RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Ağamirzənin oxuduğu lisey şəhərin mərkəzində yerləşirdi. Kiçik həyəti dəmir barmaqlıqlı hasarla əhatəyə alınmış, giriş qapısında mühafizəçi köşkü qoyulmuşdu. Bir qədər aralıda dayanıb müşahidə aparmağa başladım. Əynində xüsusi uniforma olan orta yaşlı mühafizəçi qısa fasilələrlə gəlib içəri keçən iki qadın və bir kişi ilə salamlaşdı. Bir qədər sonra gələn yaşlı kişini isə saxlayıb sorğu-suala tutduqdan sonra köşkünə keçib kiməsə zəng vurdu. Birazdan içəridən çıxan biri yaşlı kişini içəri buraxdırıb onunla birlikdə binaya daxil oldular. İlk baxışdan mühafizəçinin təqaüddə olan polis əməkdaşı olduğunu müəyyən etmişdim. Adətən, mühafizə ilə məşğul olan şirkətlərin kadr seçimində keçmiş polis əməkdaşlarına üstünlük verdiklərini bilirdim.

Böyük ehtimalla birinci gələn üç nəfər onun tanıdığı müəllimlər idi. Sonuncu gələni isə tanımadığı üçün saxlayıb yalnız lisey əməkdaşının müşayiəti ilə, öz dəftərində hansısa qeydlər apardıqdan sonra içəri keçməsinə icazə vermişdi. Girişdə və binanın həyətində quraşdırılmış üç müşahidə kamerasını da nəzərə alsaq, deməli liseyin mühafizəsi yaxşı təşkil edilmişdi. Hər halda qısa müddətdə müəyyən etdiklərim buna dəlalət edirdi.

Maraqlı vəziyyət yaranırdı. Bu təhsil ocağı şəhərin mərkəzi küçəsində yerləşir və yaxşı qorunur. Fərman müəllim yaşadığı bina da liseyin yaxınlığında, mərkəzdə yerləşməklə mühafizə olunan binadır. Buna orada olarkən fikir vermişdim. Eynilə liseydəki kimi girişdə mühafizəçi dayanır və yad adamlar həyətə buraxılmır. Ağamirzə dərsdən çıxarkən evə getdiyini deyib. Bu halda onun keçdiyi marşrut da yalnız mərkəzi küçələri əhatə etməlidir. Bu halda onu harada və hansı yolla qaçıra bilərldilər? Hər tərəfi adamla dolu olan küçələrdə bunu etmək mümkün deyildi, liseyin və yaşadığı binanın yaxınlığında da həmçinin. Elə ona görə yaranmış vəziyyəti «maraqlı» kimi dəyərləndirdim. Burada nə isə başqa bir şey var. Buna əminəm. Nə qədər uşaq olsa da, Ağamirzənin on beş yaşı var və idmançıdır. Atasının dediklərindən belə məlum olur ki, gözüaçıq uşaqdır. On beş yaşlı bir oğlana zor tətbiq edilərsə, o ən azı bir neçə saniyə müqavimət göstərməliydi. Bu isə ətrafdakıların diqqətini cəlb etməyə bilməzdi və onlar dərhal polisə məlumat verərdilər. Hələ az qala küçə boyu sıralanmış obyektlərin müşahidə kameralarını demirəm. Yox, bu ehtimal heç işə yaramır. Deməli, onu ancaq aldadaraq harasa apara bilərdilər. Müəmmalar çox, vaxt isə azdır.

Artıq hərəkət planım hazır idi. Yoxlanacaq bəzi şeylər var idi ki, vaxtın azlığını nəzərə alıb bu işlərin bir qismini köməkçim Layiqəyə tapşıracaqdım. İndiyənə qədər verdiyim ən təhlükəli tapşırıqların öhdəsindən gələn köməkçim bu dəfə sadəcə lazım olan məlumatları toplayacaqdı. Vəziyyəti ona başa salıb tapşırıqlarımı vermək üçün ofisə getməliydim. Daha burada da bir işim qalmamışdı. Dönüb yaxınlıqdakı metro stansiyasına tərəf addımladım. Fərman müəllimlə görüşə maşınsız gəlməyim işimə yaradı. Ən azı indi tıxaclarda vaxt itirməyəcəkdim.

