Poetik qiraətdə Elxan Yurdoğludur – “Bir gün payız olacağam” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Poertik Qiraət rubrikasında bu dəfə sizlərə   Elxan Yurdoğlunun “Bir gün payız olacağam” şeirini təqdim edirik.

Əllərimi yana açıb qucaqlasam bu dünyanı,

Sevə-sevə bu dünyanın bir adı sən olarsanmı?

Bir sevgi şeiridir. Gözəl lirika nümunəsidir. Oxumağa dəyər.

Xoş mütaliələr.

 

 

 

Elxan YURDOĞLU

 

 

BİR GÜN PAYIZ OLACAĞAM

 

Ulduzlara əl uzatsam, toxunarmı saçlarına?

Dodağıma yağış düşsə, islanarmı dodaqların?

Səhər-səhər rəssam günəş boyayanda üfüqləri

Mən də durub seyr eləsəm, qızararmı yanaqların?

 

Yarpaqları ovuclayıb misralara səpələsəm,

Şeirlərim ürəyinə yatarmı heç, nar çiçəyim?

Sərçələrə pıçıldasam sənlə dolu duaları,

Yaradanın dərgahına çatarmı heç, hər diləyim?

                                                                                            

Əllərimi yana açıb qucaqlasam bu dünyanı,

Sevə-sevə bu dünyanın bir adı sən olarsanmı?

Bu yağışı, bu payızı, bu havanı doya-doya

Ciyərimə çəksəm əgər, varlığıma dolarsanmı?

 

Taleyinə qarlar yağan, qönçə gülüm, qısıl mənə,

Mən onsuz da şeirlərdə çırtıldayan bir ocağam.

Yağışları yarpaqlarda rəqs eləyən payızı sev,

Unutma ki, bir gün mən də dönüb payız olacağam.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2024)