“Yol” - Aysel Fikrətin hekayəsi Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin “Yol” hekayəsini təqdim edir. Müəllif bu hekayəsini dostlarına ithaf edib. 

Hekayə müəllif diliylə yazılır, qəhrəmanı bir kişidir. Həyatından tam narazı olan bir kişi…

 

Səhər açıldımı - ilk işim televiziya kanallarına qoşulmaq olur. Anlamı olmayan xəbərlərə qulaq asmaqla, gündəlik qayğılardan bir az uzaq olmaq istəyindən bunu edirəm.

Kofeni südlə hazırlayıb, o biri otaqda hələ də yatan arvadıma tərəf boylandım. 

"İşə getməyəcəksən ?" -soruşdum.

Yuxudan oyanmamış danışmağa başladı. Evin kiçik, havasız olduğu mövzusunda başlayıb ta birvaxtlar ona etdiyim evlənmək təklifimə qədər birnəfəsə danışdı. Bəlkə də mən pillələri düşəndə o hələ danışırdı. Pillələri düşə-düşə arxamca peşmanlıq küləyi əsirdi.

Görəsən peşmanlığın rəngi necə olur? Bəs peşmanlıq necə görünərdi, əgər insan olsaydı? Arvadım mənə rast gəldiyinə görə çox peşman idi.

 

İşə çataçatda canıma elə bir sıxıntı çökdü ki, bu gün işə getməyəcəmi düşündüm.

Onsuz da redaksiyada ilan mələyir. Düzdü, işlərim üst -üstə tökülüb qalıb, amma nəşriyyatın da o sökülüb dağılan mərtəbələrində dolaşmağa, anlamsız bir nöqtəyə baxib siqaret çəkə-çəkə saatları saymağa heç zərrə qədər həvəsim qalmamışdı. Bu bir-birinə bənzər günlərin zəncirini qırmaq istəyirdim. Üz tutdum rayonlara. 

Saat doqquzu keçən kimi təsisçi başımı xarab edəcək: "Hardasan, niyə gecikmisən?". Hardansa hec zaman görmədiyim adamlar gəlib işdə məni axtaracaq. Ona görə ilk işim telefonumu söndürmək oldu. Sözün düzü, hara getdiyimi bilmirdim. 

Havada duman var idi. Bu dumanın sıxıntısı əvvəl ayaqlarımı sıxıb sanki ürəyimə qədər yol getdi. Canımda elə bil gizilti var idi ki, mən heç xiffət çəkməmişdim indiyə qədər. Nəyin, kimin fikrini edirəm, heç bilmirdim. Bu boşluğun adı elə boşluq idi.

Bu yolun sonunda nə var, düşünmədim. Artıq şəhərdən çıxırdım. Yadıma hardansa atamın 07-si düşdü, məhəllədə futbol oynadığım qayğısız günlər, üstü sökülmüş, altı qopmuş butsım... 

Yamyaşıl yarpaqların arasından atamın göy rəngli 07-si görünən kimi yerimdən sıçrayırdım.

Qıpqırmızı köynəyim var idi.  Nənəm kənddən göndərmişdi. 

Bilmirəm, bəlkə yorğan üzündən tikmişdi bunu mənə. Saçlarım həmişə dağınıq, toz - torpağın içində olurdu. Atam məni danlaya -danlya evə qaldırırdı. Anam da danlamaqda  geri qalmırdı. Sonra əynimi, başımı təmizləyirdi. Cimdirməyi də yadımdadı. İsti suyu tökürdü başıma. Olub ki, əlindən çıxıb qaçmışam. Kurəyimi elə sürtürdü ki, elə bil indi, bu dəqiqə məni öldürəcək. Anam atamdan daha sərt idi.

Atamın ürəyi yuxa idi...

Arvadımla on ildir evliyik.

Övladımız olmur.

Mən gənc vaxtlarımda  şeir yazırdım. Sonra atam dedi: - "Get bir iş-güc tap". 

Düzdü,  jurnalistikanı oxudum, çörəyim yenə qələmdən çıxdı. 

- Tfu sənə, lənət şeytana. Bu da xarab olmağa vaxt tapdı.

Maşın yolun tən ortasında dayanmışdı. Kapotu açdım, tüstü-duman bürüdü aləmi. Şəhərdən də uzağam. "Özünə macəra axtar" dedilər. Daha demədilər ki, başına bəla aç. Yaxşı yerdə axşamladım.

Yolun qırağında oturmuşdum ki, bir maşın gəldi mənə kömək etdi. Heç kəlmə də demədi, çıxdı getdi. Əvvəl elə bildim bacarmayıb, sonra maşına minəndə gördüm ki, işlədi.

Bir az getmişdim ki, yol-qayda tablolarının dəyişdiyini hiss etdim. Bir də düşdüm, bir də  baxdım. Asfaltda olan rəng, havada olan mistik tüstü məni qorxutmağa başladı. Maşına oturub, radionu açdım. Gülağa oxuyurdu.

