MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Rate this item
(0 votes)

 

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

-Sən soruşdun deyə, mən qəbiristanlıqdan başladım. İndi qayıdaq axtarış apardığımız mənzildəki müşahidələrimə. Telefon kitabçasındakı şəkilləri aşkar edəndən sonra onların «Koramal» tərəfindən çəkildiyini dəqiqləşdirməkçün Stepana zəng vurdum. Solominin on doqquz gün əvvəl Bakıya gəldiyini bilirik. Onun mənzildə tək qaldığını da qonşu arvad təsdiqləyib. Əgər şəkillər çəkilən vərəq cırılıb götürülməsəydi, ekspert asanlıqla onların bu yaxında çəkildiyini, yaxud da köhnə olduqlarını bizə deyə bilərdi. Şəkillərin yaxın vaxtda çəkilməsi onların mənzildə qalan kirayənişin tərəfindən çəkilməsinin təsdiqi olacaqdı. Biz dolayısı ilə orada məhz Solominin qaldığını ehtimal etsək də, buna tam sübutlarımız yox idi. Ehtimalımızın doğruluğunu yoxlamaq üçün Stepanın zəngini gözlədim. Qulaq as, gör Stepan nə dedi: Solominin yatdığı təkadamlıq kameranın divarları müxtəlif şəkillərlə dolu imiş. Moskvada qaldığı mənzildə isə, eynilə buradakı kimi telefon kitabçasının arxa vərəqində üçgümbəzli kilsə şəkli çəkildiyi məlum olub. Həmin şəkil onun o mənzildə qaldığı vaxtda çəkilib. Bunları öyrənən Stepan Solominin uşaq vaxtı rəssamlıq dərnəyinə getdiyini, çox gözəl əl qabiliyyəti olduğunu müəyyən edib. Yeri gəlmişkən, həmin şəkli telefonu ilə çəkib mənə atmasını istəmişdim.

Telefonumu götürən Mahir şəkilə baxana qədər qalxıb boşalmış stəkanlarımızı doldurub qaldığım yerdən davam etdim:

-Bunları biləndən sonra məlum mənzildə məhz «Koramal»ın qaldığı barədə ehtimallarımız təsdiqləndi. Onun şəkil çəkmək həvəsi bizim işimizə yaradı. Şəkil demişkən, indi gələk şəkillərə. Solominin bekarçılıqdan illər əvvəl yatdığı kameranın divarlarında hansı şəkilləri cızması bizim üçün maraqlı deyil. Ancaq hər iki telefon kitabçasındakı şəkillər çox şeydən xəbər verir. Əvvəlcə bizim tapdığımız şəkilləri təhlil etdim. Yadındadırsa, qadın şəkli vərəqin üst tərəfində, əjdaha şəkli isə onun altında çəkilmişdi. Bu ardıcıllığa işarə idi. Məntiqlə qadın şəkli birinci çəkilib. Bu instinktiv olaraq baş verib, qələmi əlinə alan adamın yazmağa vərəqin yuxarısından başladığı kimi. Şəkil hələ orada mənə tanış gəlmişdi. Səni gözləyərkən internetə baş vurub axtardığımı tapdım. Şəkildəki çarpayıda uzanmış qadın məşhur ispan rəssamı Fransisko Qoyyanın «Maxa» əsərinin eynisi idi. Onu da deyim ki, çəkən ona kifayət qədər oxşarlıq verə bilmişdi. Dəqiq deyə bilmərəm, ancaq zənnimcə bu şəkil onun sevgilisinə həsr olunub. Bəlkə də, yox. Hər halda bu, mənim ehtimalımdır. Bayaq ardıcıllıq barədə elə-belə demədim. Ardıcıllıq ikinci şəklin sonradan hansısa baş verən hadisənin təsiri altında çəkildiyindən xəbər verir. Bu nə hadisədəir, daha onu deyə bilmərəm. Ancaq əminliklə deyə bilərəm ki, heç vaxt heç bir xalqın mifologiyasında ikibaşlı əjdahaya rast gəlinməyib. Əjdahanın ya bir başı olur, ya da çox hallarda üç. İstəyirsən, sənə buna aid bir lətifə də danışım: Bir gün bir pəhləvan atını çapıb bir kəndə çatır. Orada qarşısına çıxan bir qızdan bir içim su istəyir. Qız isə deyir:-Ay hay, su nə gəzir. Odeyy, bir yekə əjdaha çayın qabağını kəsib, kəndə bir tikə də su gəlmir. Bunu eşidən pəhləvan atını çayın kənarına səyirdir. Çatanda həqiqətən də üçbaşlı nəhəng bir əjdahanın çayın içərisində uzandığını görür. Tez qılıncını çıxarıb əjdahaya hücum edir. Bir başını kəsdikdən sonra qılıncı yerə atıb nizəsini götürür. Yenə hücum edib nizəni əjdahanın ikinci başına sancır. Nizəni yerə atıb əmudunu çıxarır. Üçüncü dəfə hücum etmək istəyəndə əjdahanın sonuncu başı deyir:-Bir dəqiqə dayan. De görüm, məndən nə istəyirsən? Su istəyirəm, su,-deyə pəhləvan nərə çəkir. Bunu eşidən əjdaha deyir:-Ehhh, elə bu? Ged iç də, o su, o da sən, daha məni niyə öldürürsən. Mən burada bir qədər sərinləməkçün uzanmışam.