* * *

  Pəncərədən boylanıb gələn adamın kimliyini gördükdən sonra yaxınlaşıb qapının qıfılını açdı. Bir azdan üzünü çopur basmış, sağ qaşının üstündə iri bir çapıq olan nataraz birisi içəri girdi. Əlindəki ərzaq dolu torbanı masanın üstünə qoyub bayaq onun uzandığı çarpayıda oturdu və cibindən çıxardığı kəhrəbaya oxşayan iri muncuqlu təsbehini çevirməyə başladı. Təsbehi bir əllə o qədər məharətlə çevirirdi ki, az qala barmaqlarının hərəkətini görmək olmurdu. Bağ sahibi heç nə demədən torbadakı ərzaqları çıxarıb masaya düzməyə başladı. Bunu etdikdən sonra əlini cibinə salıb bıçaq çıxardı. Barmağının hərəkəti ilə düyməli bıçağın tiyəsi şaqqıltı ilə açıldı. Masanın üstündəki tomatlı kilkə konservinin qapağını kəsib açdı. Zavod çörəyinin qırağından qoparıb arasına konserv doldurub acgözlüklə yeməyə başladı. Gələn adam heç nə deməyib onun necə iştahla yeməyinə tamaşa edirdi. Ancaq əlini yarımçıq araq şüşəsinə uzatdığını görəndə yoğun səslə dedi:

- Qoy yerinə.

- Niyə?

Bağ sahibi şüşəni əlindən qoymadan soruşdu.

- Dedim ki, içməyəcəksən. İşimizi bitirək, sonra nə qədər istəyirsən, tuluğuna tökərsən.

Çarəsiz qalan bağ sahibi şüşəni qaytarıb yerinə qoydu. Hiss olunurdu ki, gələn adamdan çox çəkinir və onun dediyini etməyə məcburdur. Nataraz adam onun şüşəni yerinə qoyduğunu görüb özündən razı-razı soruşdu:

- Doydun? İndi de görüm nə xəbər var?

- Məndə nə xəbər olacaq. Əsas sən de görüm uşaq necədir.

- Uşaq üçün narahat olma. Yeri isti, yeməyi də, suyu da qabağında.

Bağ sahibi ona bir qədər şübhə ilə baxıb dedi:

- Bax, sözümüz sözdür ha, uşağın başından bir tük də əskik olmayacaq.

Nataraz başını yellədi:

- Şərtimiz şərtdir. Amma sən də unutma ki, borcunu vaxtında verməlisən. Pul gəlməsə, sonrasına da mən cavabdeh deyiləm. Açığı heç mənim də əlimi qana batırmağa həvəsim yoxdur. Ancaq uşaq mənim üzümü görüb. Polisə getsələr, sonradan onun verdiyi əlamətlərlə məni tapmaq iki vur ikidir. Özün bilirsən ki, ala itdən məşhuram. Sənə nə var, oturmusan burada.

- Arxayın ol, polisə - zada getməyəcəklər. Pulu da verəcəklər. O adamçün iki yüz min heçnədir.

- Təki elə olsun. Bu yemək sənə sabah axşama qədər bəs edər. Sonra nə edəcəyini özün bilirsən. Daha mən gedim.

Nataraz adam ayağa qalxıb təsbehini cibinə qoydu və sağollaşmadan otaqdan çıxdı.

Onlar eyni həbsxanadan qısa fasiləylə bir neçə ay əvvəl azadlığa çıxmışdılar. İndi olduqları bağı girov qoyub pul götürən həbsxana yoldaşı götürdüyü on beş min manatı bir gecədə uduzmuş, sonra oyun nisyə davam etmişdi. Poker oyununun bilicisi olan nataraz onun qumara hərisliyini bildiyi üçün oyunda iştirak edən daha iki qumarbaz yoldaşı ilə  əvvəlcədən razılaşıb qəsdən şirəyə çəkmiş, nisyə davam edən oyunda onu daha iyirmi beş min manat «yükləmişdilər». Borcunu verməsinə isə vur - tut üçcə gün vaxt qoymuşdular. Bundan iki gün sonra o, yanına gəlib təklifini deyəndə xeyli fikrə getmişdi. Nataraz ağıllı adam idi. Qarşısındakının belə bir məbləği ödəyə bilməyəcəyini də gözəl başa düşürdü. Onun olan qalanının tək bu bağı olduğunu, onu da girov qoyduğunu bilirdi. Girovda olan bir bağı isə nə satmaq, nə də öz adına keçirmək mümkün olmayacaqdı. Yaşadıqları həyatın yazılmamış qanunlarına görə qumar borcu «müqəddəs» sayılırdı və  onu ödəməyənə ağır cəza vermək tələb olunurdu ki, bu da nataraza heç nə verməyəcəkdi. Təklif isə şirnikdirici idi. Söhbət iki yüz min manatdan gedirdi. Bu qədər pul onun bütün həyatını dəyişə bilərdi. Hər şey deyilən kimi alınsa, iyirmi beş min borcu götürəcək, yerdə qalan pulu tən böləcəkdilər. Ondan tələb olunan isə, bir iş adamının on beş yaşlı oğlunu qaçırmaq və iki gün öz evində saxlamaq idi. Uşağı necə qaçıracağını da ona izah etmişdi. On beş yaşlı oğlanı qaçıracağı təqdirdə «həmkarı» qalan bütün işləri  boynuna götürür və hər şeyin yağ kimi gedəcəyinə zəmanət verirdi. Risk böyük idisə, qazancı da böyük olacaqdı. Bütün bunları saf - çürük edib sonda razılaşmışdı.

