“Durum yır-yığış edim...” - Xəyalə Sevilin şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Xəyalə Sevilin şeirləri təqdim ediləcək.

 

 

BU GECƏ OYAQ YAT, TANRI

 

Bu cəza mənimdi, Tanrı,

Mən bu səhvi tək elədim...

Eh! Nahaq yerə özümə

Ürəyimi yük elədim.

 

Suya düşən xəyallarım

Suda kök atarmı, görən?

Bu soyuq ayrılıqların

Ah! Ürəyi varmı, görən?

 

Durub yanına gəlirəm,

Bu gecə oyaq yat, Tanrı.

Bir az oxşa saçlarımı,

Bir az başımı qat, Tanrı...

 

 

İÇİMİN QOCA QARISI...

 

Bilirdim ki, solub bu gül,

Bundan çiçək açan olmaz.

Bir ümiddi

Ürəyimdə ehtiyata saxladım,

Haçan olar... Haçan olmaz!

İndi gecənin yarısı,

Qanayır könül yarası.

İçimin qoca qarısı

Deyinir...

"Ondan sənə can olmaz..."

Tale necə? Yaşamalı yerdimi?

Həsrətini yanağıma sərdimi?

Kimə deyim ürəyimin dərdini?

De  – deyirsən,

Gəl – deyirsən

Tanrı,

Sənin qapın, bacan olmaz.

 

 

BİR DƏ TƏRS ÜZÜNƏ ÇEVİR ÜRƏYİ...

 

Bir də tərs üzünə çevir ürəyi,

Bir də görünməyən üzünü gör, get.

Göy göydən tullayır, yer yerdən atır,

Bir də içimdəki bu hüznü gör, get.

 

Gör harda qalmışam, yığ, gətir məni,

Yığ, gətir qırılmış hissələrimi.

Səni and verirəm, sağ gətir məni,

Sağ gətir, heç kimə demə yerimi.

 

Cəzamı, töhmətmi, qoy özüm verim...

Onsuz da bu eşqə dərsdi ayrılıq.

Boynuma sarılan qoldu, ya ipdi?

...Yerdən ayağımı kəsdi ayrılıq.

 

 

QARŞIDA AYRILIQ VAR

 

Qurunun oduna
Yaş yanır indi,
Su vurmuşam
Ürəyimin üzünə,
Oyanır indi.
Oyanır canımdakı
Şübhələr, ehtimallar,
Bu mənəm, bu boş masa,
Bu bir yığın suallar...
Fikrim tamam dağılıb,
Fikrim küləyə düşüb.
Ağlıma ən sonuncu,
Ən təzə qayə düşüb.
Axıb gedir hisslərim,
Ürəyimdə qırıq var.
Qarşıda ayrılıq var...

 

 

DURUM YIR-YIĞIŞ EDİM

 

Durum yır-yığış edim,

Əllərimi, ayaqlarımı...

Özümə gəlim daha.

Gedənlərin arasına qarışmısan,

Bilim daha.

Gözlərimdə böyütdüyüm,

Səhv də, cəza da mənimdi.

Sevgi yoxmuş bu dünyada...

Yoxdu, cəhənnəm, olmasın.

Hərə bir dərddən ölür dəə,

Bilirəm!

...Mənimki səndən olmasın.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)