Nəsə ürəyimə əminlik gəldi. Bir az da getmişdim ki, aparıcı qabaqcıl pambıq ustalarından söhbət açdı. Maşını necə gəldi saxlayıb, özümü yenə çölə atdım. Yolda bir maşın belə yox idi. İçimdə izaholunmaz qorxu var idi. Yolu üzü günəşə tərəf qaçmağa başladım. Keçmişə düşdüyümü dərk edə bilmirdim. Yenidən geri qaçıb, maşına oturub geri dönüb qayıtmağa başladım. Yolda maşın yox idi. Radioda pioner düşərgələrindən söhbət gedirdi. Belə məlum oldu ki, 82-ci ildir.

Ümid edirdim ki, yol qutaracaq, mən birtəhər Bakının köhnə küçələriylə evimizi tapa biləcəm. Yalnız yol qutarmırdı. Artıq hava qaralırdı. İçimdə olan boşluq hissi qorxu hissi ilə əvəz olundu. Yolun kənarı tamam ucurum idi. Və mən hələ də ayırd edə bilmirdim ki, bu hansı yoldur. Bu yolun sonu tukənmirdi. 

Telefonum tam donmuşdu.

Hardasa, kimsə adımı səsləyirdi sanki.

"Mən niyə bu boşluğa düşdüm?"  -  deyə, üsyan edirdim. Birdən bu keçmişin elə bu bilinməz yolunda özümü öldürmək istədim.

"Keçmişdə nicat axtaranın yolu da bu olar yəqin" - düşündüm. Yolu davam etdim. Qarşıma çıxan ilk uçurumdan özümü atacaqdım. Keçmişdə kimdi məni axtaran? "Qeyb oldu" - deyəcəklər. Nə məclis olacaq, nə ağrı, nə dərd. 

Onsuz da yaşaya bilmirəm. Ev yox, eşik yox. Nə qədər kirayədə qalım? Hələ borcları demirəm. 

Elə rahat, elə azad olmuşdum ki,

ruhum sanki sevincdən canımdan çıxıb uçacaqdı. Sevinc hissim məni boğurdu. Yola davam etdim. Artıq  gecəyə yaxın həmin uçurumu tapdım.

“Əcəb ölməli yerdi" düşündüm.

Ömür uzunu gələn zənglərdən bezərdim. Lakin indi mənim insan səsi eşitmək istəyim oyandı. Kaş bir adam heç olmasa məni səsləyərdi. Heç tək ölmək ləzzət etmir.

- Yox, elə yaxşısı budur - deyib həvəsləndim. Gedib uzaqda tək ölmək!

Allah məni bura, bu yerə ölməyə gətirib, bəs necə. Başqa vaxt anam, arvadım özlərini öldürəcəkdi, adam ölməyə də peşman olur.

İçimdə qəribə bir qorxu oyandı.

Sonra yenə bir-bir bütün dərdlərimi yada salıb, canı-dildən qollarımı açdım.

Dumanın içində böyük bir boşluq görünürdü. Mənə bu dünyada bir doğma səs radio idi, o da indi rus dilində zəhmətkeş mahnıları oxudurdu. 

 - Ya Allah - deyib, kəlmeyi səhadətimi gətirdim.

İki qolumu yana açıb, ğözlərimi yumdum. Gözlərimin önündə sarı, ağ duman ruhumu bürüdü, ayaqlarım əsməyə başladı. Bir necə dəfə təkrar özümü toplayıb üfüqə baxdım. Artıq tam qərarlı idim.

Hətta ayağımın altından bir neçə daş boşluğa diyirləndi. 

Gül kimi ölürəm. Nə şəhərin səs-küyü, nə qaynanamın kinli baxışı, nə arvadımın narahat üzü, nə müdirin istehzası, heç nə... 

- Nə əla yerdəyəm, nə düşmən var, nə dost var -deyib özümü boşluğa atmağa tam hazırladım.

Telefonuma gələn səs məni diksindirdi . Ayılıb yan yörəmə baxdım. Yox, həminki yer idi. Elə həmin yerdə idim. Əlimi cibimə atdım.

Telefonum öz-özünə yanmışdı.

Arvadım nəsə şəkil göndərib.

“Əzizim bu şəklə bax” yazıb. 

Baxıb heç nə anlamadım.

Altında yazılıb - "Ata olacaqsan"

Sevindiyimdən ayağımın altından torpaq qaçdı. Tez özümü arxaya atıb, maşına qaçdım.

Geri çevirdim. Yollar, radio - hər şey əvvəlki kimi idi. Şəhərdən də çox aralı deyildim, evə yarım saata çatdım .

Evə çatan kimi, arvadımı bərk-bərk qucaqladım. O, yenə deyinməyə başladı:  "İndi yoxlanış, mütləq bizə pul lazımdı, sonra ev. Əzizim, yəqin ki, uşağımızı belə evdə yasatmarsan, axı o korpədir, ona nəmişlikdə yaşamaq olmaz.

Başımı tutub bir neçə saat yaşadığım azadlığin həsrətini çəkdim. Və ardımca yenə arvadımın səsi gəldi, özü də…

-Ey, ürəyim qarpız çəkdi, eşidirsən? Axı sən necə atasan? Mən qarpız istəyirəm! 

Pəncərədən çöldə həyat qaynayırdı. Uşaqlar ora -bura qaçırdı. Gözümü boşluğa dikib gülumsədim, xoş gəlirsən balası, yolun aydınlıq olsun.

Yol...

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2024)