POETİK QİRAƏTdə Əlizadə Nurinin “Kül” şeiri Featured

Rate this item
(0 votes)

Poetik Qiraətdə bu gün sizlərlə yenidən sevilən şair Əlizadə Nuri görüşür. “Kül” adlanan şeir ilk baxışda nakam sevgi şeiridir, ilk baxışda şair ayrılıqların yandırdığı tonqalda kül olur, amma sonradan görürsən ki, elə bütün ömür ayrılıqlardan ibarətmiş. 

 

Kağızın içində yandı bu ömür-

Mən adam külüyəm, ya kağız külü?

 

Tək bu şeiri oxumaq belə deməyə əsas verir ki, Əlizadə Nuri çağdaş poeziyamızın ən mükəmməl bir neçə şairindən biridir. 

 

Xoş mütaliələr! 

 

Kül

 

Kağızın içində yandı bu ömür-

Mən adam külüyəm, ya kağız külü?

Mən yandım, canımda  o qız da yandı-

Bir az öz külümdü, bir az qız külü...

  

İndi ayrılıqlar ömürdən uzun,

Ölümlə oyunda ömür uduzur.

...Hər axşam yandırır ayı-ulduzu

Allah səhər yığır ay-ulduz külü...

  

 

Dərd çaxmaq daşıdı-daşdan yanmışam,

 Ayaqdan od alıb, başdan yanmışam.

 ...İlahi, nə yaxşı eşqdən yanmışam-

 Baha eləmişəm bu ucuz külü...

  

“Ədəbiyyat və incəsənət”

 (28.03.2024)