Ancaq bu qəddar xislətli adam təkcə bunları saf - çürük etməmişdi. İndiyənə qədər törətdiyi cinayətlərə həmişə tək getmişdi. İndi də, bu işin sonunda onun nə alınacaq pulları bölmək, nə də şahid saxlamaq fikri yox idi. Dırnaqarası ortağının da, oğurladığı uşağın da qətlinin fərmanını o çoxdan vermişdi. Həbsxanada «yoldaşlıq» etdiyi adama verdiyi söz onun özü kimi bu qəddar adam üçün heç bir əhəmiyyət daşımırdı. Ona pul lazım idi, çoxlu pul. Əlbir olduğu qumar yoldaşları ilə böləcəyi iyirmi beş mindən başqa tək özünə qalacaq yüz yetmiş beş min xeyli pul idi. Bunları fikirləşə - fikirləşə həmin bağ massivinin ən ucqarında, xeyli aralıda yerləşən evinə tərəf piyada yol aldı.

* * *

Ofisə çatmağım elə də çox vaxt aparmadı. İçəri girdiyimi görən Layiqə ayağa qalxıb salamlaşdı. Salamını alıb yerimə keçdim. Əvvəlcə ofisdəki vəziyyətlə maraqlandım:

- Hə, Layiqə, de görək, vəziyyət necədir?

- Hər şey qaydasındadır, şef. Ofisə gələn olmayıb. Tapşırdığınız yazışmaları başa vurub oturmuşam.

- İşləri bitirməyin yaxşı oldu. Yeni tapşırıq almışıq. Sənin də işin çox olacaq. Yaxın otur və dediklərimi yadında saxla.

Layiqə cəld qalxıb masamın yanına gəldi. Yaxın stulu çəkib oturdu.

- Eşidirəm, şef.

Tapşırıqlarımı verməyə başladım. Onların hamısını əzbərdən yadında saxlayacağına əmin idim.

- Məsələ belədir, Layiqə. Tanınmış iş adamı Fərman Gəraybəylini yəqin ki, tanıyırsan.

- Hə. Tez - tez televiziyada çıxış edir.

- Özüdür ki, var. Xəbərin olsun ki, dünən onun oğlunu oğurlayıblar, pul tələb edirlər. Polisə müraciət etmək istəmir. Ona görə də bu gün səhər zəng vurub mənimlə görüşmək istədi. Onu dinləyib bu işi boynuma götürdüm. Söhbətimiz zamanı məlum oldu ki, şübhələndiyi kimsə yoxdur. Bizə də hələ ki, uşağın qaçırılmasından başqa heç nə məlum deyil. De görüm belə olanda biz nə edirik?

- Məlumlardan başlayıb məchullara çıxırıq, - Layiqə qısa cavab verdi.

Yanımda olduğu müddətdə ona öyrətdiklərimi heç zaman unutmayan köməkçim az vaxt ərzində xəfiyyəliyin bir çox qaydalarını öyrənmişdi. İndiki cavabı da düz onluğa düşdü.

- Ay sağ ol. Dediyin «məlumlar» Fərman Gəraybəyli ilə onun həyat yoldaşı Sənubər xanımdır. Sən Sənubərlə məşğul olacaqsan. Onun haqqında hər şeyi bilmək istəyirəm. Bu işdə sənə Nadir kömək edəcək. Hə, bir də əvvəllər tanıdığın ünvana gedəcəksən. Kimi dediyimi bilirsən. Onun üçün vərəqdə yazılmış sualları bir azdan sənə verəcəyəm. Mənsə Fərmanı, onun işlərini və vaxt imkan verərsə ətrafını yoxlayacam. Uşağı qaçıranlar cəmi iki gün vaxt veriblər, bunu unutma.

- Başa düşdüm, şef.

