POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənə gül atdılar, mənə də güllə...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Sənə gül atdılar, mənə də güllə...” şeiri ilə. 

Yenə də təəccübləndirir, heyrətləndirir şair. 

“Çəkib öz komama gətirdim bu gün,

Qorxdum ki, bayırda darıxacaq qəm.

Qəmi övladlığa götürdüm bu gün 

Onu balam kimi böyüdəcəyəm...”

Gözəl poetik bənzətmədir, deyilmi? 

Xoş mütaliələr!

 

Sənin ayrılığın hər yanı tutub,

Dünyanı gözümdən salıb həsrətin.

Mənə göndərdiyin bu son məktubu

,,Qara kağız" kimi oxumaq çətin...

 

Üşüyən çöllərin od-ocağı yox, 

Bir yandan fevral da gəlir qarıyla.

O yetim uşağın oyuncağı yox

O uşaq oynayır göz yaşlarıyla...

 

...Çəkib öz komama gətirdim bu gün,

Qorxdum ki, bayırda darıxacaq qəm.

Qəmi övladlığa götürdüm bu gün 

Onu balam kimi böyüdəcəyəm...

 

Biz hara gedirik bu boş könüllə,

Bir ayın içində ayrı həftəyik.

Sənə gül atdılar, mənə də güllə-

Yaxşı ki, ikimiz bir hədəfdəyik...

 

Əsən ayrılıqdır, yel deyil əsən,

Bu bəxti tikməyə mənə sap verin.

Niyə əllərini qoyub getmisən

Səni soruşanda nə cavab verim?!..

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2024)