MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Rate this item
(0 votes)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Axırıncı dəfə mənzilə nəzər saldı. Dolabdakı dəyişək paltarlarını yığdığı çantanı çiyninə asdı, ona daha lazım olmasa da, paltarlarını və çantanı mənzildə qoyub gedə bilməzdi. Bir daha cibindəki sənədləri yoxladıqdan sonra əlini uzadıb çəliyi götürdü və mənzildən çıxıb qapını örtdü. Blokdan çıxanda ətrafa nəzər salıb əvvəlcə ona lazım olan tərəfə yox, əks tərəfə getdi. Orada zibil qutularının olduğunu bilirdi. Qutulara çatanda cəld hərəkətlə çiynindəki çantanı qutulardan birinə atdı. Çantalı adam daha çox diqqət çəkə bilərdi. Bunu etdikdən sonra üzünə zibilini atıb geriyə qayıdan adam görkəmi verib axsaya-axsaya əks istiqamətə, yolun üzüyuxarı meyil etdiyi tərəfə yan aldı. Elə də uzaq olmayan məsafəni piyada qət edəcəkdi.

* * *

Təqvimdəki şəkli görəndə bir anda hər şey mənə aydın olmuşdu. Təki Mahir telefona tez cavab verəydi. Nəhayət dəstəyin o başından onun səsi gəldi. Sözünü ağzında kəsib qışqırdım:

-Mahir, tez mənə de. Bizə lazım olan dövr ərzində Mahmudun iştirak etmədiyi, digər yaşıllaşdırma işləri aparılan yerlərin siyahısı yanındadır?

-Əlimin altındadır.

-Tez bax gör siyahıda Alov Qüllələri var?

Mahirin cavabı bir neçə saniyə çəkdi.

-Var, Bəxtiyar, var. İyulun 28-də orada qazon örtüyü solduğu üçün yenilənib. Demək istəyirsən ki, üçgümbəzli kilsə Alov Qüllələrinə işarədir?

İyulun 28-i… Mahmud iyulun 28-i yoxa çıxmışdı. Mahirin bu dediklərindən sonra daha ehtimalımın doğru olduğuna heç bir şübhəm qalmadı. Partlayıcını oraya yerləşdirən Mahmud bir gün sonra aradan götürülmüşdü. Daha doğrusu, elə həmin gecə. Partlayıcını oraya gecə saatlarında, 29-na keçən gecə qoya bilərdi, gündüz yox. Deməli, 28-i işdən çıxandan sonra evə qayıtmayıb gecənin düşməsini gözləyib. Ona görə də o, 28-dən itkin düşmüş hesab olunur. Belə təsadüflər olmur. 

-Düz başa düşdün. Tək bu deyil, qardaş. Ağzından alov saçan ikibaşlı əjdaha… Bu teraktın törədiləcəyi tarixə işarədir. Bu gün ayın ikisidir, oktyabr ayının ikisi. Başa düşürsən, partlayış bu günə təyin olunub, Mahir.

Mahir susub heç nə demirdi. Bu başa düşülən idi. Hazırlanan teraktın təyin olunduğu tarixi elə həmin gün müəyyən etməyimizin nə olduğunu ikimiz də gözəl başa düşürdük. Ancaq hələ o, mənim bildiyim əsas şeyi bilmirdi. Hər şey demək olar ki, vaxtımızın qalmadığı anlamına gəlirdi.

Onun danışmasını gözləməyib davam etdim.

-Təəssüf ki, bu da deyəcəklərimin hamısı deyil. İndi ən pis olanı dinlə. Stepanın göndərdiyi şəkildə, kilsənin üstündəki səmada günəş şəkli yadındadır? Yeni doğan, hələ tam qalxmamış parlaq günəş. Bu partlayışın törədiləcəyi vaxtı göstərir. Ayın 2-si, səhər saatları. Bu dəfə heç bir səhv yoxdur. Tələs, gecikə bilərik.

-Başa düşdüm-Mahir yenə də qısa cavab verib xətti kəsdi.

Nəhayət, hər şey yerini aldı. Üçgümbəzli kilsənin şəklini Moskvada olarkən çəkməsi, Solominin hələ o vaxt haranı partladacağı barədə məlumatlı olmasına işarədir. Çox güman ki, əvvəlki gəlişlərində Alov Qüllələrinin ətrafını gəzib orada kəşfiyyat işləri aparıb. Elə partlayışın səhər saatlarında törədiləcəyi də belə anlaşılır ki, həmin vaxt məlum imiş. Teraktı törədəcəyi tarixi isə «Koramal»a burada, Bakıda olarkən bildiriblər. Görünür bununçün münasib vaxt gözləyirmişlər. Böyük ehtimalla qarşı tərəf cəbhədəki bir həftəyə yaxın biyabırçı məğlubiyyətindən diqqətləri yayındırmaq üçün hadisələri tezləşdirib. Belə başa düşülür ki, partlayışın tarixi barədə məlumat bir, ya da iki gün əvvəl ona verilib. İkibaşlı əjdaha şəklini də o, məhz bu xəbərin təsiri altında çəkib. Elə, ya belə, hər halda axtardığımız qatı cinayətkarın uşaqlıqdan rəssamlığa olan həvəsinin onun psixologiyasında qoyduğu izlər işimizə yaradı. Ən azından, daha onun qarşısında «silahsız» deyilik.

