İsveç təkcə Nobel mükafatı vermir ki

 

Danimarkalı yazıçı Naya Mari Eyt İsveç Elmlər Akademiyasının Şimal Mükafatına layiq görülüb.

AzərTAC xəbər verir ki, yazıçının layiq görüldüyü Şimal mükafatı İsveçin bədii ədəbiyyat sahəsində ən böyük mükafatı sayılır. Bu həm də İsveç Elmlər Akademiyasının Nobel mükafatından sonra ən vacib mükafatı olması ilə məşhurdur.

"Mənim üçün fərqli bir dildə müəllifliyimin bu cür mühüm və xüsusi mükafatla tanınması çox vacibdir”, - deyə Naya Mari Eyt bildirib.

Mükafatın məbləği 400 min İsveç kronu (təqribən 42 min 575 ABŞ dolları) təşkil edir və o, yazıçıya yaxın aylarda təqdim olunacaq.

Qeyd edək ki, Naya Mari Eyt 1991-ci ildə yazıçı qismində debüt edib və çoxlu sayda şeir və hekayə kitablarının müəllifidir. 2017-ci ildə yazıçının oğlunun faciəvi ölümü ilə bağlı yazdığı “Ölüm səndən bir şey götürəndə, geri ver” kitabı böyük marağa səbəb olmuşdu və mükafata layiq görülmüşdü.