“Bir şeir asıb özünü hecadan…” - Təranə Dəmirin şeirləri Featured

Rate this item
(3 votes)

“Ədəbiyyat və incəsənət” portalı Poeziya  guşəsində Təranə Dəmirin yeni şeirlərini diqqətinizə çatdırır. 

 

1.

Əynimdə dekabrdan qalma ömür,

Ürəyimdə iyun həsrəti.

Bircə çimdik ümidlə gedirəm üzüyoxuşa.

Çilik-çilik olmuş arzular baş-başa verib arxamca ulaşır.

Geriyə baxmağa nə gücüm qalıb, nə cəsarətim.

Dünən, bu gün mənimdi... hələ ki...

Bəs sabah?

...Gözümdə bütün rənglər bir-birinə qarışır

Budaq-budaq, yarpaq-yarpaq...

 

2.

Bir şeir asıb özünü hecadan,

Qafiyələr ağlaşır başı üstündə.

Ayağının altında varaq,

Boğazında qələm,

Nəfəsi  kəsilir  söz-söz, cümlə-cümlə.

Azadlığa açılır qapısı qorxuların.

Hardasa bir ütüsüz, bərsiz-bəzəksiz ,

Evsiz-eşiksiz  sevgi  yapışır  gecənin yaş köynəyindən..

 

3.

Gecə yenə qaşqabağını töküb durub,

Kim bilir nə acığı var dünyaya.

 Buludlar bir tərəfdə bardaş qurub oturub.

Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında .

Külək qudurub,

Gör necə ulayır gecənin başı üstündə 

ac yalquzaq tək.

Torpaq bir qat qabıqdan,

Ağaclar yarpaqdan çıxır.

Dəniz yaxasını açıb qaçır sahilə ,

Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə.

Bir şair tənhalığın acığını varaqdan çıxır .

Təzə abzasdan köhnə yaralar boylanır,

Hamısının da üstü açıq.

"Bircə səhər açılsaydı"-deməyə də adamın dili gəlmir.

Qaranlığın dibindən bapbalaca işıq süzülür alayarımçıq...

Nağıl kimi...

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)