* * *

Hiss elətdirmədən qolundakı saata baxdı. Saatın əqrəbləri 8:50-ni göstərirdi. Ürəyində bu çəkmələri fikirləşənlərə bir yağlı söyüş söydü. Adi yerişlə indi gedəcəyi yolun yarısını qət etmiş olardı. Ancaq axsamağa və yerişini yavaşıltmağa məcbur idi. Hər-halda məsafə elə də uzaq deyildi. Gedəcəyi məkanın iki yüz metrlik məsafəsinə çatması işini görmək üçün kifayət edəcəkdi. Elə bu iki yüz metr məsafə həm də partlayışdan sonra yaranacaq qarışıqlıqda oradan diqqəti cəlb etmədən uzaqlaşması üçün nəzərdə tutulmuşdu. Başını döndərmədən ətrafı nəzərdən keçirib yoluna davam etdi.

* * *

Daxili İşlər Nazirliyində yaradılmış xüsusi məxfi qrupun rəhbəri, polkovnik Mahir Vəliyevin verdiyi məlumatı dinləyən ağsaçlı general telefonun dəstəyini qaldırıb növbətçi zabitə göstərişlərini verdi. Onu dinləyən zabit,-«aydındır»,-deyib qarşısındakı radiostansiyanın dəstəyini qaldırdı:

-Diqqət, diqqət! Bütün stasionar postlarda, piyada və avtopatrul marşrutlarında xidmət aparan rəhbər əməkdaşların nəzərinə. Bütün əməkdaşların təlimatlandırılması vacibdir. Tərəfinizdən Bakı sakini İvan Andreyeviç Nikolayev yoxlanacağı təqdirdə onun bir qədər ləngidilməsi, sonra isə bütün hallarda sərbəst buraxılması əmr olunur. Deyilən adam böyük ehtimalla çəliklə gəzir.

Növbətçinin verdiyi bu məlumat xüsusi kanal vasitəsilə verildi və onu yalnız əl radiostansiyalarına qulaqcıq taxmış post və patrul rəhbərləri eşitdilər. Beş dəqiqə keçməmiş, onlar bütün əməkdaşlarını təlimatlandırmışdılar və artıq hamı verilən əmr barədə xəbərdar idi.

Polkovnik Vəliyevin göstərişi ilə Alov Qüllələri istiqamətinə yollanan istehkamçı qrup artıq oraya çatmaqda idi. Onlara əsas diqqəti oradakı yaşıllıq ərazidə olan, bir neçə ay əvvəl yenilənmiş qazon örtüyünə yönəltmək tapşırılmışdı.    

Başqa bir maşında gedən Mahir Vəliyevlə məxfi qrupun üzvləri onlardan bir qədər arxada gəlirdilər. İstehkamçılar öz işlərini görərkən, onlar Alov Qüllələrinin ətrafında hiss elətdirmədən lazımı mövqeləri tutmalı idilər. Panikaya səbəb olan heç bir hərəkətə yol vermək olmazdı. Hər şey sakitcə yerinə yetirilməli idi. Kompleksin rəhbərliyi artıq vəziyyət barədə məlumatlandırılmışdı. İstehkamçıların işlərini rahat və operativ görmələri üçün hər bir şərait yaradılacaqdı.

Beş dəqiqə sonra maşınla kompleksin qarajına daxil olan istehkam qrupunun üzvləri cihazlarını götürüb tələsik qarajın arxa qapısından yaşıllıq olan əraziyə qalxdılar. Kompleksin iki nümayəndəsi onları orada gözləyirdilər. Daha beş dəqiqə keçmiş məxfi qrupun üzvlərini gətirən maşın qaraja daxil oldu. Maşından düşən əməkdaşlar qısa fasilələrlə qarajı tərk edib Qüllələrin ətrafında, bir neçə istiqamətdə, təxminən iki yüz əlli metr radiusda mövqelərini tutdular. Yolda gələrkən kimin harada dayanacağını artıq müəyyən etmişdilər. İstehkamçı qrupun rəhbərinin Mahir Vəliyevlə birbaşa əlaqəsi var idi. Nəsə aşkar olunarsa, dərhal ona məlumat verəcəkdi.

* * *

Telefon danışığı bitən kimi sürətlə evdən çıxıb maşını işə salmışdım. Ancaq səhər saatları olduğundan postların qarşısında düzülmüş maşınları görüb vaxt itirəcəyimi başa düşdüm. «Niva»nı yolun ortasındakı səkiyə dırmaşdırıb yolun əks tərəfinə keçdim. Uzaqdan bu manevrimi görüb yoxlamadan yayındığımı düşünən əməkdaşlara hansısa addım atmalarına imkan verməyib maşını sürətlə onların yanına sürüb saxladım. Xüsusi verilmiş vəsiqəni təqdim etməyim yaranmış gərginliyi bir anda aradan qaldırdı. Uşaqlardan maşınımın nömrəsi barədə bütün postları məlumatlandırmalarını xahiş edib, maşının işıqlarını yandırıb yolun əks istiqaməti ilə sürətlə yola davam etdim. Oraya vaxtında çatmalı idim. Efir vasitəsilə məlumatı alan ilk qarşılaşdığım yol polisi maşınımı görən kimi birinci yolayrıcında yolun əks istiqamətinə keçib sayrışan işıqları yandırdı və qarşımda gedərək yolu açmağa başladı. Onun bu köməyi məni xeyli qabağa atsa da, əks istiqamətdə hərəkət etdiyimiz üçün tez-tez qarşıdan gələn maşınların kənara çəkilib yol vermələrini gözləməyimiz sürətlə getməyimizə mane olurdu.

 

  “Ədəbiyyat və incəsənət”

(19.03.2024)