POEZİYAMIZIN QIZIL FONDUNDAN - Adil Mirseyid, “Unuduldu ağrı-acı…” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə. 

Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi. 

Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər. 

 

uçan quşun kölgəsini

tutub basdım bağrıma

unuduldu bir anlıq unuduldu ağrı-acı

axıb gedən buludları akvarelə bənzəyən

bir qərib gündə pəncərəmin şüşəsini

döyür ağ tut ağacı

qədərində nə varsa onu yaşayacaqsan

demişdi mənə şaman kimi bir rəssam

aradan uzun illər ötüb keçib

o rəssamı xatırladım bu axşam

bu şəhərdə şaman kimi bir rəssam vardı

bir gecə ay onu çəkib apardı

təbəssümü qaldı aynada

yaşıl rəngim quruyub palitrada

pəncərədən baxıram payız gəlib dağlara

götür fırçanı bulud şəkli çək

o buludu uzaqlara aparın külək

siz məni boş verin dostlar bu anda 

bir qızılgül ləçəyinə  bükmüşəm ürəyimi

qədərimlə baş-başa buraxıb gedin məni

içimdə vivaldinin musiqisi səslənir

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)