ƏN YENİ ŞEİRLƏR - Nazim Əhmədli, “Niyə belə solmusan...” Featured

“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:

 

Nazim Əhmədli

NİYƏ BELƏ SOLMUSAN

 

Niyə belə solmusan,

nə  bət, nə bəniz qalıb;

duman dağa sarılıb,

nə cığır, nə iz qalıb;

 

çıxıb qardan, sazaqdan,

kimsə gəlir uzaqdan;

bax, o sönən ocaqdan,

bircə  ovuc köz qalıb;

 

bulud sökülüb gedib,

yarpaq bükülüb, gedib;

sular çəkilib gedib,

nə çay, nə dəniz qalıb;

 

düşünürəm, bayaqdan,

nə vardanam, nə yoxdan;

fələk ölübdü, çoxdan,

yerində kəniz qalıb;

 

hamı dərdlə əlləşər,

hərəyə bir pay düşər;

nə gündədi, bu bəşər,

dünya yiyəsiz qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)