Lətifə bitəndə Mahirin dodağı qaçdı. Mən də gülümsəyib dedim:

-Görürsənmi, hətta lətifədə də əjdahanın üç başı var. İndisə ardına qulaq as: Stepan Solominin hələ uşaqlıqdan yaşadığı hadisələrə aid şəkillər çəkməyi xoşladığını deyib. Bu nöqteyi-nəzərdən də, cəmi iki başı olmasından da əjdaha şəklində konkret nəyəsə eyham olunduğunu düşünürəm. Nəyə?-bunu birlikdə aydınlaşdırmaq ikimizin boynuna düşür, əziz qardaşım.

Gözucu Mahirin boşalmış stəkanına baxdığını görüb qalxıb ona yenə çay süzdüm. Mən daha içmək istəmirdim. Yerimə oturub davam etdim:

-Ancaq eyhamın tək bu şəkildə olduğunu düşünmürəm. Moskvada aşkar olunan üçgümbəzli kilsə şəkli də çox müəmmalıdır. İndi bildiyin bir şeyi sənə deyəcəyəm və sən də razılaşacaqsan: Cinayət aləminin yazılmamış qanunlarında kilsə döyməsinin gümbəzlərinin sayı onu döydürənin neçə dəfə həbs olunmasına işarədir. Başqa sözlə, bir gümbəz bir həbsi ifadə edir. Solominin cəmi iki dəfə həbs olunaraq ayrı-ayrı vaxtlarda on və doqquz il cəza çəkdiyini, elə kürəyində də buna uyğun olaraq ikigümbəzli kilsə döyməsi gəzdirdiyini bilirdik. Stepanın verdiyi qovluqda bu barədə məlumat verilmişdi. «Koramal»ın cinayət aləmindən uzaqlaşdığını da bilirik. Heç bunsuz da onun üçüncü dəfə həbsxanaya yollanmaq arzusunda olduğunu, bu səbəbdən «üç dəfə həbs» mənasını verən üçgümbəzli kilsə şəkli çəkdiyini düşünmək absurd bir şey olardı. Deməli, bu simvolikada da hansısa məna gizlənir. Üstəlik də, hər iki şəkil məhz ona verilmiş tapşırığın ərəfəsində çəkildiyi üçün onların altmənalarında məhz o tapşırığa eyham olduğunu düşünürəm. Bunları dərindən təhlil edə bilsək, nəsə əldə edəcəyəmizə şübhəm yoxdur.

-Səninlə yüz faiz razıyam-Mahir yenə qısa danışdı.

-Mənim deyəcəklərim bunlar idi. İndi sən başla, görək Stepan sənə nə yeni məlumat verib.

Mahir qulaq asa-asa içdiyi çayına son qurtumu vurub danışmağa başladı:

