Şəhidlər barədə şeirlər – Vaqif İbrahimov

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Vaqif İbrahimovahəsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

VAQİF ƏZİZ OĞLU İBRAHİMOV

(05.05.1973.-12.05.1994.)

 

Ucar rayonunun Bərgüşad kəndində anadan olmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda  şəhid

 

 

QƏLBLƏRDƏ YAŞAYIR 

 

Dünyaya nə olub,  qaşını çatıb?

Hərəni o yana-bu yana atıb,

Əbədi cənnətdə  uyuyub, yatlb,

Heç vaxt qocalmayan, hey cavan qalan,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

Torpaq, namus üçün canından keçdi,

Mərdliyi özünə əqidə seçdi.

Yağını məhv etdi, düşməni biçdi,

Qorxmaz, cəsarətli bir oğlan Vaqif,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

Kənddə tanınırdı   mərifətiylə,

Seçilib-sevildi  ləyaqətiylə,

Orduda fərqləndi  şücaətiylə,

Dostları söylərdi  “Qəhrəman Vaqif”,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

Atası Əziztək  halal yoldaydı,

Ana  nə gözlərdi, fələk nə saydı?

Şəhidlik Tanrıdan qismətdi, paydı,

Sənə bəxş eylədi Yaradan, Vaqif,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

İnsan müdrikləşir lap bircə anda,

Vuruşdu mərdliklə, o, Seysulanda,

İndi tanıyırlar onu hər yanda,

Düşməni qorxudan, sarsıdan Vaqif,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

Şərəf kitabına yazdı adını,

Hünərlə ucaltdı Bərgüşadını,

El də unutmayır öz övladını,

Xatırlanır hər gün, anbaan Vaqif,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

O, haqq savaşında getdi cənnətə,

Nankor qonşuları gəlsin lənətə,

Onlar layiqdirlər  yalnız nifrətə,

Çox şükür, oldular, lap talan, Vaqif,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

Vaqif, gec yazıram, məni bağışla,

Qəlbimdə yerin var  qızıl naxışla,

Oxucum, tanış ol  sən də alqışla,

Düşmənə vermədi  heç aman Vaqif,

Qəlblərdə yaşayır hər zaman Vaqif.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2024)