Bu gün böyük Firidun bəy Köçərlinin anım günüdür

 

Böyük azərbaycanlı Məmməd Əmin Rəsulzadə Firidun bəy Köçərli haqqında belə deyib: “Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiylə yeganə məşğul bulunan qiymətdar bir mühərrir, müəllim və alim idi”.

 

Görkəmli Azərbaycan maarifçisi, ədəbiyyatşünası, Azrbaycan ədəbiyyatı tarixi elminin banisi Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub, 1878-ci ildə Aleksey Çenyayevski (“Dəli Kür” filmini xatırlayın) Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gələndə Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparıb. 1879–1885-ci illər ərzində o, seminariyada təhsil alıb. Təhsil aldığı müddətdə müəllimləri Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayıb.

1885-ci ildə seminariyanı bitirdikdən sonra Firidun bəy İrəvan gimnaziyasına təyinat alıb. 1885–1890-cı illərdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris edib, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşıyıb. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılıb. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilib. 1895-ci ildə Firidun bəy İrəvan şəhərini tərk edib, Qori Seminariyasında "tatar şöbəsi"-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilib. 

Firidun bəy 1899-cu ildə III dərəcəli "Müqəddəs Anna ordeni ilə, 1902-ci ildə isə II dərəcəli "Müqəddəs Stanislav” ordeni ilə təltif edilib.

1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirib. 1897-ci ildə Qazaxın məşhur Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurub. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı, sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunan Firidun bəy 1916–1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərib, təkliflər irəli sürüb. O, çarizmin azərbaycanlılara qarşı həyata keçirdiyi müstəmləkəçilik siyasətinə qarşı siyasi proseslərə qoşularaq, "Müsavat” partiyasına üzv olub.

1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərci ilə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy Köçərli seminariyanın ilk direktoru təyin olmuşdur. 17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlamışdır. 

Sonradan Firidun bəy Qazaxda ilk uşaq evini də açıb. 1918-ci il 28 may tarixində müstəqilli qazanılanda o, Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının üzvü seçilib, İstiqlal bəyannaməsini imzalayıb, 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Firidun bəy Qazax Müəllimlər Seminariyasına rəhbərlik edib. 

Yaradıcılığına gəlincə, Firidun bəy 1884-cü ildə "Təlimi-Sokrat" əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib edib. 1886-cı ildə o, ilk teatr tamaşasını qoyub. 1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. 1891-ci ildə "Təlimi-Sokrat" adlı kitabı Bağçasarayda, "Tərcüman" mətbəəsində, 1892-ci ildə isə Puşkindən tərcümə etdiyi "Torçu və balıq" mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxıb. Lermontovun "Üç xurma ağacı" və Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilib. "Tatar komediyaları" adlı ilk elmi məqaləsi "Novoye obozreniye" qəzetində dərc olunub. 1898-ci ildə "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" qəzetində dərc olunub. 

1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilib. 1903-cü ildə Tiflisdə "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilib. Elə həmin ildə o, M.F.Axundovun "Aldanmış kəvakib” povestini rus dilinə çevirib. 1906-cı ildə "Molla Nəsrəddin” jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, "Tiflisskiy listok" qəzetində dərc etdirib. "İrşad" qəzetində "Bir darülmüəllimin kifayətdir" adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırıb. Mirzə Cəlilin "Usta Zeynal" kitabçası haqqında eyni adlı məqaləni "Znaniye" qəzetində çap etdirib. 1911-ci ildə Mirzə Fətəlinin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edib. "Mirzə Fətəli Axundov" adlı kitabı çap olunub. 1912-ci ildə uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı Bakıda "Kaspi" mətbəəsində çap olunub. 

1913-cü ildə Firidun bəy yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" adlı üç cildlik əsərini tamamlayıb. Bu əsər mədəniyyətimizin qızıl irsinə daxil edilib. 

1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində xidmətləri olub. Onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını zənginləşdirmişdir. Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967,1972 və 2013-cü illərdə çap edilib.

O ki qaldı bu böyük şəxsiyyətin dünyadan köçməsinə, bolşevik işğalından sonra o da qırmızı terora məruz qalmış görkəmli şəxsiyyətlərimizdən biri kimi həyatını itirmiş oldu. 1920-ci ilin mayında communist hakimiyyət Köçərlini və digər "Müsavat” funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olundu, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarıldı. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov  tərəfindən təsdiq edildi, hökm yerinə yetirildi. 

Güllələnmə haqqında çıxarılmış qərar:

Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.

Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.

Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman

Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov