“Özünü unudar adam” - Zülfiyyə Yaqubun şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Zülfiyyə Yaqubun şeirlərini təqdim edir.

 

 

ATAMIN ÇÖRƏK PAYI

 

Günəşin üzünə baxıb gülümsədiyim
bir yurd vardı –
Buluduna baxıb ağladığım,
Otunu ayaqladığım,
qarını qucaqladığım.
Qum üstündə oynadığım,
O yer də darıxır, görən?
Darıxırmı eyvanında boz sərçələr?
Biz olanda səhər-səhər
Atam öz yemək payını
bölüb onlara verərdi.
Anam da baxıb deyərdi:
“Özünü ac qoyma belə,
Çörək tapılmayan vaxtı”'.
O gün qonşumuzu gördüm,
Deyir, sərçələr də köçüb
evin biz olmayan vaxtı...

 

 

UNUDAR ADAM

 

Özgələşdim hər kəsimlə,
Torpağıma, daşa yadam.
İnsan-insan yol dolaşıb,
İzini unudar adam.

Unudarmış sirlərini,
Aylarını, illərini.
Qucaqlayıb dizlərini,
Üzünü unudar adam.

Dualar cənnətdən ətir,
Qoxusu ovcumdan itir,
Kəlmə-kəlmə, sətir-sətir
Sözünü unudar adam.

Ömrün yalanı, düzü nə?
Kimsə görünməz gözünə.
Doğmalaşıb göy üzünə
Özünü unudar adam.

 

 

MƏKTUB  ƏLLƏRİM


Göydən yerə bir səs göndər, İlahi,
Kəlmə-kəlmə ruhum Səndə ərisin.
Gen dünyada Sənsizlikdən darılım,
Duyğularım ayaq açsın, yerisin.

 

Arzuların ala-toran vaxtıdır,
Günəş olsam, əridərdim həsrəti.
Qoy bu eşin səcdəsində alışım,
Dərdlərimə dərman olsun od ətri.


Can evimdən əza-əza ayrılıb,
Qürub çağı gözlərimə şeh dərim.
Mən ovcuma diləyimi danışdım,
Əlim məktub, söylə, necə göndərim?!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2024)