MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”

Rate this item
(0 votes)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

İkimərtəbəli evdə yaşayan adam pilləkənləri qalxıb eyvana çıxdı. Bir qədər açıq eyvanda dayanıb hava alırmış kimi ətrafı gözdən keçirdi. O, eyvanına sancdığı bayrağı çıxarıb əks tərəfdə, eyvanın solunda asmışdı. Bu, əmanətin sahibinə çatmasını bildirən işarə idi. Qonağı gedəndən sonra bayrağın yerini tələsik dəyişdiyi üçün indi qaranlıqdan istifadə edib onun möhkəm dayandığını bir daha yoxladı. Hər şey qaydasında idi. Bir qədər də ətrafa baxıb sonra aşağı mərtəbəyə endi. Gərginliyi keçsə də, tam rahat ola bilmirdi. O, təhlükəli çəlik evdə olduqca bir dəfə də olsun rahat yata bilməmişdi. Gecələr diksinib oyanır, saatlarla yuxuya gedə bilmirdi. Çəliyi təhvil verdikdən sonra rahatlanacağını düşünsə də, belə olmadı. Yuxusu sanki ərşə çəkilmişdi. Saata baxdı. Gecə 2-ni keçmişdi. Başa düşə bilmədiyi, içindən gələn bir narahatlıq ondan əl çəkmirdi. Əslində, o, qorxaq adam deyildi. Kürəkləri arxasında illərin həbsxana həyatı var idi, çoxlu keşməkeşlərdən, çətinliklərdən keçmişdi. Müəyyən dairələrdə onu tanıyır və sayırdılar. Ancaq indi elə bir oyuna düşmüşdü ki, heç cür çıxış yolu tapa bilməmiş, tanımadığı adamların dediklərinə tabe olmağa məcbur olmuşdu. Əvvəlcə evinin qapısını döyən bir uşaq ona bir bağlı zərf verib getmişdi. Zərfin kimdən olduğunu soruşanda uşaq,-«bilmirəm, bir əmi verdi, mənə də bir manat pul verdi ki, sizə çatdırım»,-deyib getmişdi. On bir-on iki yaşlı uşaqdan bundan artıq heç nə öyrənə bilməmişdi. Qapını örtüb zərfi açanda dəhşətə gəlmişdi. Özünü zorla kresloya çatdırıb oraya çökmüş, bir neçə saat heykəl kimi oturduğu yerdə donub qalmışdı. Zərfin içindəkilər onunçün ölümdən bətər bir şey idi. Bir gün sonra qapısını döyən adam içəri keçməyə icazə istəmişdi. Yay tətili yeni başlamışdı. Yoldaşı uşaqları ilə birlikdə rayonda, atası evində idi. Niyə gəldiyini təxmin edib onu içəri buraxmışdı. İcazə istəmədən keçib oturan adam nəzakətlə danışmağa başlamışdı. Onların arasında belə bir dialoq olmuşdu:

-Yəqin ki, dünən sizə göndərdiymiz zərfi almısınız.

Gələn adam Azərbaycan dilində danışsa da, onun danışığında hansısa yad notların olduğunu tuta bilmişdi.

-Siz kimsiniz, məndən nə istəyirsiz?-istər-istəməz o da bu adama siz deyə müraciət etmişdi.

-Əgər hər şeyin aramızda qalmasını istəyirsizsə, qulağınıza sırğa edin, sualları mən verirəm, şərtləri də mən müəyyən edəcəyəm.

Əlini həmişə belində gəzdirdiyi bıçağa sürtsə də, susub onun nə deyəcəyini gözləmişdi. Bu hərəkətini gözdən qaçırmayan adam demişdi:

-Siz ağıllı adamsınız. Mənə hücum etməyi ağlınızın ucundan da keçirməyin. O zərfin içindəkilərdən bizdə çoxdur. Yarım saatdan sonra mən bu evdən çıxmasam, onlar sizin ən yaxınlarınıza veriləcək.

Barmağı ilə qolundakı saatı döyəcləyən adam davam etmişdi:

-Biz bilirik ki, dörd il əvvəl Amerikaya köçən dayınız oğlu buradakı iki mənzilinə göz olmağı sizə tapşırıb. Mənzillərdən biri onun adına rəsmiləşib. Bu, bir otaqlı yarızirzəmi sadə mənzildir. İkincini, ikimərtəbəli olanı isə dostunun adına rəsmiləşdirib ki, miqrant kimi getdiyi ölkədə əmlakı barədə məlumatları göstərərkən iki evi olduğu üzə çıxmasın. Siz lazım olanda bir müddətə birinci evin açarlarını bizə verəcəksiniz. Elə həmin vaxt özünüz də ailənizə şəhərdə olmadığınızı deyib ikinci evə yığışacaqsınız. Belə lazımdır. Narahat olmayın, bu bir aydan çox çəkməyəcək. Bunun vaxtını sizə deyəcəyik. Amma o vaxta qədər başqa bir şey də etməli olacaqsınız.

-Nə?-dözməyib yenə sual vermişdi.

-Səbirli olun, dedim axı sual verməyin. Bu axşam dəmir yolu vağzalına gedərsiz. Saxlama kameralarının on yeddinci xanasında olan bir çantanı götürəcəksiz. Xananın şifrəsini yadda saxlayın. Adam şifrəni səsləndirib davam etmişdi. Çanta təxminən on kilodur. Onu qalacağınız ikimərtəbəli evə aparıb gizlədin. Sonra kimə verəcəyinizi deyəcəyik. Nəbadə çantanı açıb baxasınız, bu, qəti qadağandar. Hələlik, bu qədər. Vaxtı gələndə qalan deyəcəklərimizi də yerinə yetirsəniz, daha sizi heç kim narahat etməyəcək. Sirriniz də aramızda qalacaq. Sonra öz «şokoladçı» qadınınızla nə qədər istəyirsiz kef edin.

«Şokoladçı» sözünü eşidəndə diksinmişdi. Bu adamlar, hətta, onun ikinci ailəsi kimi saxladığı qadınının keçmiş «şokoladçı» olduğunu da bilirlərmiş.

Bunları deyən adam nəzakətlə sağollaşıb getmişdi. Onun dediklərini bir xeyli götür-qoy edib yerinə yetirəcəyinə qərar vermişdi. Əslində başqa çarəsi yox idi. Onu elə bir şeylə şantaj edirdilər ki, ən qorxulu şey ölüm idisə, o şeyin üzə çıxması onun üçün ölümdən də pis idi. Üstəlik də adam gedərkən ailəsinin rayonda olduğunu bildiyinə eyham vurmuşdu. Nə qədər fikirləşsə də, barəsində hər şeydən xəbəri olan bu adamın bütün bunları haradan öyrənə bildiyini heç yerə yoza bilməmişdi. Həmin gün saxlama kameralarındakı çantanı götürüb dayısı oğlunun-hazırda özünün qaldığı evində gizlətmişdi. Fikirləşmişdi ki, cəhənnəmə, bir çantadır, deyilən vaxt aparıb kiməsə verər, sonra da bir ay evin açarını verib bir təhər o ayı ötüşdürər, canı bu adamdan qurtarar. Ancaq sən demə bunlar hamısı başlanğıc imiş. Çantanı götürdükdən bir müddət sonra, yayın ortalarında onu Sərxan adlı birisinə verməyi tapşırmışdılar. Çantadan canını qurtardığı üçün sevinsə də əsil dəhşət bundan sonra başlamışdı. Zərflə kifayətlənməyib evinə videogörüntülər olan bir disk göndərmişdilər. Görüntülərə baxanda zərfdəkilərin bu görüntülərin yanında toya getməli olduğunu görmüşdü. Bu onun iradəsini tamam sındırmışdı. Bundan bir gün sonra ona Mahmud adlı birini, iki ay sonra isə artıq tanıdığı Sərxanı aradan götürmək tapşırılmışdı. Adam öldürmək onun üçün yeni deyildi. Ancaq ona heç nə etməmiş bu adamları öldürmək ona ağır gəlmişdi. Başqa çarəsi olmadığından yenə də deyiləni etməyə məcbur olmuşdu. Gecə saatlarında görüş yerinə öz ayağı ilə gələn Mahmudu cibində gizlətdiyi nazik kapron iplə boğub maşının yük yerinə qoymuş, şəhər kənarındakı gölə aparıb, ayağına daş bağlayıb suya atmışdı. Sərxanı isə şəhər qəbiristanlığında bıçaqla qətlə yetirmişdi. İndi də dayısı oğlunun bir evinin açarını həmin adama vermiş, özü isə ikinci evində qalırdı. 

Siqaret yandırıb tüstünü ciyərlərinə çəkdi. Bütün bu şeylərlə yanaşı ilk gündən bir məsələ də ona rahatlıq vermirdi: Görəsən bu adamlar İnarənin evinə necə giriblər?  İnarə, onun kənarda hamıdan gizli saxladığı, ilk gəlişində adamın eyham vurduğu ikinci arvadı, keçmiş «şokoladçı» qadın idi…

 

  “Ədəbiyyat və incəsənət”

(15.03.2024)