Mətanət Ulu Şirvanlının “Dikbaş”ı Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Nəsr zamanıdır, sizlərə Mətanət Ulu Şirvanlının “Dikbaş” hekayəsini təqdim edirik.

 

 

         “Prado” markalı “cip” musiqi sədaları altında sürətlə şütüyürdü. Xarici estradanın gurultusu maşının kabinəsindən ətrafa yayılır, küçədəki insanlar narazılıqla başlarını bulayırdılar. Maşın bir neçə dəfə küçəni boş-boşuna şütüyəndən sonra sürətlə dar dalana buruldu.

Əlil arabasında oturan, hər iki ayaqdan məhrum olan cavan, şikəst adam  zorla  darvazanı açıb küçəyə çıxmışdı ki...

         Elə o andaca böyük uğultu və səs-küy küçəni başına götürdü. Cavan sürücü əyləci basmağı ilə maşının burnu yerə dirəndi, sonra  da fırlanıb yaxınlıqdakı dəmir darvazaya çırpıldı.

         Əlil arabasındakı adam donub arabanın üstündə qaldı. Sürücü maşından düşüb yüyürərək əlil arabasındakı adamın yaxasından yapışdı:

– Ə, axmaq oğlu, yolun ortasında nə gəzirsən? Canından bezmisən, bilərəkdən özünü maşının altına atırdın?!

         Adam kəkələdi:

– Siz...z...siz qəfildən peyda oldunuz. Mən imkan tapıb yoldan çıxa bilmədim. Hələ, üstəlik, darvazamı da əzdiniz.

– Sənin ucbatından təzə maşınım əzildi.  Mərdimazar! – deyib, oğlan əlini cibinə atdı. Telefonunu çıxarıb:

–Papa, qəza oldu. Maşınım əzilib, – bir neçə saniyəlik susan cavan sürücü sözünə davam elədi –yox, özümə heç nə olmayıb. Nə bilim, əşşi, bir mərdimazar çıxdı qarşıma. Yox, sağdı, adamı vurmamışam. Deyərəm, gələr, yaxşı, –deyib telefonu söndürdü.

Oğlan üzünü əlil adama çevirib əlindəki kartı ona uzadaraq dilləndi:

–Götür bunu, get burada yazılan ünvana, səni gözləyirlər.

–Niyə? Mən nə günahın sahibiyəm ki? Maşını siz aşırtdınız – desə də, əlini uzadıb kartı oğlandan aldı.

–Az danış, get, yoxsa başın ağrıyar, –deyib maşına qayıtdı.

Əlil adam arabasını əli ilə sürərək dalanı burulub gözdən itdi. Onun arxasınca baxan oğlan kişinin dalınca tüpürüb dedi:

– Dilənçi köpək oğlu, indi dilənib yığdığın pulları verərsən təzə maşına.

 

***

 

Rəisin gur səsi yarıaçıq qapıdan dəhlizə qədər yayılırdı. O, bərkdən danışıb-gülür, kimə isə oğlundan fəxrlə danışırdı.

– Bu il universitetə qəbul olunub. Hədiyyə? Hə, bağışladım. Ə, köpək oğlu bayaq zəng eləmişdi ki, bəs ona bağışladığım maşını əzib. Nə bilim, əşşi, deyir,  bir mərdimazar kişi özünü yolun ortasına atıb. Bu da ki xam sürücüdür də. Qoy o adam gəlsin, görüm, ondan nə qoparda bilirəm.

Bu söhbətdən sonra rəis danışdığı adamla sağollaşdı. Sonra uca səslə:

– Ay qız, orada gözləyən adamı burax yanıma, – deyib qaşqabağını tökərək, kreslonun arxasında yerini rahatladı.

Katibə qapını geniş açıb, əlil arabasında oturan kişini kabinetə yola saldı. Rəis araba ilə qəbula girən adamı görüb, təəccüblə gözlərini bərəldərək dilləndi:

–Ay qız, mən gözlədiyim adamı göndər, – dedi.

Katibə sıxıla-sıxıla:

–Rəis, elə həmin adamdı.

–Lənət şeytana! –deyən rəis kişinin üstünə çımxırdı. – A kişi, niyə mərdimazarsan?!

         –Rəis, vallah, mənim heç bir günahım yoxdu. Sürətlə sürürdü maşını. Ona görə aşırdı, sonra da maşın yumbalanıb dəydi mənim darvazama. Darvazamı da əzdi. Kasıb adamam, vallah. Darvazamı necə düzəltdirəcəyəm heç bilmirəm.

–­­Darvazanı necə düzəltdirəcəksən, bilmirəm, amma maşını düzəltdirəcəksən!

–Qardaş, başına dönüm, mən kasıb adamam, necə düzəltdirim maşını. Özüm də şikəst adamam, görürsən.

–Mənə nə var şikəstsən. Şikəstsən, qaxıl otur evində. Tay küçəyə çıxıb özünü bilə-bilə maşının qabağına niyə atırsan, hə?!

–Bilə-bilə etmədim. Küçəyə də həkimə getmək üçün çıxmışdım. Kəsilən ayağıma...

Rəis əlil adamın sözünü ağzında qoydu:

– Sənə nə lazımdır? – kinayə ilə güldü. Ayağını niyə kəsiblər, bilmirəm, amma onu bilirəm ki, mənim maşınımın pulunu kəsməyəcəksən. Eşitdin?!

Şikəst adam dözmədi, əsəbiləşdi:

– Mənim ayağımı döyüş bölgəsində – Qarabağda kəsiblər. Sən burada rahat yatanda mən güllə altında, döyüş bölgəsində səni, sənin qudurğan oğlunu qoruyurdum.

Rəis özünü itirdi. Kəkələdi:

– Qazisən... – deyə mızıldadı:

– Gərək ayaqlarını qoruyaydın, – dedi.

–Mənim ayaqlarım səndən, sənin oğlundan qeyrətlidir. Özüm döyüşdən qayıtsam da, ayaqlarım qayıtmadı. Vətən torpağına qarışıb orda qaldı.

         Rəis duruxdu. Nə deyəcəyini bilmədi. Qarşısındakı adama haqsızlıq etdiyini bilsə də, özünü o yerə qoymadı. Özünü vətənpərvər adam kimi göstərərək dilləndi:

–Çıx get, qurban olasan Qarabağda qalan ayaqlarına. Dikbaş!

–Dikbaş? Hə, mənim üzüm ağ, başım dikdir! Qarabağım azaddır!

 

***

 

Əlil arabası rəsisin otağından azadlığa çıxdı. Keçmiş döyüşçü  göz yaşları içərisində gülümsəyir,“Dikbaş” kimi gəldiyi yolu məğrurcasına geri dönürdü...

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)