Atatürk mərkəzində naşirlər və kitabçılar bir araya gəliblər

 

Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə yerli naşirlər və kitab mağazaları nümayəndələrinin görüşü keçirilib.

Görüşdə 15 nəşriyyat və 9 kitab mağazasının nümayəndəsi iştirak edib.

ANAİB-in sədri, “Hədəf Nəşrləri” və “XAN” nəşriyyatının təsisçisi Şəmil Sadiq kitab sahəsinin, kitab nəşri, satışı və təbliğinin vəziyyəti barədə məlumat verib.

“Altun Kitab” nəşriyyatının rəhbəri Rafiq İsmayılov çıxışında öz təcrübəsindən, 1990-cı illərdən bu günə kimi Azərbaycanda kitab bazarının keçdiyi yoldan danışıb. Keçmiş SSRİ dövründə, eləcə də müstəqillik illərində kitabın yayılmasında təşkilatçılıq, yaranan problemlər, keçmişdə və bugünkü iş mexanizmlərinin müqayisəli şəkildə üstünlükləri, çətinlikləri barədə məlumat verib.

“Parlaq İmzalar” nəşriyyatının rəhbəri və ANAİB-in katibi Nurman Tariq həm naşir, həm də ANAİB təmsilçisi kimi nəşriyyatların kitablarını oxucuya çatdırmasındakı problemlərdən söz açıb.

Bakı Kitab Mərkəzinin baş satış meneceri Cəmilə Abdullayeva tərcümə kitablarının hazırlanmasında peşəkarlığın artırılmasının zəruriliyini vurğulayıb.

Tədbir müzakirələrlə davam edib.