Şəhidlər barədə şeirlər – Tacir Əhmədov

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Tacir Əhmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

TACİR MEHDİ OĞLU ƏHMƏDOV

(20.04.2001.-20.10.2020.)

 

Əslən Kürdəmir rayonunun Qarabucaq qəsəbəsindən olan, Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

T A C İ R

 

Doğuldun Kürdəmirin, sən  Qarabucağında,

İyirmi aprel günü, baharın xoş çağında.

Gəlişinlə elə bil  evə bərəkət gəldi,

Ailəyə min sevinc, fərəh, məhəbbət gəldi.

 

Atan-anan mehriban, qeyrətli insandırlar,

Halallıqla yaşayan, hörmətli insandırlar.

Tale elə gətirdi siz Bakıya köçdünüz,

Burda Binəqədini yeni məskən seçdiniz.

 

Məktəbdə oxuyanda hamıya əziz idin,

Dostların bilirdilər, ürəyi təmiz idin.

Çalışıb dərslərindən yaxşı qiymət alırdın,

Sinif yoldaşlarının qayğısına qalırdın.

 

Qarabağı bəxtiyar,  azad görmək istərdin,

Düşmənlərin cavabın, payın vermək istərdin.

Vaxt gəldi, əsgərliyə, xidmətə çatdı yaşın,

Səni yola saldılar -atan, anan, qardaşın.

 

 

Anan dedi: - Tacirim, get, sevindir elini,

Məqamdır, qırmalısan düşmənlərin belini.

Düşməni torpağımdan, balam, sən qovmalısan,

Yağıları məhv edib,  burnunu ovmalısan.

 

Əsgərlikdə edirdin  xidməti Naxçıvanda,

Mətin hərbçi oldun, orda, qısa zamanda.

Bəxtinə düşdü  olmaq- xüsusi təyinatlı,

Heç bir şeydən qorxmayan, cürətli, yel qanadlı.

 

Başladı müharibə  namus, torpaq uğrunda,

Əzəli  yurd yerimiz, xan Qarabağ uğrunda.

Döyüşdün düşmənlərlə, məhv etdin yağıları,

Puç etdin erməninin yalançı nağılların.

 

Elə vuruşdun ki, sən, düşmənlər peşman oldu,

Elə döyüşdün ki,  sən, hünərin dastan oldu.

Necə də bağlı idin  bu diyara, torpağa,

Binəqədiyə döndün, bükülərək bayrağa.

 

Uyuduğun yer ki  var, olub müqəddəs məkan,

Hamı deyir, bu- odur, bizim Tacir-qəhrəman.

On doqquz il yaşadın, unutmarıq biz səni,

Sənin kimi oğullar azad etdi Vətəni.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)