“Alfons” - AYSEL FİKRƏTİN HEKAYƏSİ Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin yeni hekayələrinin təqdimatını davam etdirir. Bu gün sizlərin ixtiyarına   “Alfons” hekayəsi verilir. 

 

Bu gün klinikaya bir qadın gəldi. Əlliyə yaxın yaşı olsa da, hələ də məsumluğunu itirməyən gözləri ilə mənə baxırdı.

-Baxmayaraq ki, onun məni bir cavan qızla  aldatdıqdan sonra evləndiyini eşidib ağır xəstəlik keçirdim, fikirdən su belə içə bilmirdim, amma yenə də onun üçün darıxırdım. Sonradan mənimlə heç kəlmə də kəsmədi. Lakin bir müddətdən sonra birdən yenə peyda oldu. Halbuki, mən onu qaytarmağa çalışanda o mənə cavab vermirdi, telefonu belə götürmürdü.

Bütün bunları danışdıqca ağlayır, üzündə qəribə anlaşılmaz ifadələr peyda olurdu. Xatirələr onu məhv edirdi.

-Siz bilirsiz ki, keçmiş insanı məhv edə bilər? Olub keçənləri yenidən yaşayırmış kimi ifadə etməyin. Sadəlöv və zərif ürəyinizdən istifadə ediblər. Bu oğurluq kimi bir şeydir. İnsan aldanıla bilər. Sizi aldadiblar, bu hamının başına gələ bilər, heç kim bundan sığortalanmayıb, -dedim. 

Gözləri bunu inkar edirdi.

-Sizdən maddi heç bir istəyi olmayıb ki?, - soruşdum.

O susdu.

-İnanıram ki, bu cür tiplər manipulyasiya edib, elə məcbur edirlər ki, qadın özü onlara pul versin, yaxud hansısa köməklik etsin. Sonra isə hər söhbətin sonunda qadının  özünü günahkar çıxarırlar. 

Əlavə etdim:

-Elə insanlar yalandan Allaha da and içirlər, səni dəlicəsinə sevdiyinə inandirmaq üçün böyuk səy göstərirlər. Onlar ağlaya bilər, özlərinə qəsd edə bildiyini söyləyər, buna səni inandırmağa çalışar, şantaj edə bilər, sənə görə güya böyük addımlar atmağa hazır olduğunu bildirər, bir sözlə hər  pisliyə qadir ola bilirlər. Anlayırsız?

Mən danışdıqca qadının üzündə solğun bir ifadə əmələ gəldi.

-Bu ola bilməz. Axı o, bu qədər əziz və doğma olduğu halda bunu mənə edə bilməz. Bu mümkün deyil. Mən siz dediklərinizə inanmaq istəmirəm. Siz yalan danışırsız. Yox bu mənim başıma gələ bilməz - deyə fəryad etdi.

Az sonra da sual verdi:

-Bəs sizin dilinizdə onlara nə ad qoyurlar, psixopat?

-Yox, əzizim. Bu  alfons tipidir. Bildiyimiz klassik  alfons tipi.

Aydınlıq gətirdim:

-Alfons, yəni qadın hesabına yaşayan, bunu qəbul edən kişi. Əvvəla onu qeyd edək ki, alfons qadının hesabına yaşamaqla yanaşı, onun pulundan istifadə edən kişi tipidir. Bu cür tiplər sevə bilmir. Yalnız öz işinə gəldiyi vaxta qədər adamdan istifadə edirlər. Sonra başqa obyekt axtarırlar. Evlənmirlər. Evlənsələr özlərinə bənzər tiplərlə evlənə bilərlər. Yəni kişilərdən istifadə edən qadın tipiləri ilə. Yəni burda anlamayacaq nə var axı? Qəbul edə bilmirsiz başa düşürəm. Ancaq faktdır ki, sizi aldadıblar.

Qadın çökmüş bir görkəmdə ayağa qalxdı. Mən ayağa durub onu sakit etməyə çalışdım. O isə mənə nifrət və inamsız dolu baxışlarla baxıb, otaqdan çıxdı.

 O məndən nəisə gizlədirdi. Ürəyimə damırdı ki, onun məndən gizlədiyi məqam bu qadının öz sevgisi idi. Öz sevgisi, halbuki bu sevgnin ünvanı ən son alçaq bir insan olmuşdu.

 

Alaqaranlıq otaq. Kişi göz yaşlarıyla qadının ayaqlarına sarılıb hönkürtüylə ağlayır, qadın onun saclarını sığallayır.

-Axı niyə başa düşmək istəmirsən ki, mən səni sevirəm. Axı mən nə etməliydim? Sən özün də mənə dəfələrlə öz həyatını, təhsilini, gələcəyini düşün demişdin.

Qadın susurdu.

Hər tərəf gül çiçəklərlə dolu olan bir otaq. Qadın əllərini kişinin saçlarından çəkib güllərə toxundu.

Kişi: "Səni çox sevirəm."

Qadın göz yaşlarını silib pəncərəyə yaxınlaşdı.

O, bu dünyadan nəsə gözləyirdi. Gözlədiyi öz sevgisi idi. Qadının sevgisi çox gözəl idi. Özü kimi gözəl. Qadının sevgisinin də gözləri onun öz gözləri kimi ala idi. Günəşə, dənizə baxanda dəyişirdi. Üzü, çizgiləri də sevgisi kimi gözəl idi.

O, pəncərədən uzağa baxırdı. O, anlayırdı ki, indi bu içəridə ona yalan satan adamın yox, öz sevgisinin əsiridir.

 

Qapı açılır. Kişi üçün qapını bir qadın açır. Kişi içəri girib onu opür. 

-Nə bişirmisən? Nə gözəl ətir gəlir?

İçəri keçib, uşağının beşiyinə əyilib, oğlunu qucağına götürür.

-Gözəlçəni görə bildin?

-Hə gördüm.

-Yaxşı, bəs niyə qanın qaradı?

-Yox qanım qara deyil. Sən nə istəmişdin, hamısı olacaq. Təkcə bir az indi çox vaxt keçib, boyük məbləğdən başlaya bilmədim.

-Qoca kaftar bu dəfə az pul verdi?- deyə, qadın istehzayla gülümsündü.

-Bəs toyumuzu etdiyini dedin ona? Bir çox sağ olumu da çatdırardın. 

Saqqanaq çəkib gülür.

-Yox əşşi, deyə bilərəm? Sənə Şüba alacam. Amma o biri məsələ bir az vaxt aparacaq. Gərək bir az da inam qazanım.

-Yaxşı, başa düşdük, - deyib arvadı böyük ağ mələfəni onun üstünə atdı - Rədd ol get çim.

Kişi suyun altında hec cürə təmiz ola bilmirdi. Onun bədənindən sevgi-qadının göz yaşları, naləsi yuyulub getmirdi. Heç bir məbləğ bu sevginin ahını onun ruhundan yuya bilməzdi. Yalnız onun ruhu belə satılmış şeytan kimi gizlənmişdi. Bütün bunlardan xəbərsiz kimi yuyunurdu. Çünki bir qadının göz yaşını, sevgisini xərcləyib özünə həyat qurmağın necə böyük ........ olduğundan xəbərsiz idi. 

Böyük günahına nələr üçünsə haqq qazandırıb, gündəlik həyatına davam edirdi. Küt ağlının içində zərrə qədər də müqəddəs heç nə yox idi. Yalnız dünyanın ən müqəddəs insanının ahını almışdı bəlkə. Bəlkə sevən qadın bunu gec-tez anladı. Miskin olan özü isə bundan ömürlük xəbərsiz idi.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)