ƏN YENİ POEZİYA - Faiq Balabəyli, “Soyuq baxışların…” Featured

“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:

 

 

Soyuq idi baxışların, buz kimi

Dalayırdı ürəyimi, bilmədin.

Çox istədim mən tərəfə dönəsən

Ha çağırdım, əl elədim, gəlmədin.

 

Göy buludun göyərmişdi dodağı

Göz yaşını hey səpirdi aşağı

İstisində qızmadığim ocağın

Tüstüsündə kor olurdum, görmədin

 

Boylanırdım  səmt küləyi tərəfə

Baxışlarım tuş gəlirdi kələfə.

Duman çəkdi üstümə ağ mələfə

Saçlarını üç tel edib hörmədin.

 

Belə idi bu dağların havası;

üşüyürdü torağayın yuvası

Bu yerlərin ən pisi, ən yavası

yaxşıların yaxasında, silmədin.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)