RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Mühafizəçi başını aşağı salıb dedi:

-Onda qulaq asın. Mən yaxşı rəngsazam. Növbəni təhvil verəndən sonra bir qədər yatıb tanış ustalara köməyə gedirəm. İşin həcmi rol oynamır, işin gününə on səkkiz manat verirlər. Yarım gün hesabı ilə işlədiyim üçün hər on gündən bir beş günün pulunu alıram, yəni doxsan manat. Maaşım az olduğu üçün bunu edirəm. Üç uşağım var, biri də ağır xəstədir, çalışıb bir qırağa çıxarmalıyam onları. Deyə bilərsiz ki, bəs niyə daimi öz peşəmlə məşğul olmuram? Əvvəllər briqadada işləyirdim. Pis də qazanmırdım. Sonra ağciyərlərimdə problemlər yarandı. Həkimlər qadağan etdi. İndi də ancaq emulsiya işlərini görürəm. Yəqin bilirsiz, bu rənglər su tərkiblidi, iyi yoxdur. Bu işləri də köhnə briqadam vəziyyətimi, həm də əl qabiliyyətimi bildikləri üçün mənə təşkil edirlər. Yoxsa, heç bir sifarişçiyə təkcə emulsiya vuran usta lazım deyil.

Yəqin ki, bunları mənə danışmağa mühafizəçinin bir səbəbi var idi. Vaxtım az olsa da, onu tələsdirmir, səbrlə dinləyirdim. Çox güman ki, əsas mətləbin üstünə gəlmək üçün əvvəlcə bunları deməyi lazım bilmişdi. Bir qədər ara verən həmsöhbətim davam etdi:

- Həmin gün də başqa heç nə baş vermədi. İşimi bitirib evimə getdim. Sonra ayın on beşində növbəyə gəldim. Həmişəki kimi bir qədər tez gəlmişdim. Gözətçi köşkunə keçib iş yoldaşımla salamlaşdım. Bundan bir qədər sonra Fərman müəllim düşüb işə getməkçün yanımızdan keçdi. Əvvəllər heç onu belə görməmişdim. Tələsirdi. Əli ilə onu gözləyən sürücüyə işarə verib tələsik maşına oturdu. Nə baş verdiyini bilmirəm, ancaq sürücü maşını çox sürətlə yerindən tərpətdi. Növbəni təhvil alandan yarım saat sonra Sənubər xanım həyətdə göründü. Uzaqdan belə çox həyəcanlı olduğu hiss olunurdu. Yaxınlaşıb asta səslə mənimlə çox vacib söhbətinin olduğunu dedi. Nə olduğunu soruşduqda, on biri tarixində, evdən çıxıb getdiyi saatların görüntülərini silməyimi və bunu gizli saxlamağımı xahiş etdi. Bunun mümkünsüz olduğunu dedim. Görüntülərə müdaxilə etməyi heç ağlımın ucundan da keçirmirdim. Onda masanın üstünə iki yüzlük qoydu. Heç olmasa nəsə soruşarlarsa susmağımı, heç kimə heç nə deməməyimi xahiş etdi. Az qalırdı, ağlasın. Bir qədər fikirləşib razılaşdım.

Bunları deyən mühafizəçi əlləri ilə üzünü ovuşdurdu. Sonra baxışlarını yerə dikib nə deyəcəyimi gözlədi. Mənə lazım olanları öyrənmişdim. Mühafizəçinin danışdıqları çox vacib məlumatlar idi və demək olar ki, çox şeyə aydınlıq gətirmiş oldu. Daha vaxt itirmək olmazdı. Təcili zəncirin qırılan halqasını yerinə qoyub axtarışların sonrakı istiqamətini müəyyən etməliydim. Mühafizəçi ilə sağollaşdım. O çönüb bir neçə addım atdıqdan sonra qəfildən dayandı. İki addım mənə tərəf qayıtdı. Sonra üzümə baxmadan dedi:

- Uşağın halı pisləşirdi, bir həftə idi dərmanları qurtarmışdı. Ala bilmirdim. Hamısı yüz yetmiş manat edirdi. Mənimsə evdə cəmi otuz manatım vardı.

Bunu deyib cavab gözləmədən çevrilib sürətlə uzaqlaşdı. Səsindən qəhərləndiyi aşkar hiss olunurdu.

