Azərbaycan Yazıçılar Birliyində şair-publisist Zərəngiz Dəmirçi Qayalının 60 illik yubileyi qeyd olunub

Yanvarın 24-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair-publisist Zərəngiz Dəmirçi Qayalının 60 illik yubileyi qeyd olunub.

AzərTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid çıxış edərək müəyyən səbəblərə görə tədbirdə iştirak edə bilməyən bir sıra şair və yazıçıların salamlarını çatdırıb.

Sonra o, təmsil etdiyi qurumun təbrik məktubunu oxuyub.

Bildirib ki, Zərəngiz Dəmirçi Qayalı 8 kitab, 50-dən çox poema, yüzlərlə şeir və ballada, publisist yazılar, esselər, ədəbi araşdırma, oçerk və məqalələrin müəllifidir: “Ötən il o, “Zəfər sədası” və “ İki qardaş gücü” kitablarını oxuculara təqdim edib. Həmin kitabları bir növ şairənin keçdiyi ömür yolunun yaradıcılıq hesabatı kimi də dəyərləndirmək olar”.

Yazıçı-publisist Zemfira Məhərrəmli deyib: “Azərbaycan çağdaş poeziyasında Zərəngiz Dəmirçi Qayalı adlı bir imza var. Onunla söhbətim bu günə deyil, əvvəlki illərə təsadüf edir. Mən onu AZƏRTAC-da fəaliyyətə başladığı illərdən tanıyıram. Onun yaradıcılığı ilə tanış olandan sonra istedadlı bir şair olduğunu kəşf etdim”.

Qeyd edib ki, hər bir qələm əhli onun yazılarına dəyər verməsini istəyir. O jurnalist etikası ilə hər birimizin kitab təqdimatlarını böyük həvəslə, özünəməxsus üslubu ilə işıqlandırıb.

Vurğulanıb ki, Zərəngiz Dəmirçi Qayalı 60 illik ömrünün 45 ilini söz sənətinə həsr edib və söz də onu mərtəbə-mərtəbə yüksəkliklərə qaldırıb.

Sonra Z.Məhərrəmli Zərəngiz Dəmirçi Qayalının “Qazaxdan gəlmişəm qələbəyə mən” şeirini oxuyub.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, ədəbi mühitdə Zərəngiz Dəmirçi Qayalını tanımayan insan yoxdur. O, öz istedadı və qələmi ilə bu hörməti qazanıb, istər poeziyada, istərsə də nəsrdə öz sözünü deyib. Xəyal Rza yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov deyib: “Qədimdən adəti üzrə yubileylər 12 ildən bir keçirilərdi. 12 yaş uşaqlıq, 24 gənclik, 36 yaş insanın oturuşmuş dövrüdür. 48 yaşında insan dünyəvi hadisələri fikirləşir, 60 yaşda isə müdriklik dövrünə qədəm qoyur. Bu gün Zərəngiz Dəmirçi Qayalının 5-ci dəfə yubileyi tamam olur. İndi Zərəngiz Dəmirçi Qayalının yazılarında püxtələşmiş bir insanın düşüncələrini görürük. Zərəngiz Dəmirçi Qayalı AZƏRTAC-ın müxbiri kimi hər zaman Milli Kulinariya Mərkəzinin tədbirlərini işıqlandırıb. Buna görə ona təşəkkürümü bildirirəm”.

Sonra Tahir Əmiraslanov Azərbaycan Milli Kulinariya Mərkəzinin fəxri diplomunu yubilyara təqdim edib.

“Qazax xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü şair Rafael İncəyurd bildirib ki, Zərəngiz xanım olduqca istiqanlı, ailə insanı, həm də həyatda özünü tapan bir xanımdır. O, İctimai Birliyin təbrik məktubunu oxuyub və fəxri diplomunu yubilyara təqdim edib.

Bakı Dövlət Universitetinin dosenti Anar Fuad, şair Səxavət Ənvəroğlu, hərbi jurnalist Zəminə Xınalı, "Mirvarid Dilbazi poeziya məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı və başqaları çıxış edərək yubilyarın yaradıcılığından söz açıb, onun göstərdiyi xidmətləri vurğulayıblar.