“Həyat yaşamaqçün deyil” – Xəyalə Sevilin şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Xəyalə Sevilin şeirləri təqdim ediləcək.

 

 

HƏYAT YAŞAMAQÇÜN DEYİL

 

Güzgülər üzünə baxıb

Özündən küsmək üçündü.

Xatirələr ayrılığa

Dayanmaq, dözmək üçündü.

 

Gözünün batmış çuxuru

Kuzədi – süzmək üçündü.

Boynuna dolanan kəndir

Boynunu üzmək üçündü.

 

Əsmək üçündü küləklər,

Yağışlar kəsmək üçündü.

Həyat  yaşamaqçün deyil,

Nə vaxtsa bezmək üçündü.

 

 

QƏFİL ÜRƏKTUTMASITƏK...

 

Necə dəyişmişəm?

Ürəyincəmi?

Bu ruhsuz, duyğusuz 

Halım necədi?

İndi, yoxsa öncəmi?..

Qəfil ürəktutmasıtək

Tutmuşam ürəyimi.

Hara qoyum?

Küncəmi?

Təzə-təzə sevinirdim,

Təzə-təzə sevirdim.

Dağıtmısan,

Qoparmısan qönçəmi.

Özünü bir özgəsiylə

Nə vaxt dəyişir insan?

Nə vaxt?

"Böyüyüncəmi?"

 

 

ORA – DÖYÜŞ MEYDANI!

 

Ora – döyüş meydanı!

Qanadlanıb uçurlar

Havadakı mərmilər.

Bütün rənglər qan qırmızı...

Analar qızıl payızı

Yanağına sərdilər...

Yenicə doğulmuş,

Sütül bir güllə

Çiçəklədi sinəsinin başında.

Torpağa can verib öldü

Əsgər haqq savaşında.

Vətən sağ olsun! – dedi,

Oldu, Vətən sağ oldu...

Şəhidlərin can verdiyi torpaqlar

Böyüdü, böyüdü,

QARABAĞ oldu!

 

 

SINIQ GÜZGÜ

 

Axşam qaraldır yolları,

Göy üzündəki gün düşür.

Keçirsən bir sınıq güzgü önünə,

Şəkil çəkdirirsən.

Görürsən ki, şəklin də üzgün düşür.

Sonra əllərini salıb yanına

Dolaşırsan gecələyən küçəni.

Neçəyədək sayım, sonra qayıtsın?

– Ürəyindən gülmək keçir,

Üçəmi?

Qəfil dayanırsan!

Düşür yadına –

O sınıq güzgün düşür...

Mən heç səni unutmuram, İlahi,

Sənin yadına kim düşür?!

 

 

SÜBH ÇAĞI

 

Sübh çağı.

"Əllər yuxarı" əmri verilib insanlara,

Hamı təslim olub göy hüzurunda.

Mən kimə təsliməm bəs?

Nə dindaram, nə dinsizəm.

Kiməm bəs?...

Gözümü döyürəm, Tanrı,

Elə sənin qapın kimi.

Susma.

Bilim ki, evdəsən.

Elə yorulmuşam ki!

Ruh olub gələ bilərəm,

Bircə dəfə "gəl" – desən.

Mən hamıdan üz döndərdim.

Elə...

Elə özümdən də.

Əlim buraxdı yaxamı –

Əllərimdə qan izi.

...Kimə bağışladın Yer kürəsini?

Lap körpəcə uşağamı?

– Oynatdı bizi.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)