Cavab gözləsə belə, ona deyəcək bir sözüm yox idi. Övladlarının ruzisi üçün gecə də, gündüz də işləyən bu atanı qınamağı ağlımın ucundan da keçirmirdim. Həyat hərəyə bir cür sınaq verir. Hərə də o sınaqdan elə öz bildiyi kimi keçir. Özümüz mühakimə olunacağımız halda kimisə mühakimə etmək bizim haqqımız deyil. Yalnız bir hakim var, o da Uca Allahdır.

Bir azdan o, binanın tinindən burulub gözdən itdi. Mənimsə burada edəcəyim daha bir iş ortaya çıxmışdı. Binanın mühafizə otağındakı görüntüləri mütləq izləməli idim. Mühafizəçinin doğru danışdığı aydın idi. Görüntülərdə hər iki tarixdə Sənubərin yanına gəlmiş adamlar mənə maraqlı idilər. Növbəni təhvil almış mühafizəçi məni tanımırdı. Telefonu çıxarıb yenə Fərman müəllimi yığdım. Cavab verən kimi salamlaşıb dedim:

- Fərman müəllim, binanızın mühafizə otağındakı kamera qeydlərinə baxmaq lazımdır.  Mən aşağıdayam, zəhmət olmasa, tapşırın ki, onlara baxa bilim.

- İndi komendanta deyərəm.

Fərman bu dəfə özünün aşağı düşməsinə təkid etmədi. Görünür yox deyəcəyimi təxmin etmişdi. Bir qədər keçmiş binanın komendantı yaxınlaşdı və birlikdə mühafizəçi köşkünə keçdik.

* * *

 Nataraz telefonunu çıxarıb gələn mesajı oxudu: Mən yerimdəyəm, hərif səhər bir qədər həyətdə görünüb sonra içəri keçdi. Deyəsən yatıb. Hələ ki, sakitlikdi.

Bu, vəziyyəti nəzarətdə saxlamaq üçün göndərdiyi adamın mesajı idi. Ona məsələnin əsl mahiyyətini izah etməmişdi. Sadəcə vaxtı bitmiş iyirmi beş min manatlıq qumar borcu olan birinin qaçıb gizlənməməsi üçün onu oraya qoyduğunu demişdi. Əlbəttə hər şey qaydasında gedərsə, alacağı iki yüz min manatı kiminləsə bölüşmək fikri yox idi. Amma birlikdə «torba tikib» udduqları iyirmi beş mini həmin puldan ayırıb qumar yoldaşları ilə üç yerə böləcəkdi. Onlarla münasibəti korlamaq olmazdı. Bu iki nəfər hələ ona lazım olacaqdı. Pusquda dayanan adam həmin iki nəfərdən biri idi.

Telefonu cibinə qoyub həyətdəki tut ağacının altında torpağa sancılmış beli götürdü. Evin dalına keçib əvvəlcə oğrun-oğrun ətrafa baxdı. Sonra dünəndən nişanladığı yeri qazımağa başladı.

* * *

Deyəsən Layiqə yenə də Nadirlə görüşməli olacaqdı. Görüntülərə baxmaq xeyli vaxt aparsa da, buna dəyərdi. Mühafizəçinin etirafı çox şeyə aydınlıq gətirmişdi. Bu söhbətin davamı kimi atacağım addımlardan birini atmış, indi növbəti addımı atacaqdım. Yenə də Fərman müəllimə zəng etdim. O, dərhal cavab verdi.

- Eşidirəm, Bəxtiyar müəllim.

Ona qısa bir təlimat verdim:

- Fərman müəllim, mən liftlə qalxıb mənzilinizdən bir mərtəbə aşağıda sizi gözləyəcəm. Sənubər xanım görmədən, evinizdən bir yuyulmuş təmiz su bardağı, dəhlizdəki dəmir ayaqqabıgeyinəni, bir də ki, Ağamirzənin işlətdiyi qələmlərdən birini götürüb oraya düşün.

Şərtlərimi xatırlayan Fərmanın - başa düşdüm, - deməkdən başqa çarəsi qalmadı.

