Bir ürəyin dərinliyində boğulub öləsən...

 

 

***

 

Nə olsun, aradan çox zaman keçib,

Nə olsun, salamımız-sağolumuz yox.

Üzümün rəngi ilə həmahəng neçə payız,

Ürəyinlə həmahəng neçə qış keçib. 

Qorxma!

Unudulmaqdan qorxma! 

 

Hələ də öz rəngindədir xatirələr!

Ağ-qaraya uduzmamışam hələ.

Sarılar, mavilər öz yerində,

Heç nə əskilməyib parıltılardan.

Qorxma, kölgələrdə azmamışam hələ. 

 

Oğrun-oğrun dəmlədiyimiz

Pürrəngi çay da soyumayıb.

Neçə-neçə payız keçib,

Neçə-neçə külək əsib,

O qollu-budaqlı ağacların

Xəzəli qol-budağındadır yenə. 

 

Hörümçəklər tor qura bilməyib

Söykəndiyimiz divarların küncündə,

O kəpənəklər bir günə ölmədi,

Çiçəklərin üstündən uçuşurlar hələ də. 

 

Mən "niyə"lərin üstünə

Çoxdan torpaq atmışam.

Ruhu şad olsun bütün "kaş ki"lərin!

Arxaya dönüb baxan da deyiləm,

Arxadakılar məndən xəbərsiz hopub canıma.

Unudulmaqdan qorxma!

Yanaqlarım islanır dayanan yerdə,

Beyin öz işindədir, ürək öz işində..

 

 

***

 

Göz yaşı axır həyatımın hər anından,

Saatların, dəqiqələrin ruhu sızıldayır

Nəfəsim hər ötüb keçdikcə canımdan...

Mənə gələndə mürəkkəbinmi qurtardı, Tanrı?

Dərddən başqa bir şey tapa bilmədinmi

Qələmini doldurmağa?

Ehhh, mən alışmışam

Hər gün bir ümidi pəncərəndə soldurmağa...

 

Sən məni boş ver, Tanrı!

Anladım ki, mən gözəl günlərə,

Xoşbəxt adamlara gedən yolam sadəcə.

Çətin olur yaradıcılığın ilk dövrü,

Fəqət zaman keçdikcə

daha gözəl şeirlər yazır şair.

Ən gözəl binalar ən son qurulanlardır.

Rəssamın bir ilk rəsminə bax,

Bir də sonradan çəkdiklərinə...

Sən də bacaraqsan, Tanrı!

Məni boş ver...

Zaman keçəcək, 

Gün gələcək,

Daha gözəl adamlar yaradacaqsan!

Ağrısız, acısız, xoşbəxt adamlar...  

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.