Güney Azərbaycan Poeziyası Antologiyasında Arğın Paşanın “Öz kefimin paşasıyam”” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Arğın Paşanın  şeirlərini təqdim edir. 

 

 

 

ÖZ KEFİMİN PAŞASIYAM

 

Yoxluğunda üşümürəm,

Öz kefimin paşasıyam.

Dərd yükünü daşımıram,

Öz kefimin paşasıyam.

 

Nə gözlərim dəniz olur,

Nə ürəyim bir an solur,

Boşalır külqabım, dolur,

Öz kefimin paşasıyam.

 

Qəm çəkmirəm bir an, lələ,

Cavandır bil, bu can hələ,

Ürək sözüm coşur belə,

Öz kefimin paşasıyam.

 

Önəmsizdir mənə saat,

Yaşayıram dərdsiz, rahat,

Cəhənnəm olsun bu həyat,

Öz kefimin paşasıyam.

 

Düşünməki dağılmışam,

Dağlarınla, dağ olmuşam,

Şair fəsli doğulmuşam,

Öz kefimin paşasıyam.

 

Yaşamıram bir an sürgün -

Ki, işlərim düşə düyün,

"Dünya beş gün, o da xoş gün",

Öz kefimin paşasıyam.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)