Bloka girib liftin düyməsini basdım. Fərmanın mənzili on altı mərtəbəli binanın doqquzuncu mərtəbəsində idi. Mən səkkizinci mərtəbəyə qalxacaqdım. Səssiz qalxan lift lazım olan mərtəbəyə çatıb qapıları açılanda Fərmanı orada dayanmış gördüm. Dediyim şeylər bir torbanın içində, əlində idi. Liftdən çıxanda bir xeyli döyüküb mənə baxdıqdan sonra tanıyan Gəraybəyli görüşüb torbanı mənə uzatdı. Həm qrimimə, həm də ondan istədiyim şeylərə təəccübünü gizlədə bilməsə də, bunun nəyimə lazım olması barədə sual vermədi. Amma dözməyib ümumi vəziyyəti soruşdu. Halı da heç yaxşı görünmürdü. Hər şeyin yaxşı olacağını ona deyib liftin düyməsini basdım. Fərman ayaqlarını sürüyə - sürüyə yuxarı mərtəbəyə qalxmağa başladı. Mənsə liftlə aşağı endim. İndi tələsməli, bu şeyləri Layiqəyə çatdırmalı idim.

Ofisə çatmağım tıxaclarda xeyli vaxt aparmışdı. Çatmağımla cib telefonuma zəng gəldi. Fərman müəllimin nömrəsi idi. Cavab verəndə qadın səsi soruşdu:

- Bağışlayın, Bəxtiyar müəllimdi?

Bu, Sənubərin səsi idi.

- Mənəm, Sənubər xanım. Nəsə olub?

- Olub, Bəxtiyar müəllim, olub. Fərmanın halı pisdi. Təcili yardım həkimləri infarkt diaqnozu qoydular, xəstəxanaya aparırıq. Vəziyyəti ağırdı.

Fərmanın halının pis olduğu aşkar hiss olunurdu. Amma vəziyyətin bu dərəcədə ciddi olduğunu təxmin etməmişdim. Bu heç yaxşı olmadı. Uşağı qaçıranların tək görüşmək istədikləri adam Fərman idi. Onlar tələbi belə qoymuşdular - heç kimə heç nə demə, iki gündən sonra pulları gətir. Yaranmış vəziyyətə uyğun addım fikirləşməli idim. Telefonda gözləyən Sənubərə dedim:

- İndi mənə diqqətlə qulaq asın. Siz xəstəxanada çox qalmayın. Əlaqə üçün həkimin nömrəsini götürüb evə qayıdın. Fərman müəllimə bu gün axşama qədər vaxt qoyublar, bilirsiz. Ona görə də, hər an evə zəng gələ bilər. Evdə olun ki, gələn zəngə cavab verə biləsiniz.  Zəng edən adam yoldaşınızın xəstəxanada olduğuna inanmaya da bilər. Çalışın onu inandırasınız. Mənə cəmi bir gün lazımdır, tək bircə gün. Ancaq iki gün möhlət ala bilsəz, çox yaxşı olar. Fərman müəllim xəstəxanaya düşdüyü üçün bu möhləti onlardan almaq sizin öhdənizə düşür. Nə olursa olsun, buna nail olmalısınız. Vəziyyət barədə də daim məlumatlı olmalıyam. Nə olarsa, dərhal zəng vurub mənə deyin ki, bilim.

Sənubər bir qədər fikirləşib dedi:

- Çalışaram vəziyyəti onlara izah edim.

Xətti kəsib Layiqəyə baxdım. O, ayaq üstə dayanıb telefon danışığımın bitməsini gözləyirdi. Əlimdəki torbanı ona uzadıb dedim:

- Layiqə, vaxt itirmədən bunu Nadirə çatdır. Nə etmək lazım olduğunu o bilir. Sonra bura qayıt, işimiz çoxdur.

- Yaxşı, Bəxtiyar müəllim.

Layiqə aldığı torbanı masanın üstünə qoyub geyinməyə başladı. Hazır olan kimi götürüb ofisdən çıxdı.

Yolda Nadirə zəng vurub lazım olanı demişdim. Həmişə dadıma çatan dostum bu dəfə də hər şeyi yüksək səviyyədə həll edəcəyinə söz vermişdi. Keçib kresloma oturdum. İndi gecəki təhlilləri bir daha aparmaq, ortaya çıxmış yeni faktlarla uzlaşdırmaq, sonra Nadirdən gələn zəngi gözləmək olardı. Ona tapşırdığım iş ən azı yeddi - səkkiz saat vaxt tələb edirdi. Amma çarə yox idi. Ümid edək ki, Sənubər mənə lazım olan heç olmasa bir gün möhləti ala biləcək. Buna isə ümidim böyük idi. Niyə? Bunu sizə sonra deyəcəyəm.

 

 “Ədəbiyyat və incəsənət”

(25.07.2024)