“YUXU” – Aydın Tağıyevin hekayəsi

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı qocaman yazıçı Aydın Tağıyevin yaradıcılığı ilə tanışlıq çərçivəsində bu dəfə onun “Yuxu” hekayəsini təqdim edir.

 

 

 

AYDIN TAĞIYEV

 

 

YUXU

 

 

...Neçə il bundan qabaq kişi ona gecə gördüyü yuxusunu dil boğaza qoymadan xüsusi bir şadyanalıqla danışmışdı. Hərçənd ki, gördüyü yuxular çox vaxt kişinin yadında qalmırdı.

– Hə, yuxuda görürdüm ki... – O vaxt əri qulağı ağzında qalan xanı­mını çox intizarda saxlama­mışdı. – Heç bilmədim, məni hardan, necə tutub elə bir saraya gətiriblər ki, kinolarda gördüyümüz şah saray­larından qat-qat təmtəraqlı, dəbdəbəli... Döşəmələr fərşlə döşənib, divarlar da başdan-başa xalça, gəbə... Tavanlardan yeddi rəngdə işıq salan çılçıraqlar asılıb.

Kişi hələ də gördüyü yuxunun ləzzəti ilə səsini uzada-uzada:

– Hə... Hə... Hə...

Məni hələ uzaqdan görən kimi qarşıma yüyürüb qarşılayan saray əhli də bir nəfər kimi ədəb-ərkənla əlbəəl pişvazıma çıxıb, “buyur-buyurla” yer göstərirlər. Heç ac-tox olmağımı soruşmadan qarşım­da əlüstü süfrə açırlar. O süfrədəsə nələr yoxdu? Kişi iştahla dodaq­larını yaladı. Quş südünə kimi hər cür naz-nemət. Mən də uzan­mışam xalının üstündə, dirsəklənmişəm qu quşunun tüklərindən hazırlanmış yumşaq mütəkkələrə. Qulluğu­ma biri gəlir, biri gedir... Bir tə­rəfdən də bülbüllərin cəh-cəhi, gül­lərin də ətri məni məst edib. Elə bil birdən-birə ayılıram, ağlıma nə gə­lirsə, üzümü tuturam mənə cani-dildən qulluq edənlərə, soruşuram ki, bəs bura haradır, mən har­da­yam? Onlar da gülümsəyə-gü­lüm­səyə, mehriban-mehriban cavab verirlər ki, əlbəttə, öz evində! Əlbəəl evimiz gəlib durur gözlərimin qabağında. Amma evimiz ha­ra, bura hara? İncik-incik dillənirəm ki, niyə mənimlə məzələ­nirsiniz, axı bura mənim evim deyil? Onlarsa and-aman edirlər ki, elə şey yoxdu. Birdən ağlıma yenə də nə gəlirsə, qayıdıb xəbər alıram ki, əgər bura mənim evimdisə, onda bəs elə bu gündən köçüb gəlib qalıram burda. Daha köhnə evə döndü yoxdur. Bu dəfə onlar nədənsə qayğılanıb ciddi­ləşirlər: – Yox, yox, – deyə tez-tələsik səs-səsə verirlər, – tələsmə, deyirlər, vaxtı çatanda bu evinə birdəfəlik köçəcəksən...

Onların bu sözləri elə bil ağlıma batır, sonra daha mən də susub danışmıram, fikrə gedirəm. Kişi köks ötürüb ah çəkmiş, sonra da yanıqlı-yanıqlı yuxusınun ardını danışmışdı. Çənə-boğaz etməyin yeri deyildi, abrıma qısılıb otur­duğum yerdən ayağa qalxdım. Ayağa qalxmaqla da yuxudan ayıldım...

Bir vaxt gördüyü bu yuxunu kişi bu günəcən yaxşı-yaman ömür-gün sürə-sürə, işləri gah düz, gah əyri gətirə-gətirə bir daha görmədi. Bu­rasını da bilirdi ki, elə özü də gah düz, gah əyri olub.

Əyri olan vaxtların birində yu­xusunu yadına salıb: – Yox, çətin ki, o yuxunu bir də görəm, – deyə yanıb-yaxılmışdı. – Kaş o vaxt o yuxudan heç ayılıb oyanmayay­dım. Bilirdi ki, elə yatan yerindəcə gördüyü yuxunun içində nə qədər dünyasını dəyişənlər olub... Əmin idi ki, o vaxt öz yuxusunun içindən ayılıb oyanmasaydı, bəlkə də, qalıb elə o sarayda da yaşayardı...

 

***

 

Qadın çarpayıda yatan xəstə ərinin başının üstünü kəsdirmişdi. Çarpayının həndə­vərində dörd do­lanır, gah çarpayının baş, gah da ayaq tərəfinə keçə-keçə həm də için-için ağlayırdı. Hönkürtü vurub ağlamağa qorxurdu, xəstəni oyatmaqdan çəkinirdi. Qadın başa düşürdü ki, əri yuxu görür. Xəstənin başı üstündə özündən başqa birisinin də durduğundan isə xəbəri yox idi...

Axı otağın qapısı da, pəncərələr də bağlı idi. Bir kimsə içəri daha haradan keçə bilərdi ki?

Yuxu görən xəstə arabir əl-qol atmağa cəhd edirdi. Bir müddət ondan səs-səmir çıxmadı, heç bir tərpənişi də yox idi. Qadının gözü ərinin yuxulu üzündə qalmışdı. Və yuxulu adamın meyit rəngi almış qırışıq sifətinin haldan-hala düşməsindən, sifət cizgilərinin tez-tez dəyişməsindən başa düşdü ki, xəs­tə hələ də yuxu görür. Yuxu görən adamdan əvvəlcə çağa çığırtısına bənzər bir səs çıxdı. Sonra elə bil bir körpə iç vurub ağladı.

