“Əlçatmaz bir hədəfə uçan kamıq, arzuyuq...” - MİRZƏ ŞƏFİ VAZEH. Çap olunmamış 65 şeir Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət”  portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş 65 lirik şeirinin dərcini başa çatdırır.  Şeirlər Azad Yaşarın təqdimatında sizlərə çatdırılır.


 

“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.

Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)

 

 

61

 

Əlçatmaz bir hədəfə uçan kamıq, arzuyuq –

Mən və sən.

Buna görə məhbəsə düşməyə də razıyıq –

Mən və sən.

 

Səni əsir eyləsəm qəlbimin mehrabında,

bilsəm, adım yazılıb könlünün kitabında,

onda heç fərq qoymarıq nə vəslə, nə hicrana –

Mən və sən.

 

Mən gözlə, sənsə sözlə ovlandın... Biz – şikarıq,

eşq qarmağına düşən, çırpınan balıqlarıq –

Mən və sən.

 

Qarmaqdan qurtulunca tez havada süzərik,

məğrur qartallar kimi səmaları bəzərik –

Mən və sən.

 

 

62

 

Mirzə Şəfi deyir:

“Bir ömür boyu

həzz alaq şərabdan, güldən, dilbərdən.

Bizə neyləyəcək qorxu, təhlükə?!

Təki uzaq olaq qəmdən, kədərdən!

 

Taylı tayın tapsın... Təki birləşsin

lovğalıqla riya, axmaqlıqla kin.

Ruhu vəcdə gələn seçilmiş kəslər

bizim aramıza qatılsın təki.

 

Özünü qurtuluş əsgəri sanan,

xurafata düşmən neçə insan var.

Həqiqətin gerçək aşiqi onsuz

bir gün el-aləmə olar aşikar.

 

Dəməşq qılıncından daha kəskindir

bizim qılıncımız...

şübhəm yox buna.

Toxunsa gözünə korun, zəlilin,

o da qovuşacaq Haqqın nuruna.

 

Hazırıq əlçatmaz göydən endirək

Ayı, ulduzları, odlu günəşi – 

təki nəğməmizdən və səcdəgahdan

əsirgəməsinlər onlar atəşi. 

 

Gəl gəzib-dolaşaq biz bundan belə

ən xoş müjdələrlə bütün aləmi.

Razıyıq – bu qalan ömrü yaşayaq

xumar gözlə zülfün dustağı kimi.

 

 

63

 

– Daha bezdim sevgimizlə

oynadığın oyunlardan.

Nəğmələrin də bəhs edir

yalnız meydən, yalnız yardan.

Bunlar səni yormur bəyəm?!

– Onda sən gəl, göstər mənə,

başqa bir yol, “yaxşı” deyə.

 

Mən öyürəm bu dünyanın

nemətlərindən yaxşısın.

Çünki insana layiqdir

hər nemətin əsli, xası.

 

 

64

 

Allah günəşə “Yan!” dedi

və aləm gözəl göründü.

Açan əlvan gül-çiçəklər

çölü-çəməni bürüdü.

 

Adəmə görk olsun deyə,

Tanrı dağları yaratdı.

Sonra yelləri əsdirib

varlığa min məna qatdı.

 

Quşlara O, qanad verdi,

dənizə isə pıçıltı.

Ondan mənə ilham,

sizə

məni dinləyəsiz deyə,

qulaqla səbir pay qaldı.

 

 

65

 

Rüzgarla dalğaların oxuduğu nəğmələr,

günəşin şəfqətiylə ruha, cana gələnlər,

qızılgül kollarında açan zərif qönçələr,

səmadan enən səslər və ora yüksələnlər –

hopar nəğmələrimə hər hansı maneəsiz,

məni bu təbiətin sarı simi sanın siz.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)