“Gülbəy” – QISA HEKAYƏ Featured

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Gülbəy” adlı qısa hekayəsini təqdim edir.

 

 

 

   Yenicə işə başladığım təzə idarədə bir-birindən fərqli xasiyyətli, mənə qəribə bir təsir bağışlayan adamlara rast gəlirəm. Burada onun-bunun dalınca danışmaq, qeybət eləmək, yalandan gülmək, yalandan qəmlənmək adi haldır. Mən bu cür adamlara heç cürə uyğunlaşa bilmirəm. Hər an yalqızlığımı, tənhalığımı hiss edirəm.

   Təzə həmkarlarımdan birinin adı Gülbəydi. Adı nadir adlardan olduğu kimi özü də “təkrarsız” adamdı. Yaşı yetmişi haqlamış bu kişinin həmişə üzündə saqqalı, başında papağı, boynunda qalstuku, əlində təsbehi olur. Özünü tərifləməkdən yorulmur. Dediyinə görə əvvəllər bu idarədə, daha doğrusu, bu idarə əvvəllər lap trest olanda rəis müavini işləyib. “Qurub-yaradıb,” xalq üçün can qoyub. Amma idarə binasına, onun həyətinə baxanda kişinin dediklərinin doğru olmasına şübhə etməyə bilmirsən. Əşşi, sənin müavinlikdən çıxdığın bir əsrdi ki tikdiklərin uçub- tökülüb, əkdiklərin quruyub?

   Gülbəyin işinin adını da bilən yoxdu. Dediyinə görə ixtisasca iqtisadçıdır. Amma çətin ki, iqtisadiyyatdan başı çıxa... Gah o şöbədə gəzir, gah bu şöbədə... Keçmiş “fəaliyyətindən”, “mübarizliyindən” danışır, özünü tərifləməkdən yorulmur. Nahar fasiləsi zamanı Allah göstərməsin, onun-bunun nə yeyib, nə içdiyini öyrənməsə qiyamət qopar. Yemək təklif edilsə, -yox, mən bu gün orucam -deyər və diliylə sulanan ağzını silər.

   İdarəmizin xidməti avtobusuna Gülbəy birinci minər, ən qabaqda əyləşər. Yol boyu boş-boşuna danışar, onun-bunun ünvanına xoşagəlməz sözlər söyləyər. Gözü də ki, Allah göstərməsin, avtobusdakıların sumkasında olar. Birindən bir narıngi alar,o birindən bir alma istəyər.

   Nə isə... Deyəsən mətləbdən uzaqlaşdım. Az qala yadımdan çıxmışdı, Gülbəy həm də hacıdır. Onu “Hacı”deyə çağıranda elə görkəm alır ki, gözləri   sevincindən az qala hədəqəsindən  çıxır. Zarafat deyil, kişi sənin, mənim tayım deyil, hacıdır. (Bu yerdə mən bütün əsil dndarlardan, hacılardan üzr istəyirəm.) Düzdür, Allah günaha yazmasın, hələ bir yaxşılığının şahidi olan yoxdu. Amma elə danışır ki...

   Bir dəfə Gülbəy,  kollektivdə təzə olduğuma görə, özünü mənə yaxından tanıtmaq üçün tərcümeyi-halından bəzi məqamları danışdı. Sən demə, Gülbəy Sovet  dönəmində ateist olub. Özü də Kommunist partiyasının fəalı kimi “Böyük Lenin” ideyalarını təbliğatçısı olaraq dinə qarşı mübarizə edib. Xidmətinin də mükafatını alıb - az adama nəsib olan “Əməkdar təbliğatçı” adına layiq görülüb. 1990-cı ilin 20 Yanvar hadisələri hər bir azərbaycanlı  kimi Gülbəyi də sarsıdıb. O, “Əməkdar təbliğatçı” adından imtina edib, fəxri adı təsdiqləyən vəsiqəni nümayişkəranə şəkildə yandırıb. Respublikanın mərkəzi qəzetləri, televiziya, radio Gülbəyin bu “cəsarətini”, “milli təssübkeşliyini” başlayıblar işıqlandırmağa.                  

   –Bu hadisədən sonra mən başladım dini kitabları oxumağa, şəriəti öyrənməyə, dinin tələbləriniə əməl etməyə. İbadətə başladım, haqq yoluna qayıtdım.. Şükür Allaha, Hacı da oldum. Yaxşı ki o vaxt mənə verilən fəxri addan imtina etdim, –Gülbəy danışmağa davam etdi – mən haqqı hər şeydən üstün tuturam. Bacıoğlu, amma görürsən də, elələri varki ancaq şəxsi mənafeləri üçün çalışırlar. Ad üçün, şöhrət üçün, pul üçün min dona girirlər. Belələrini görəndə ürəyim ağrıyır.- Gülbəy şövqlə danışırdı.

   Gülbəyin bu söhbətindən bir-iki ay keçmişdi. Xəbər yayıldı ki, kimin fəxri adı varsa, ona dövlətimiz əlavə pul verəcək. Bizim idarəmizdə yaşlı işçilərdən bir neçəsinin fəxri adları olduğuna görə çox sevinir, əməklərinə qiymət verənlərə minnətdarlıqlarını bildirirdilər. Bir gün eşitdim ki, mühasibatlığa fəxri ad aldıqlarını təsdiq edənlərin arasında Gülbəy də var. Bəli, bəli. Həmin Gülbəy–vaxtilə fəxri addan guya imtina edən Gülbəy... Bu xəbərdən heyrətə gəldim.  Yəqin, siz də mənim yerimə olsaydınız belə olardı.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)