Musa Ələkbərlinin 74 yaşının şeiri: “Şeirin ağrısını çəkəndə” Featured

Rate this item
(0 votes)

Poetik Qiraətdə bu gün sizlərlə ustad  şairimiz Musa Ələkbərli  “Şeirin ağrısını çəkəndə” şeiri ilə görüşəcək. Bu bir avtobioqrafiyadır desək, yanılmarıq. Şair öz iç dünyasını oxucusuna göstərir, “tanış olaq, bu mənəm” deyir. 

Dünən şairimizin 74 yaşı tamam oldu. Bu münasibətlə onu ürəkdən təbrik edir, yazıb yaratmaq eşqi arzulayırıq. 

 

 

ŞEİRİN AĞRISINI ÇƏKƏNDƏ

 

Qəddardan qəddardı, zalımdan zalım

Özü öz üstünə çökəndə Musa.

Əvvəl xəyallardan köynək toxuyub,

Sonra ilmə-ilmə sökəndə Musa.

 

İhamın yolunda durub müntəzir,

Həyacan içində titrəyib əsir.

Daşlaşmış sözlərin üstündə gəzir

Çaylaq quşu kimi səkəndə Musa.

 

Anma qiyaməti o qurda qalır,

Ürək hara gedir,yurd harda qalır?!

Yerin yer səthindən kənarda qalır

Nə şəhərə sığır, nə kəndə Musa.

 

Köksündə ilantək qıvrılır misra,

Ruhundan qılınc tək sıyrılır misra.

Canından,qanından ayrılır misra,

Ürək bənd eləyir hər bəndə Musa.

 

Ya göyün yeddinci qatından çıxır,

Ya da sal daşların altından çıxır.

Bütün ağrıları yadından çıxır

Şeirin ağrısını çəkəndə Musa.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)