Bir ara yenə ortaya sükut çökdü. Sonra yenə səslər gəldi. Amma budəfəki səslər qarışıq idi. Gah həzin, həlim, sakit, gah qəzəbli. İndi yuxu görən adam elə bil kimə isə gah yalvarır, bəlkə də, onu yola gətirə bilmədiyinə görə hərdən də coşub özündən çıxırdı.

Və ən nəhayət, yuxu görənin xırıltısı eşidildi. Bu xırıltıya həm də bir ağrı-acı, inilti də qarışmışdı. Elə bil xəstə yuxuda onu dartıb harasa aparmaq istəyənin əlindən xilas olub qurtulmaq istəyirdi. Ancaq indi buna gücü çatma­dığından, yalvar-yaxarın da bir xeyri-faydası olmadığını başa düş­düyün­dən yuxusunda köməyə ana­sını haraylayırdı...

...Sonra yuxu görən xəstə toxtayıb səssiz-səmirsiz, kirimişcə, şirin-şirin mışıldadı. Bir ara ondan heç bir səs-səda gəlmədi. Sanki aradan illər keçdi. Yuxulu xəstə birdən yerində, yorğan-döşəkdə qımıldanıb vurnuxmağa, taqətsiz olsa da əl-qol atmağa başladı. Məlum idi ki, bütün bunlar gördüyü yuxunun içində baş verən hadisələrin təzahürüdür, hələ də yuxu görür. Sonra kişidən pıçıltılı bir səs çıxdı. Bu pıçıltını yalnız yuxu görən adamla üzbəüz qarşısındakı eşidə bilərdi.

 

***

 

Neçə vaxtdan bəri yorğan-döşəkdə yerinin içində gecəni səhərəcən inildəyə-inildəyə, ah-vayla keçirən xəstə bu gecə yataqda daş kimi düşüb qalmışdı. Bəlkə də nə vaxtdan bəri oyaq qaldığı gecələrin yuxusuzluğu ona güc gəlmişdi. Xəstə yuxuya get­mişdi. Səs-səmiri gəlməyən xəstə­nin birdən-birə ayılıb qatma-qarı­şıq səslər çıxarmasından qadın ilk əvvəl diksindi, sonra da başa düşdü ki, əri yuxu görür. Əlbəttə, yuxu görən ərinin indi yuxuda nələr gördüyündən o agah ola bilməzdi, ta ki, yuxu görən ayılıb gördüyü yuxusunu elə özü ona danış­masaydı. Amma... Yuxu görənin qırıq-qırıq, bir növ ardıcıl səslərin­dən elə bil o kişinin yuxuda nələr gördüyünü özlüyündə təxmin edə bilərdi. Çarpayıya bir az da yaxın oturub səsə dinşək kəsildi.

...Elə bil səslər lap qulağının dibindən gəlirdi. Əvvəlcə çağa çığırtısına bənzər bir səs idi. – İnqə... İnqə... İnqə...

Bir müddət çarpayıdakı yuxulu xəstədən heç bir səs-hənir çıxmadı. Sonra elə bil südəmər bir körpə acından iç vurub ağlamağa başladı, bir müddət keçdi, elə bil ac körpəni əmizdirib doydurmuş­du­lar. Səs kəsildi, körpə şirin bir yuxuya getmişdi.

Çarpayıya daş kimi düşmüş yuxulu xəstə bir müddət inildədi, ancaq yuxudan ayılmadı.

Qadın xəstə ərinin başının üstünü kəsdirmişdi.

Qəfildən yenə yuxulu xəstə qarışıq səslər çıxartmağa başladı. Elə bil nadinc, qabağından yemə­yən bir dəliqanlı kiminləsə dala­şırdı.

Sonra pıçıltı ilə qırıq-qırıq deyilən sözlər... Qırıq-qırıq deyilən bu sözlər indiyəcən qadının yadındaydı. Və qadın aradan neçə il keçsə də, birdən-birə ilk dəfə o sözləri eşitdiyində necə həyalanıb həyəcanlanmışdısa, yenə də eləcə haldan-hala düşdü...

Xəstə yuxu görürdü.

Kişi yatağa düşəndən bəri hər gün gəlib ona baş çəkən tanış həkim bir neçə gün bundan qabaq sonuncu dəfə xəstəni müayinə edib onu yola salan qadına pıçıltıyla: – Xəstəni dəva-dərmanla, vurulan iynələrlə incitmək daha günahdı, – demişdi.

Həkimin bu sözlərindən sonra qadın hıçqırmış və o gündən bəri də dediklərinə əməl edib ərinin dəlmə-deşik olmuş qollarına daha iynə vurdurmur, acı dərmanları içirdib sonra da öyüməyə məcbur etmirdi.

Çağa çığırtısı isə başlanan bir yuxu beləcə qarışıq səslərlə hələ ki davam edirdi. Gecədən isə keçirdi... Yuxu görən adamın xeyli sükutdan sonra birdən yenidən səsi gəldi bu bu səsi xanımından savayı yanında hər kim olsaydı da, eşidib ayırd edə bilərdi. Xəstə açıq-aşkar inildəyir, elə hey “Ana, ana” deyib zarıyırdı, körpə kimi anasından kömək istəyirdi.

Qadın başını qaldırıb divardan asılan saata baxdı. Əqrəblərin hər ikisi 12-nin üstündə idi...

Qadın birdən-birə hövllənib gücü çatan qədər çarpayını bərk-bərk silkələdi, xəstəni oyatmaq istədi. Xəstə qımıldanmadı. Və şivən qoparan qadın başa düşdü ki, ərini indi yatdığı bu yuxudan oyanmağı bir də İsrafilin öz Surunu çalan günə qaldı...

 

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2024)