AYB sədri Anar Seyran Səxavəti təltif etdi

Rate this item
(0 votes)



Yazıçı Seyran Səxavət Azərbaycan Yazıçılar Birliyinin “Nizami Gəncəvi” mükafatına layiq görülüb.
Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rzanın verdiyi məlumata görə, mükafatı yazıçıya iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib. AYB sədri yazıçını bu münasibətlə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Seyran Səxavət belə bir dəyərli mükafata layiq görüldüyü üçün AYB rəhbərliyinə təşəkkürünü bildirib.  
Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil alıb. “Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991).
Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunmuşdur. "Qızıl teşt" pyesi Azərbaycan Akademik Dram teatrında (1988), "Büst" pyesi Lənkəran (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzuli (1990) Dövlət Dram teatrlarında tamaşaya qoyulmuşdur.
2002-ci ildə yazıçının "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Y. Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülmüşdür.