RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Nataraz adam gəzə - gəzə gəlib bağ evinə çatdı. Cibindən bir topa açar çıxarıb həyət qapısının qıfılını açdı. İçəri keçən kimi qapını arxadan bağlayıb evə tərəf getdi. Başqa bir açarla evin qapısını açıb içəri girdi və dərhal bu qapını da arxadan kilidlədi. Dəhlizdən aşağı aparan pilləkənlərlə zirzəmiyə endi. Topanın üstündəki başqa bir açarla zirzəminin dəmir qapısını açdı. Bundan sonra açar topasını cibinə qoyub zirzəmi otağına girdi. Otağı təkcə səskeçirməyən şüşələri olan kiçik plastik nəfəslikdən düşən zəif gün işığı işıqlandırırdı. Əlini uzadıb işığı yandırdı. Otağın küncündə döşəmənin üstündə oturmuş yeniyetmə əlini işıqdan qamaşan gözlərinin üstünə tutub bir qədər belə qaldı. Gözləri işığa öyrəşəndən sonra əlini üzündən çəkib nataraza baxdı. Onun ayağına dolanıb qıfılla bağlanmış zəncirin o biri başı divarın dibindəki yoğun istilik borusuna bərkidilmişdi. Ayağının zəncir bağlanan yerində əmələ gələn qançırdan qan axıb qurumuşdu. Hiss olunurdu ki, zənciri açmaq üçün xeyli əlləşib. Oğlanın baxışlarından necə qorxması aşkar hiss olunurdu. Nataraz zirzəmiyə düşdükdən sonra yenə cibindən çıxarıb fırlatdığı təsbehin ipini barmaqları ilə tarıma çəkdi. Mil kimi dayanan təsbehi oğlana tuşladı:

- Hə nədi, sakitləşdin, yoxsa bir - ikisini də çəkim sənə?

Oğlan başını aşağı salıb dinmədi.

- Belə ağıllanarsan. Bir də cınqırın çıxsa, özündən küs.

Oğlanın dinmədiyini görən nataraz nəfəsliyə yaxınlaşıb pərdəsini örtdü. Sonra qapının yanındakı dolabdan içərisində çörəklə kolbasa olan sellofan torbanı götürüb onun qarşısına qoydu.

- Sakit oturduğuna görə daha işığı söndürmürəm.

Qapıya çatıb çıxmaq istəyəndə oğlan titrək səslə soruşdu:

- Atamdan bir xəbər var?

Onun sualını eşidən nataraz geriyə çevrilmədən, - sabah bilinəcək, yeməyini ye, - deyib otaqdan çıxdı. Oğlan onun ardınca bağlanan qapıya baxıb başını nəfəsliyə tərəf döndərdi. Nəfəsliyin pərdəsinin arxasından süzülən zəif gün işığına həsrətlə baxıb qeyri - ixtiyari ah çəkdi. Səhərə hələ çox var idi. Ancaq nataraz adamın son sözləri ona ümid vermişdi. O, atasının onu heç vaxt darda qoymayacağına, tezliklə bu qəddar adamın əlindən qurtaracağına inanırdı. Titrəyən əli ilə çörəkdən bir qədər kəsib ağzına qoydu. Dünən axşamdan heç nə yeməmişdi.

* * *

Dilemma qarşısında qalmışdım. İnternetdən Fərman Gəraybəylinin tərcümeyi - halını öyrənməyə başladığım ilk dəqiqələrdən böyük təəssüf hissi keçirmiş, fikrə getmişdim. Fərman məni aldatmışdı. Belə hallarda şərtimi pozan adamla sağollaşır, araşdırmanı dərhal dayandırırdım. Ancaq fikrə getməyimə səbəb olan və məni saxlayan iki səbəb var idi. Onlardan birincisi on beş yaşlı bir oğlanın təhlükədə olması idi. Hətta hər şeyin yaxşı qurtaracağı təqdirdə belə, onun oğurlanaraq saxlanıldığı hər dəqiqənin psixikasına necə zərbə vurduğu mənə məlum idi. Nəzərə alsam ki, ən pis sonluq da saf - çürük etdiyim ehtimalların içərisində istisna olunmurdu, bu halda belə bir vəziyyətdə kənara çəkilməyim prinsiplərimə zidd idi. İkinci səbəb isə bu işdə vasitəçi olan, böyük hörmət bəslədiyim dostum Ənvər Seyidbəyli idi. Ancaq Fərman Gəraybəyliyə mütləq bir dərs verməli idim. Qaçırılmış oğlunun tapılması üçün mənə müraciət edən adam, həmin oğlanın ikinci arvadından, başqa sözlə desək, gizli saxladığı qadından dünyaya gəldiyini gizlətmişdi. Rəsmi tərcümeyi - halında onun iki övladının olduğunu görəndə öz kanallarımla araşdırmamı davam etdirmişdim. Məlum olmuşdu ki, Fərman getdiyimiz ünvandan fərqli bir ünvanda qeydiyyatdadır, orada həyat yoldaşı Arzu xanımla yaşayır və onların iki qız övladı var. Bu biri mənzil isə Sənubər xanımın adına rəsmiləşdirilib. Ənvərin söhbətlərindən peşəkarlığıma bələd olub oğlunun taleyi ilə bağlı bir məsələdə mənə güvənən biri belə adi bir şeyi öyrənə bilməyəcəyimi hansı ağılla düşünə bilərdi? Ancaq axı Fərman Gəraybəyli ağılsız adam deyil. Bəs belə olan halda bunu məndən gizlətməyinin səbəbi nə ola bilərdi? Telefonu götürüb onu yığdım. Cavab verən kimi salamlaşmadan dedim: - Biz təcili görüşməliyik.

* * *

  Layiqə Mərkəzi Univermağın qarşısında Nadirlə görüşüb Bəxtiyarın verdiyi tapşırıqları bir-bir ona çatdırmışdı. Nadir lazım olan məlumatları əldə etdikdən sonra özünün Bəxtiyarla əlaqə saxlayacağını demişdi. İndi o, şəxsən özünə verilmiş tapşırıqlarla bağlı əvvəlcə Ağamirzənin oxuduğu liseyə gedəcək, sonra isə çox vacib bir adamla görüşəcəkdi. Son dərəcə geniş əlaqələrə malik olan bu adam əvvəllər də araşdırmalar zamanı bir neçə dəfə onlara kömək etmişdi. Təbii ki, yaxşı pul müqabilində. Şefi zarafatca bu adamı yaddaş tutumu 128 qeqobayt olan kompüterlə müqayisə edirdi.

Nadirlə sağollaşan Layiqə təxminən iyirmi dəqiqə sonra liseyə çatdı. O, liseyin mühafizəçisini söhbətə çəkib bəzi şeyləri öyrənməyə çalışacaqdı. Liseyin ətrafında müşahidə aparan şefi bunu özü etmək istəməmişdi. Keçmiş polis əməkdaşı olduğu ehtimal olunan mühafizəçi onunla çox da kontakta getməyə bilər, suallarını cavablandırmazdı. Ona görə də bu məsələdə o, Layiqənin qadın cazibəsindən istifadə etməyi qərara alıb oradan uzaqlaşmışdı. Gözəl qadınla ünsiyyətdə əksər kişilərin sayıqlığının yarıbayarı azaldığı çoxdan sınaqdan çıxmışdı. Bir-iki dəqiqə kənardan müşahidə aparan Layiqə mühafizəçiyə yaxınlaşdı.

- Salam.

Arxası ona tərəf olan mühafizəçi çevrilib onun salamını aldı:

- Buyurun, sizi eşidirəm.

Layiqə səsinə bir qədər həyəcan qatıb danışmağa başladı.

- Açığı heç bilmirəm necə deyim. Sizə bir işim düşüb.

- Mənə? - mühafizəçi təəccüblə soruşdu.

- Bilirsiz, məsələ belədir ki, mənim bacım oğlu bu liseydə oxuyur. Dünən dərsdən sonra evə sifəti sıyrılmış halda gəlib. Deyir ki, guya evə gələndə yolda yıxılıb. Ancaq biz ona inanmırıq. Yəqin ki, kiminləsə dava edib.

- Hə, cavandırlar, belə şeylər olur. Ancaq bu məsələdə mənim sizə nə köməyim dəyə bilər? - mühafizəçi gülümsəyib soruşdu.

Layiqə həlledici sözü deməzdən əvvəl əlini uzadıb yüngülcə mühafizəçinin qolundan tutdu. Sonra nazla onun gözlərinin içinə baxıb dedi:

- Biz onun səhər liseyə gələrkən, bir də ki, günorta çıxarkən üzünün salamat olub-olmamasını bilmək istəyirik. İstəyirik bilək ki, o, liseydə kiminləsə dava eləməyib ki? Anası xəstədir, özü gələ bilmədi. Çox da narahatdır. Bilirik ki, sizin kameralar hər şeyi qeydə alır. Mümkünsə on beş dəqiqə vaxtınızı alacağam.

Mühafizəçi çənəsini qaşıyıb bir qədər fikrə getdi. Nəyisə bir xeyli götür-qoy etdikdən sonra nəhayət dilləndi:

- Yaxşı. İçəri keçin.

* * *

 Fərman Gəraybəyli ilə söhbətim çox kəskin və qısa olmuşdu. O bu məsələni Sənubər xanımın xahişi ilə məndən gizlətdiyini demişdi. İlk görüşümüzdə də, bu söhbətimiz zamanı da Fərmanın Sənubərə qarşı bir zəifliyi olduğunu hiss etmişdim. Bu səbəbdən də onun xahişinə yox deyə bilməmişdi. Bir daha şərtimizi pozarsa, daha heç nə gözləməməsi barədə ona son xəbərdarlığımı etmişdim. Çox vaxt insanlar belə hallarda başa düşmürlər ki, onların gizlətmək istədiyi ən adi şey araşdırmada ən həlledici məqam ola bilər. Haradasa onları başa düşmək də olar. Polisin, xəfiyyənin işi ilə yaxından tanış olmayan adam belə düşünə bilər. Məhz buna görə mən çox vaxt sifarişçilərə şərtlərimi əvvəlcədən deyirəm. Mənim təmkinlə, ancaq çox kəskin şəkildə dediklərimin qarşısında Fərman Gəraybəyli uşaq kimi büzüşüb başını aşağı salmışdı. Belə başa düşdüm ki, bu onun üçün soyuq duş effekti verən bir xəbərdarlıq oldu və o daha nəyisə gizlətməyə cəhd etməz. Belə davranmağımın da səbəbi var idi. Bəzi məqamlar aydınlaşana qədər hələ ki, heç bir qərar vermək istəmirdim. Ancaq elə bu halın özü dediyim səbəblərə bir səbəb də əlavə etmişdi.

Fərman müəllimə hər ehtimala qarşı deyilən məbləği hazırlamasını tapşırıb ofisə qayıtmışdım. Nə Nadirdən, nə də Layiqədən hələ ki, bir xəbər yox idi. Onlardan xəbər gəlməyincə, hansısa təhlillər aparmağım hələ ki, tez idi. İlk dəqiqələrdən yaranmış şübhələrimi gələcək məlumatlar ya təsdiq, ya da təkzib edəcəkdi. Sənubərin Fərmanın ikinci ailəsi olması barədə öyrəndiklərim də Layiqə üçün yeni tapşırıqların ortaya çıxması demək idi.

Böyük layihələrdə iştirak edən Fərman Gəraybəylinin mümkün biznes rəqiblərinin təhlili də nəticə vermişdi. Şübhələndiyim bir iş adamı var idi. Axırıncı tenderdə onunla baş - başa gəlib sonda uduzan bu adam heç də müsbət cəhətləri ilə tanınmırdı. Real sübutlar olmasa da, ən azından adı bir neçə maliyyə fırıldağında çəkilirdi. Tender isə lap bu yaxınlarda keçirilmişdi. Bu iş adamının iki yüz min yox, heç iki milyon manata da ehtiyacı yox idi. Ancaq Fərman Gəraybəyliyə zərbə vurmaq üçün belə bir addım atması istisna olunmurdu. Haqqında danışılanlar belə düşünməyimə əsas verirdi. Söhbət isə milyonlarla manat sərmayənin qoyulacağı çox perspektivli bir layihədən gedirdi. Belə layihələrdə iştirak üçün hər şeyi etdikdən sonra uduzub kənarda qalmağı hər iş adamı həzm edə bilmir. İstənilən halda bu məlumatı dəqiqləşdirməliydim və artıq onu lazımi kanallarıma ötürmüşdüm. Başqa bir ehtiyat variantım da var idi ki, onu da nəzərə alsam, araşdırmam üç istiqamətdə aparılacaqdı. Qalan az vaxtda isə bunu etmək asan olmayacaqdı. Artıq beynim öz - özünə belə vaxtlarda öyrəşdiyim rejimə keçməyə başlamışdı. Bu gecə yenə yatmayacağımı bilirdim…

 

 “Ədəbiyyat və incəsənət”

(17.07.2024)