“Yalanlar göz qamaşdırdı” - Əlizadə Nurinin yeni şeiri

 

Bu ömür bir qazan qardı...

 

Yoxdu bu qəmin yiyəsi,

Götür qoy gözün üstünə.

Sinəmdəki yaraları

Kim sərib duzun üstünə?

 

Bu dəryanı kim daşdırdı?

Nə qum qaldı, nə daş durdu.

Yalanlar göz qamaşdırdı-

Getmədik düzün üstünə.

 

Səs deyil hər haray- həşir,

Canımız bir sevda nəşi.

Tuta bilmədik günəşi,

Yıxıdı tozun üstünə.

 

Yerdi əsən, yeldi əsən?

Axsaq imiş o tələsən.

Qələm yorulub deyəsən,

Əyilib sözün üstünə.

 

Qəfəs deyil, amma dardı,

Yer üzü damar- damardı...

Bu ömür bir qazan qardı-

Qoymuşuq közün üstünə...