Ölkəmiz İstanbulda 58-ci Beynəlxalq kitabxana həftəsində təmsil olunur

 

Martın 28-dən aprelin 3-dək İstanbulda “Kitabxanalar həyatla doludur” mövzusunda 58-ci Beynəlxalq kitabxana həftəsi keçirilir. Kitabxana həftəsində ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova təmsil edir.

 

Milli Kitabxanadan AzərTAC-a bildirilib ki, bu gün beynəlxalq kitabxana həftəsinin açılış mərasimi olub. Tədbir Əhməd Həmdi Tanpınar Ədəbiyyat Muzeyi Kitabxanasında keçirilib.

Tədbir Türkiyə Cümhuriyyətinin “İstiqlal marşı” ilə açılıb, sonra İstanbul Əyalət Mədəniyyət və Turizm müdiri Coşqun Yılmaz giriş nitqi ilə çıxış edərək “Kitabxana həftəsi”nin məqsəd və məramından danışıb. O, çıxışı zamanı Türkiyə kitabxanaları, xüsusilə xalq kitabxanaları, onların fəaliyyəti haqqında, eləcə də nəşriyyatlar barədə iştirakçılara məlumat verib. Bildirib ki, hazırda Türkiyə kitab nəşri sahəsində dünyada öndə gedən on ölkədən biridir.

Paneldə Britaniya Kitabxanası, Azərbaycan Milli Kitabxanası, Kipr Beynəlxalq Universiteti İqtisadi və inzibati elmlər fakültəsi, Albaniya Milli Kitabxanası və digər kitabxanalar iştirak edib.

Çıxışçılar kitabxanaların əhəmiyyətindən, kitab irsinin qorunub saxlanılmasında rolundan, eləcə də kitabxanalar tərəfindən həyata keçirilən layihələrdən danışıblar.

Milli Kitabxanalar panelində Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova “Milli Kitabxanalar cəmiyyətin informasiya tələbatının ödənilməsinin əsas mərkəzi kimi” mövzusunda çıxış edib. O, çıxışı zamanı bildirib ki, Azərbaycan Milli Kitabxanası respublikada əhaliyə yüksək səviyyədə kitabxana-informasiya xidmətini təmin edən aparıcı kitabxanalardan biridir. Azərbaycan Milli Kitabxanasının xarakterik cəhətlərindən biri oxucuların-istifadəçilərin, böyük həcmdə mürəkkəb və çoxşaxəli sorğuların operativ ödənilməsi imkanı, yüksək inkişaf etmiş sorğu-biblioqrafiya və informasiya xidmətinin təşkili, xidmətin müasir metodlarından istifadə olunmasıdır.

Eyni zamanda, direktor müavini çıxışı zamanı Azərbaycan Milli Kitabxanasının son illər ərzində həyata keçirdiyi ənənəvi və virtual layihələrdən bəhs edib.

Ə.İsmayılovanın çıxışında pandemiya dövründə oxuculara onlayn xidmətlərin göstərilməsi, sənədlərin elektron çatdırılması, dissertasiya və dövri mətbuat materiallarından onlayn istifadənin təşkili sahəsində Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin xüsusilə böyük maraq doğurduğunu və bu təcrübənin öyrənilərək yayılmasını tövsiyə edib.

Sonda Ədibə İsmayılova “Kitabxanalar həyatla doludur” adlı 58-ci Beynəlxalq kitabxana həftəsində iştirakına görə xüsusi sertifikatla təltif olunub.