Telefonumu çıxarıb Nadirə zəng vurdum. Daxili İşlər Nazirliyinin Baş cinayət axtarışı idarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyən Nadir çiyinləri arxasında neçə-neçə açılmış cinayət olan təcrübəli əməliyyatçı və yaxın dostum idi. Araşdırmalarım zamanı tez - tez onun köməyindən istifadə edirdim. Konfidensial məlumatlar istisna olmaqla, onun lazım olan bütün məlumatları qısa müddətdə əldə edib mənə ötürəcəyinə əmin idim. Əvvəllər də dostumun köməyi ilə neçə gözlənilən fəlakətin qarşısını almağa, neçə insan həyatını xilas etməyə müyəssər olmuşdum. Bir çox cinayətləri açmağımda onun da payının olduğunu dilə gətirəndə dostum həmişə susar, belə hallarda heç nə deməz, gözləri yol çəkərdi. Vaxtilə Nadirin on yeddi yaşlı oğlu da ağır bıçaq yarası almışdı. Gecə saatlarında gənc bir qızın qarşısını kəsib soymaq istəyən sərxoş adam qızı müdafiə etmək üçün onun üstünə atılan yeniyetməni bıçaqla ağır yaralayıb qaçmışdı. Həmin vaxt təsadüfən oradan keçərkən çoxlu qan itirmiş uşağı xəstəxanaya mən çatdırmışdım və həkimlər son anda onun həyatını xilas edə bilmişdilər. Əvvəllər tanımadığım Nadirlə dostluğumuzun bünövrəsi belə qoyulmuşdu.

- Eşidirəm, əziz dostum.

Nadirin cavab verdiyini görüb zarafatla dedim:

- Biləsən ki, şəxsən mənim səninlə heç bir işim yoxdur. Ancaq Layiqə xanım yaman darıxıb. Ona görə də bir azdan səni görməyə gələcək.

Bu sözlərimin nə demək olduğunu gözəl başa düşən dostum gülüb dedi:

- Layiqə xanımın gəlişinə hər zaman şadam. Buyursun, gəlsin.

Sağollaşıb xətti kəsdim. Layiqəyə öyrənəcəyi əsas məqamların detallarını izah etməyə başladım. Onun öyrənəcəkləri məlumatların heç də hamısını Nadir əldə etməyəcəkdi. Sonra özünün şəxsən öyrənəcəyi şeylər var idi ki, Nadirlə görüşdən sonra onlarla məşğul olacaqdı. Xidmətlərindən vaxtaşırı istifadə etdiyim başqa bir adamla da görüşməliydi. Sonda Ağamirzənin şəklini ona göstərib yadında saxlamasını tapşırdım. Tapşırıqları alan köməkçim vaxtın azlığını nəzərə alıb hazırlaşmağa başladı. O vaxta qədər görüşəcəyi ikinci adama çatacaq zərfi hazırlayıb masanın üstünə qoydum. Dediyim kimi, əvvəlcə dostumla görüşəcəkdi. Nadir onu, o da Nadiri çox yaxşı tanıyırdı. Bir azdan geyinib zərfi çantasına qoyan Layiqə sağollaşıb ofisi tərk etdi. Onun arxasınca baxdım. Metroda təsadüfi bir tanışlığımız sonda bu qızın mənim köməkçim olması ilə nəticələnmişdi. Həmin vaxt Milli Aviasiya Akademiyasının sonuncu kursunda oxuyan Layiqənin Akademiyanı «qırmızı diplom»la bitirdiyini öyrənəndə tərəddüd etmədən onu özümə köməkçi götürmüşdüm. Məntiqlə öz sahəsində ən yüksək uğura imza ata bilmiş bu qız istənilən digər sahədə bu uğurun ən azı yarısını qazana biləcəkdi. Mənsə həmin vaxt ofisi bir neçə ay olardı ki, açmışdım və yaxşı bir köməkçiyə ehtiyacım var idi. Məntiqim bu dəfə də özünü doğrultmuşdu və Layiqə qısa müddətdən sonra necə bir yaxşı detektiv köməkçisi olduğunu sübut etmişdi. Çox səs - küy doğurmuş bir cinayəti araşdırarkən hər şeyin az qala məhv olub gedəcəyi bir vaxtda Layiqənin fikirləşdiyi bir fənd vəziyyəti kökündən dəyişmişdi. İndi, yanımda get - gedə daha da çox təcrübə toplamış yaxşı bir köməkçimin olması işimi xeyli yüngülləşdirirdi. Günortaya az qalırdı. Kompüteri işə salıb ekranın işıqlanmasını gözlədim. Gəraybəyli haqqında bəzi lazımi məlumatları elə onun özünün internet səhifəsindəki tərcümeyi - halından öyrənəcəkdim.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)