Nobel mükafatı laureatı Kadzuo İsiquro Buker mükafatını almağa əsas namizəddir Featured

Rate this item
(2 votes)

Xəbər verdiyimiz kimi Londonda ingilis dilində ədəbiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri olan Buker mükafatının (Booker Prize) 13 yazıçıdan ibarət uzun siyahısı elan edilib. Yapon mənşəli Britaniya yazıçısı Kazuo Isiquronun adının "Klara və Günəş" (Klara and The Sun) antiutopiya janrında fantastik romanı ilə uzun siyahıya daxil edilməsi onu ən şanslı namizəd kimi nəzərdən keçirməyə imkan verir.

 

Bəs digər 12 nəfər kimlərdir? Birləşmiş Krallığı siyahıda üç yazıçı təmsil eləyir. Bu, artıq adını çəkdiyimiz İsiquro, eləcə də Sunjiv Sahota və Francis Spafforddur. İngilis pasportuna uzun siyahıdan daha iki müəllif malikdir - kanadalı Reyçel Kask və Somalidən olan yazıçı Nadif Mohamed. ABŞ-dan mübarizəni dörd müəllif davam etdirir: Riçard Pauers, Maggi Şipsted, Natan Harris və Patrisiya Lokvud. Son iki müəllif bu siyahıya debüt işləri ilə daxil olub. Eyni zamanda iki yazıçı - Deymon Gelgut və Karen Jennings Cənubi Afrikanı, Anuk Arudpragazam  Şri - Lankanı, Meri Louson Kanadanı təmsil edirlər.

 

Kadzuo İsiquro

 

Həqiqətən də Nobel mükafatçısı, şöhrətli İsiquro ən şanslı namizəd hesab edilir. İsiquro 1954 -cü ildə 2-ci dünya müharibəsi zamanı amerikalıların atom bombası atdıqları Naqasaki şəhərində dünyaya gəlib, 1960-cı ildə ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb.

 

O, hələ 1989-cu ildə "Günün qalan hissəsi" romanı (The Remains of the Day) üçün Buker mükafatına layiq görülüb, qısa siyahıya indiyə kimi cəmi üç dəfə düşüb. Nobel mükafatı isə ona 2017-ci ildə verilib.

 

Bu dəfə yazıçı "Klara və Günəş" adlı antiutopiya janrında yazdığı fantastik romanı ilə uzun siyahıya daxil olub. Kitab 2021-ci ildə nəşr olunub, bir neçə xarici ölkədə nəşr olunmağa macal tapıb.

 

Münsiflər heyəti sədrinin rəyi

 

Münsiflər heyətinin rəhbəri, amerikalı tarixçi və yazıçı, Harvard Universitetinin müəllimi Maya Sasanoff seçilmiş bütün əsərlərin özünəməxsus dilinə diqqət çəkib.

 

"Bu kitabları birləşdirən bir şey, oxucunu qeyri-adi bir hekayəyə daxil etmək və bunu bacarıqlı, fərqli səslənmənin köməyi ilə etmək imkanıdır. Pandemiya zamanı xüsusilə qeyd etmək vacibdir ki, bütün bu kitablarda cəmiyyətlərin təbiəti haqqında vacib məlumatlar var - kiçik və tənha olanlardan kiberməkanın ölçüyəgəlməz genişliklərinə qədər", - deyə o, həmkarlarının mövqeyini şərh edib.

 

Mükafat haqqında

 

Uzun siyahıya daxil edilmiş kitablar 2020-ci ilin 1 oktyabrınadək Böyük Britaniyada və ya İrlandiyada nəşr olunmuş 158 əsərdən seçilib.

 

13 yazıçıdan 6-nın daxil olacağı qısa siyahı sentyabrın 14 - də, mükafat mükafat qazanan şəxsin adı isə noyabrın əvvəlində elan ediləcək. Həmin yazar 50 min funt sterlinq (69 min dollar) qazanacaq.

 

Buker mükafatı 1968-ci ildə təsis edilib. İlk dəfə onun təqdimatı 1969-cu ildə baş tutub. 2013-cü ilə qədər bu mükafat Böyük Britaniya, İrlandiya və ya Zimbabvedə yaşayan müəlliflərə verilirdi, həmin ildən isə başqa ölkələrdən olan yazışılar da ingilis dilində yazılmış və Birləşmiş Krallıqda çap olunmuş əsərləri ilə mükafata iddia irəli sürmək hüququ qazandılar.

 

Keçən il mükafatın sahibi “Shuggie Bain” debüt romanı ilə şotland yazıçısı Douglas Stüart olub.