“Bu bumbuz, qaranlıq dünyada tək-tənha ölürəm!” - polyak şairəsi Halina Posviatovskanın şeirləri Ümid Nəccarinin tərcüməsində Featured

 

 “Ədəbiyyat və incəsənət” portalı oxucularına Polşa şairəsi olan Halina Posviatovskanın şeirlərini təqdim edir.  Halina Posviatovska (1935 -1967) çox qısa ömür yaşasa da gözəl lirik şeirlər ortaya qoyub. Şeirlərinin əsas motivi sevgi və ölümdür. Onun ayrıca aforizmləri də şox sevilir. Dünyaya ürək xəstəliyi ilə göz açan, erkən nikaha girən və cəmi 21 yaşında dul qalan, 23 yaşında ağır ürək əməliyyatı keçirən və bütün ömrü boyu ölümünü gözləyən şairə sağlığında 4 kitabının sevincini yaşayıb. Öləndən sonra çoxlu çap edilməmiş şeirləri, eləcə də “Dostum üçün hekayət” adlı avtobioqrafik povesti şap olunub.

 

 

Səndən yazmaq istəyirəm

 

Səndən yazmaq istəyirəm

Adından bir sığınacaq yapam

Qırılmış budaqlar üçün

Donmuş gilas ağacı üçün.

Dodaqlarından

Ki ayparanı xatırladır.

Kirpiklərindən

Ki aldadaraq qaranı xatırladır.

İstəyirəm barmaqlarımı

Saçlarında rəqs etdirəm

Boğazındaki sümüyə toxunam.

Toxunam səssizcə səsli yerinə,

O yerə ki ürək dodaqlarının sözünə baxmır!

İstəyirəm sənin adını birləşdirəm

ulduzlarla

qanla

ki yanında yox

içində olam...

gecənin dənizində qeyb olmuş

yağışdan bir damcı kimi

yox olmaq istəyirəm...

 

 

Məni adımla səslə

 

Məni adımla səslə

Ki sənə sarı gəlim,

Ey canımda olanım!

 

Məni adımla səslə

Soruşma ki,

adım bir quşmu

göy üzündə?

Ya da bir kol

Ki kök salıbdır torpağa caynağıyla

Və boyayır qan rənginə 

Göy üzünü.

 

Sorma

Ki nədir adım

Özüm də bilmirəm...

 

Axtarıram,

Adımı axtarıram.

Bilirəm əgər eşitsəm adımı

Dünyanın harasında olsam

Cəhənnəmin dibində belə

Tapıb gələcəm...

 

Diz çökürəm qarşında

Və yorğun başımı

Sənin əllərinə tapışırıram.

 

 

Mən öləndə…

 

Sevgili!

Günəşi tərk edəcəm

mən öləndə

Hündür kədərli canlıya dönəcəm

Qucağına alıb basacaqsanmı bağrına?

Saracaqsanmı qollarını kəmərimə?

Dəyişəcəksənmi qəddar taleyin sonunu?

Səni düşünürəm gahdan

Sənə yazıram gahdan

Sevgiylə, gülümsəməylə dolu boş məktubları

Gizlədirəm odların içində.

Odlar daha da alovlanır,

Sevgili!

Alovlara gözümü dikdikcə

Fağırlaşıram.

Sevgidən susuz olan ürəyimin sonunun 

necə olacağından gərək qorxummu?

Amma sənin mərhəmətin yox ki

bu bumbuz,

qaranlıq dünyada

Tək tənha ölürəm!