Bir şeirin təsirindən doğulan söhbət... Featured

Rate this item
(0 votes)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

O üzündə nələr vardır bilmirəm,

Bu üzündə məşəqqətdir dünyanın.

Gündüzləri yüklənirsən dərd ilə,

Gecələri lap dəhşətdir dünyanın.

 

Bilmək olmur, kim xoşbəxtdir, kim bədbəxt,

Qaçaq düşüb ömrümüzdən səadət,

Yurd salıbdır əzab, nifrət, xəyanət,

Sevgisi də bir minnətdir dünyanın.

 

Yer üzünün əşrəfiyik guya biz,

Həsrət qaldıq havaya biz, suya biz.

Ömür bitir salınmırıq saya biz,-

Əfşan, nəyi de, zinətdir dünyanın?

 

Onun “Dünyanın” adlandırdığı bu şeiri Yer kürəsinin xəritəsində noxud boyda yer tutan Azərbaycandakı insanlararası münasibətlər haqqında məni yenidən düşünməyimə vadar etdi. Doğrudanmı, bu balaca ölkədə xoşbəxtlərlə bədbəxtlərin arasında heç bir fərq yoxdur? Yəni səadət buradan qaçaq düşüb və bu ölkədə əzab, nifrət, xəyanət ayaq tutub yeriyir? Yoxsa, bu sözlər şairin bir anlıq ovqatından şeirə axan giley selidir? Bilmirəm! Amma hər halda hamı bilir ki, dünya həmişə Xeyirlə Şərin mübarizə meydanı olub. Bu mübarizədə “yaralananlar” da olub, “məhv” olanlar da, “zəfər” çalanlar da...

Bəli, 55 yaşını qeyd edəcək Əfşan Yusifqızının bu şeiri, onun yaradıcılığı haqqında söhbət açmağıma səbəb oldu. Gəlin, əvvəlcə onun ömür yoluna işıq tutaq. 1969-cu ildə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində müəllim ailəsində anadan olub. 1986-cı ildə orta təhsilini başa vurub. "Bir misra söz qədər duyanım ola”, “Bədirlənmiş Ay”, “Əli dağı”, “Xəyala döndün”, “Şəhid üzük” adlı kitabların müəllifidir. "Şirvan” ədəbi-ictimai birliyinin ideya rəhbəridir. Şeirləri müntəzəm olaraq dövri mətbuatda çap olunur.

Ailəlidir. Üç övladı var. Bir neçə ildir ki, AYB-nin üzvüdür…

Məsələ orasındadır ki, özü də yaxşı bilir ki, bu dünya özü boyda bir nağıldır. Nəyin varsa itirə-itirə yaşayırsan. Əvvəl uşaqlığını, sonra yeniyetməliyini, daha sonra gəncliyini, cavanlığını itirirsən, sonda da dünya səni doğmalarının, əzizlərinin arasından itirir. Bunları bilməsəydi, yəqin ki, “Can nənə, nağıl demə” şerində nəvəsinin dili ilə  söyləməzdi;

 

Can nənə, nağıl demə,

İnanmıram nağıla.

Bu nağıllar üzündən,

Yetəmmədim "ağıla"

 

Gah "tık-tık xanım" oldum,

Tanhalıqdan yoruldum.

Gah da "Qoğala" döndüm,

Öz ədamda boğuldum.

 

Gah "Ağ atlı" oğlanı,

Gah " Xıdırı" gözlədim.

Yunumu yel apardı,

"Fatma" kimi izlədim…

 

Durub çay kənarında,

"Qızıl balıq" səslədim-

Arzulara inanıb,

Xeyli ümid bəslədim.

 

Can nənə, nağıl demə,

Nə deyirsən doğru de.

O saflığı məhv edən,

Bu dövrana oğru de.

 

Barmaq kəsib, duz səpən,

Məlikməmməd yox indi.

Həm "Təpəgöz", həm "Cırtdan",

“Adamyeyən” çox indi.

 

Can nənə, nağıl demə,

Bir bayatı hayla sən.

O məsum Şəhidlərə,

De, bir həzin layla, sən...

 

Amma bütün bunlar o demək deyil ki, Əfşan Yusifqızının yaradıcılığı büsbütün qəm-qüssəyə bələnib, əsla. Onun şeirlərində sevgi də var, həsrət də, sevinc də…

 

Can istə, yolunda bu candan keçim,

Könlünə libası sevgidən biçim.

Gəl sənə bəxtinin ulduzun seçim,

Sən eşq göylərindən ay göndər mənə.

 

Sən nə çəkirsənsə qanır ürəyim,

Sanma ki, sevgini danır ürəyim.

Söndürə bilmədin, yanır ürəyim,

Ölləm, dərya göndər, çay göndər mənə.

 

Əfşanam, dərdimin tap çarasını,

Bəxtimin üzündən sil qarasını.

Kəsib ürəyinin bir parasını,

Əgər sevirsənsə, pay göndər mənə.

 

Bu onun “Ay göndər mənə” adlı poeziya nümunəsidir. Burada ülvü sevgiylə saf diləklərin vəhdəti var…

Baharı çox sevir. Hər dəfə bu fəsilin gəlişi əhvalına müsbət təsir göstərir, ovqatı gözəl olur...

Deyir ki,- “Yaz fəsli gəlir. Bahara dönmüşəm desəm, yanılmaram. Oxşarlıq elə çoxdu ki, əhvalımda. Əslində, çoxumuz beləyik. Könlümüzün bənövşə kimi küskün-küskün boynunu bükməsi, soyuq mehdən titrəməsi, ürəyimizin lalədən xal alması, gözlərimizin bahar buludu kimi tez-tez dolub-boşalması, yaz dumanının dərələrə yox, fikirlərimizə çökməsi, ruhumuzda səslənən qəmli bülbül nəvası, hər şey hər halı ilə bahara bənzəyir. Hətta ətrafa yayılan qəm rahiyəsi, həsrət qoxusu da... Bu, əhvalımın gözlə görülməyən baharıdır. Bir də, tumurcuq-tumurcuq ümidlər, al çətirli, ləçək-ləçək arzular...”

Çox danışmadım ki? İcazə verin, bir şeirini də deyib söhbətimi yekunlaşdırım...

 

Boşuna yanmağın nə xeyri var ki,

Bir topa üzərlik olaydım barı.

Dolanıb sevdiyim kəsin başına,

Qadasın, bəlasın alaydım barı.

 

Bir çimdik duz olub bir bədnəzərdən,

Uzaq saxlayaydım günahdan, şərdən.

Yanıb qoruyaraq daha nələrdən, 

Müqəddəs inanctək qalaydım barı.

 

Xəfifcə çəkilən bir "eh"ə dönüb, 

Tüstü-duman olub, zirehə dönüb,

Şəfalar gətirən bir mehə dönüb,

Duatək qəlbinə dolaydım barı.

 

Bəli, bir şeirindən təsirlənib haqqında xeyli danışdığım bu xanımın 55 yaşı tamam olur, yubiley ilidir. Qoy elə bu söhbətim, yubileynə bir hədiyyə olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)