“Axıb ürəyinə dolsam, yetərmi?” - Şamil Ənvəroğlunun şeirləri Featured

Rate this item
(1 Vote)

“Ədəbiyat və incəsənət” portalı sizlərə Şamil Ənvəroğlunun şeirlərini təqdim etməkdədir. Bu gün sizlər üç poetik boxçadan sonuncu ilə tanış olacaqsınız.

 

 

Heç bilirsən, necəyəm?

Bir az məsum uşağam,

boyumu aşıb hələ həyatla oynayıram...

Ümid özümdən böyük, inad özümdən ağır,

hələ də biz tərəfə aramsız kədər yağır.

İndi daha inam yox uşaq nağıllarına,

Indi hamı böyüyüb bir “səhvsiz” adam olub.

Mənsə yanlış tuturam, öz içimi yeyirəm,

nəsə tərs gedən kimi  "günah məndə" – deyirəm.

Hələ də doğma sayıb sevirəm adamları.

Yıxılsam da, dururam, tutunuram sabaha,

hələ də ümid sürtüb sarıram yaraları... 

 

Heç bilirsən, necəyəm?

bir az sönən ocağam,

tüstüsü başdan çıxan,

yanmış arzularının külündə çabalayan

bir soyuyan közəm mən,

gərək bir səbəb tapıb beş-on il də dözəm mən... 

 

Heç bilirsən, necəyəm?

Tərtəmiz bir sevgiyəm,

dumduru bulaq kimi qaynayıram içimdə,

Ha cəhd etsəm, alınmır,

sözlər hey yarım qalır,

qıyıb yaza bilmirəm sevgimi sətirlərə,

deyirəm ki, bəlkə də,

heç gərək yox sözlərə? 

 

Heç bilirsən, necəyəm?

Bir az müdrik qocayam,

həyatın hər üzünü təsbeh çəkib yorulan,

ancaq yenə ayaqda, sarsılmayan, dik duran.

Bir az çılğın yanım var, tufanlı dəniz kimi.

Bir az səssiz yanım var, ölü bir bəniz kimi...

Tənhalığın çətrini tutmuşam başım üstə,

dünyamıza nə vaxtdır ağrı yağır aramsız.

Ey yağışda islanan,

gəl bu çətri paylaşaq,

dost olaq, doğma olaq,

bir gözləyək Günəşi.

Qəlbimdə ümidi gör,

gözlərimdə atəşi... 

 

Heç bilirsən, necəyəm?

rotasız səyyah kimi hara gəldi, gedirəm.

Xəyalımda xoşbəxtəm,

gerçəyimdə ölürəm...

Hələ bir də arzular...

Bir bilsən, arzuların necə boğulmağı var,

usanıb gözləməkdən gəlib bir kənarına,

bir bilsən, uçurumdan necə atılmağı var... 

 

Heç bilirsən, necəyəm?

neçə ağrı yaşamış bir darısqal otağam,

mənsə elə bilirdim,

bu qədər ağrılara ünvan deyil, qonağam...

elə dar otağam ki,

nə sevgimə yer çatır,

nə də sonsuz duyğuma.

Ha deyirəm sus, ruhum,

bəsdir, artıq ağlama... 

 

Heç bilirsən, necəyəm?

Bir az üzgün keçmişəm,

səssizcə kövrəlirəm...

Bir az narahat bu gün,

nəyisə gözləyirəm.

Bir az da gözəl sabah

gələcəyin bilirəm...

Elə bir sabah gələ,

gülə hər təmiz ürək...

Ürək də qəribədir,

bu qədər parçalanır,

sonra isə deyir ki,

Yaxşı olar, döz görək.

 

 

OXŞANMAYAN SAÇLAR TEZ AĞARAR... 

 

Öncə düşüncələr yorular insanda,

“niyə?”lərin ölüm cəzası edama sürükləyər düşüncəni...

Sonra sözlər asar özünü udqunan boğazda...

Dili susqun olar ən çox sözü ölənlərin,

ən çox gözlər yetim qalar gözləməkdən.

Ən dəhşətli yoxluq bir üzdə xoş təbəssümün itkin düşməyidir.

Ən çox əllər qəribsəyər yad əllərə toxunduqca,

ən çox qollar bezər səndən bir boşluğa sarıldıqca.

Və insan nə vaxtsa itirməkdən yorular... 

 

Hər gündəliyin göz yaşından saralmış bir neçə səhifəsi var, əlbət,

Ya da məktubların yaddaşında gizlədər göz yaşı öz şəklini...

Bütün uzaqlara dikilən gözlərin bir gedib dönməyəni var,

yanan arzular içində bir tam yanıb sönməyəni var...

Yorğun ürəklərin yuxusu olmaz, qadası,

qorxusu olar-ayıq qalmaq qorxusu...

Yatmaq dincəlmək üçün deyil bəzən,

unutmaq üçündür,

bütün ağrıları unutmaq üçün...

Hər keçmişin bir duz basılmış yarası var,

ağrıdar için-için.

Və insan nə vaxtsa ağrımaqdan yorular... 

 

Hər qabarlı əlin bir yalnızlıq tərəfi var,

həm də heç kimə əyilməyən bir qürurlu tərəfi...

Əllər, bəlkə də, daha xoşbəxtdir,

darıxanda o biri ələ sarılıb təsəlli tapır deyə...

Gözlərin xoşbəxtliyi ağlayıb boşala bildiyi qədərdir,

çıxıb gedə bildiyi qədərdir ayaqların xoşbəxtliyi,

dodaqların xoşbəxtliyi sevgidən öpə bildiyi qədərdir.

Və heç kimə yük olmadan qəfil ölə bildiyi qədərdir bir insanın xoşbəxtliyi...

 

 

***

 

Dönsəm ümid-ümid axan sözlərə,

axıb ürəyinə dolsam, yetərmi?

Sevsəm o ürəyi canımdan artıq,

səninlə bir bütöv olsam, yetərmi? 

 

İnansam həyatın bu naxışına,

vurulsam o şirin, xoş baxışına,

dönsəm bulud-bulud eşq yağışına,

bir ömür ruhuna yağsam, yetərmi? 

 

Hopsam varlığına, səndə "sən" olsam,

dolsam o ürəyə, ölüncə qalsam,

ömürlük yoldaşın, sirdaşın olsam,

canımdan daha çox sevsəm, yetərmi? 

 

Bəzən atan kimi oxşaya bilsəm,

bəzən oğlun kimi qayğını çəksəm,

bəzən dostun kimi dərdini bölsəm,

sənin hər bir kəsin olsam, yetərmi?

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)