-Son dövrdə Bakıdan Rusiyaya getmiş, Bakı qeydiyyatı olan rus əsilli həmyerlilərimizin siyahısını hazırlayıb Stepana ötürmüşdük. Biri istisna olmaqla onların hamısının yeri və sağ-salamat olmaları müəyyən edilib. Tapılmayan  həmyerlimiz dörd ay əvvəl işləmək məqsədi ilə Rusiyaya getmiş, indiki Qaraçuxur, keçmiş Razin qəsəbəsində yaşayan İvan Andreyeviç Nikolayevdir. Nikolayevin adı da, soyadı da Solominlə eynidir. Üstəlik də, xarici görünüşcə onların müəyyən oxşarlığı var. İvan Nikolayevin də, Tərxan və Mahmud kimi aradan götürüldüyünü düşünürəm. Əlbəttə, böyük ehtimalla onun bu işlərdən heç bir xəbəri yoxdur. Sadəcə sənədlərindən istifadə etmək üçün onu aradan götürə bilərdilər. Hər halda bir ölkənin hüquq-mühafizə orqanları ölkələrinə işləmək məqsədi ilə gəlmiş, araşdırmalarımıza görə sadə zəhmətkeş biri kimi xarakterizə edilən, gizlənməyə heç bir səbəbi olmayan birini tapa bilmirsə, az əvvəl dediklərimi ehtimal yox fakt kimi qəbul edə bilərik. Bu faktın özü də qarşı tərəfin hər şeyə çox yaxşı hazırlaşdığına, həm də bu hazırlığa uzun müddət əvvəl başlamalarına bir daha dəlalət edir. Onlar müharibəyə başlayacaqlarını bildiklərindən təxribatı da məhz müharibə başlayandan sonra arxa cəbhədə qarışıqlıq yaratmaq üçün planlaşdırıblar. Onu da gözəl biliblər ki, müharibə başlayanda paytaxtda nəzarət tədbirləri gücləndiriləcək. Elə buna görə də, Bakıya Dımokun sənədləri ilə gələn, hava limanında mindiyi avtobusdan müəmmalı şəkildə yox olan Solominin sonradan Bakıda rəsmi qeydiyyatı olan oxşarı Nikolayevin sənədləri ilə hərəkət edəcəyi də planlaşdırılıb. Yəqin ki, saxta sənəd ona burada verilib. Bu öyrəndiklərimizin doğru olduğuna şübhə yoxdur. Belədirsə, Nikolayevin haqqındakı məlumatları və şəklini bütün postlara verib Solominin hərəkətlərini tam məhdudlaşdırmaq olar. Bu halda o, elə ilk keçdiyi postda, yaxud da rastlaşdığı piyada patrul əməkdaşları tərəfindən saxlanılacaq. Ancaq bunu etmək səhv addım olar.

Mahirin nə demək istədiyini başa düşdüm:

-Düşünürsən ki, onların rezerv variantları var?

-Var, ya yoxdur bilmirəm. Ancaq istənilən halda bunu nəzərə almağa borcluyuq.

-Haqlısan. Tələsmək ancaq ziyan gətirə bilər. Ən azından Solomin haqqında müəyyən qədər məlumatlıyıq. Rezerv variantları isə, əgər varsa, tam nəzarətimizdən kənardadır. Gərək hər şeyi bir də ölçüb biçək.

Mahir başını tərpətməklə razılaşdığını bildirdi. Sonra davam etdi:

-Belə düşünməyə əsasım var. Sən Sərxanın əslində Tərxan olduğunu müəyyən edəndən, bunun davamı kimi o «miçurin» ortaya çıxandan sonra hazırlanan teraktın xüsusiyyəti haqqında bəzi qənaətlərə gələ bildim. O vaxta qədər isə bunun partlayışmı, kütləvi zəhərlənməmi, yaxud dəhşətli yanğınlarmı və sairə olacağını müəyyən edə bilmirdim. İndi isə əminliklə deyirəm. Bakıda partlayış hazırlanır.

İkimiz də bir müddət susub danışmadıq. Bu fikrin səsləndirilməsi özü belə bizə çox ağır gəldi. Ən pisi isə o idi ki, ehtimal olunan partlayışın nə yeri, nə də vaxtı barədə hələ heç nə öyrənə bilməmişdik.

Nəhayət yaranmış sükutu pozan Mahir fikirli-fikirli danışmağa başladı:

-İndi mən zəncirin halqaların düzəcəyəm. Sənsə lazım bildiyin yerlərdə fikrini bildir. Məsələ belədir. Böyük Ermənistan xülyası ilə yaşayan bədxah qonşularımızın xüsusi xidmət orqanları düz otuz beş il əvvəl orada hərbi xidmət edən, qeyri millətlərdən olan əsgərləri gələcəkdə istifadə etmək məqsədi ilə öyrənməyə başlayır. Bu əsgərlərin arasından İvan Solomin fərdi psixoloji və fiziki keyfiyyətlərinə görə onların diqqətini çəkir. Bundan sonra Anuş Markaryan adlı əməkdaşlarının guya təsadüfən onunla tanış olmasını təşkil edirlər. Anuş Solomini özünə bağlamaq tapşırığı alır və bunun öhdəsindən məharətlə gəlir. Balıq kimi qarmağa düşdüyünü başa düşməyən İvan Anuşa möhkəm bağlanır. Bu münasibətlər o, əsgərliyi başa vurduqdan sonra da davam edir. Solomin mütəmadi olaraq sevgilisi ilə görüşmək üçün Ermənistana gedib gəlir. Böyük ehtimalla bu səfərlərində Anuş dostları ya da qohumları kimi qələmə verdiyi digər əməkdaşları da onunla tanış edir. Həmin əməkdaşlar özlərini Solominlə möhkəm dostlaşmış kimi göstərir, yəqin ki, hər gəlişində dəbdəbəli ziyafətlər təşkil edib qayıdanda təntənə ilə yola salırlar. Bunu ona görə edirlər ki, çox uzağa gedən planlarında əgər nə vaxtsa Solomindən istifadə etmək lazım olarsa, təklif ona o «dostlarından» gəlsin. Anuş isə bu işlərdən kənarda qalıb öz rolunu oynamaqda davam etsin. Yeri gəlmişkən, o ərəfədə Anuş ailə həyatı qurur, ancaq bu onun Solominin sevgilisi kimi qalmasına mane olmur. Sonradan iki dəfə üst-üstə on doqquz il həbsxana həyatı yaşayan Solomini bu ayrılıq nəinki sevgilisindən soyutmur, əksinə onunçün daha çox darıxır. Belə uzun müddətlərdə həbsə düşməsi ona kifayət qədər vaxt və vəsait sərf etmiş ermənilərin planlarını pozduğu üçün Anuşa yeni bir tapşırıq verilir. Artıq polkovnik-leytenant rütbəsində olan Anuş bu tapşırığı yerinə yetirərək növbəti gəlişində Solomini dilə tuta bilir. Nəticədə cinayət aləmində böyük nüfuz sahibi, bu aləmin ən yüksəkdə duran elitasının, «qanuni oğrular»ın sıralarına qoşulmağa namizəd olan «Koramal» ləqəbli qatı cinayətkar İvan Andreyeviç Solomin cinayət aləmindən uzaqlaşmağa söz verir. İlyarım əvvəlsə ondan istifadə etmək qərarı verilir. Zamanı yetişən «konservləşdirilmiş» Solominlə həmin «dostlar» söhbəti açır və yəqin ki, böyük pul müqabilində onu razı sala bilirlər. Əgər təkcə bu zəncirdə ən axırıncı halqalardan biri olan yaşıllaşdırma işçisi Mahmud Səmədovun aldığı maşının qiyməti iyirmi dörd min doqquz yüz manatdırsa, onda «Koramal»a edilən təklifin məbləğini təxmin etmək olar. Bu məbləğdən ruhlanan «Koramal» tapşırıq əsasında iki dəfə turist kimi Bakıyə gəlib qayıdır. Artıq öyrənmişik ki, lazımi məkanları gəzib baxmaqla yanaşı, o həm də keçmiş məhbus yoldaşı Tərxan Nağıyevlə görüşüb onu bu işdə əlbir olmağa razı salır. Eyni senari üzrə böyük məbləğdə pul vəd olunan cinayətkar xislətli Tərxan satqınlıq etməyə razılıq verdikdən sonra Solomin onun koordinatlarını buradakı adamlarına verib özü Moskvaya qayıdır. O, hələ düz bir il xüsusi hazırlıq kursu keçməliydi. Həmin müddətdə buradakı adam Tərxanla görüşüb vəd olunan pulun bir hissəsini beh kimi ona verir, bununla da onun geriyə yollarını bağlayır. Düşünürəm ki, ilkin məbləğ elə də böyük olmayıb. Pulun əsas hissəsini Tərxan əməliyyatın vaxtı yaxınlaşanda alıb. Məhz bu səbəbdən Səyyarə arvad onun həmin ərəfədə dostlaşdığı yaşıllaşdırma işçisi ilə birlikdə çoxlu pul qazandığını bizə dedi. Burada da hər şey üst-üstə düşür. Tərxanın Mahmud Səmədovla həmin ərəfədə daha sıx əlaqədə olduğu bizə məlumdur. Tərxan həmin pulları sağa-sola xərcləməyə başladığından bu yalanı uydurmağa məcbur olub. Bununla da böyük səhvə yol verib. Çünki onun bu uydurmasına görə biz Mahmud Səmədova çıxa bildik. Bundan sonra aparılan təhlillərlə elə Tərxan kimi birdən-birə varlanan Mahmudun da bu işdə əli olduğu müəyyən edildi. Qəfil varlanmaları ilə yanaşı Tərxanın öldürülməsi, Mahmudun isə yoxa çıxması daha onların axtardığımız cinayətkar dəstə ilə əlbir olduqlarına heç bir şübhə yeri qoymurdu. Qarşı tərəf vaxtı çatdığı üçün körpüləri yandırırdı.

Mahir bir qədər nəfəsini dərdi.

 

  “Ədəbiyyat və incəsənət”

(13.03.2024)