MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Rate this item
(0 votes)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

-Hələ bilmirəm, Mahir. Ancaq məhbusların simvolikalara olan sevgilərini bilirsən. Onların bədənlərindəki döymələr də bu sevgidən qaynaqlanır. Bizi maraqlandıran adam ən yüksək səviyyədə hazırlıq keçə bilər. Ancaq illərlə qanına işləmiş məhbus vərdişləri haradasa özünü büruzə verməlidir. Ümid edirəm ki, burada da bir ipucu tapmış olaq. Maraqlı burasıdır ki, şəkillər də çox peşəkar çəkilib. Sanki rəssam çəkib. Stepanın zəngini gözləyək.

Ekspert kriminalist sınaqdan çıxmış zabit olsa da, onun yanında nə söhbətimiz, nə də telefon danışığı zamanı Solominin adını hallandırmırdıq. Bu əməliyyatda tam məxfilik təmin olunmalıydı. Elə ekspert demişkən, mən telefon danışığını bitirən kimi o da işini bitirdiyini, cavabları axşama qədər hazır edəcəyini bildirib getmişdi. Gedərkən, mənzilin kandarında xüsusi tozun səpildiyini aşkar etdiyini demişdi. Bu toz, əgər axtarış iti cəlb olunarsa, onun iz götürə bilməməsi üçün istifadə olunan toz idi. Tozun mənzili tərk edən adam ayaqqabılarına vurarkən kandara dağıldığı məlum idi. Ekspert bunu deyəndə Mahirlə baxışıb heç nə deməmişdik. Hər-halda bu fakt indi olduğumuz mənzildə Solominin, ya da axtardığımız dəstənin hansısa bir üzvünün qaldığına şübhə yeri qoymurdu.

Bizim də burada bir işimiz qalmamışdı. Sahə inspektoru qonşu qadını susması barədə xəbərdarlıq etmişdi. Mənzilə kiminsə gələcəyinə inamımız yox idi. Ancaq hər ehtimala qarşı burada iki əməliyyatçı pusquda dayanacaqdı. Bir qədər keçmiş Mahirin göstərişi ilə gəlmiş əməliyyatçılara mənzili təhvil verib çıxdıq. İçimdən bir hiss, axtarış apardığımız mənzildə dəstənin hansısa üzvünün yox, məhz «Koramal»ın qaldığını deyirdi. Hər şey Stepanın zəngi ilə yerini alacaqdı.

Maşına oturub tərpəndik. Dünən gecə bütün baş verənləri və öyrənə bildiklərimizi ardıcıllıqla bir daha təhlil etmişdim. Bu sonuncu təhlilləri etdikdən sonra ağlıma bir fikir gəlmişdi. İndi onu Mahirlə bölüşmək üçün soruşdum:

-Tərxanın öldürüldüyü yeri tanıyırsan?

-Şəxsən yox. Orada rayon polis idarəsinin əməkdaşları işləyiblər. Amma öyrənmək olar.

-Elə isə, öyrən ora gedək. Bir fikrim var.

Artıq xasiyyətimə bələd olan Mahir heç nə soruşmadan telefonunu çıxarıb zəng etdi.

* * *

Moskva Cinayət Axtarışı İdarəsinin rəis müavini polkovnik Stepan Bondaryov bir qədər əvvəl tapşırıq verdiyi əməkdaşlarının məruzələrini dinləyirdi. Keçirilən tədbirlərin nəticəsi belə idi: Solominin Moskva mənzilindəki telefon məlumat kitabçasının arxa vərəqində üzərinə parlaq günəş şüalarının düşdüyü üçgümbəzli kilsə şəkli olduğu aşkar olunmuşdu. Təcili olaraq təşkil olunmuş ekspertiza mürəkkəbin tərkibinə əsasən həmin şəklin, məhz Solomin o mənzildə qaldığı dövrdə çəkildiyini müəyyən etmişdi. Bundan başqa, Solominin sonuncu həbsi zamanı saxlanıldığı təkadamlıq kameranın divarlarında da müxtəlif şəkillərin çəkildiyi məlum olmuşdu. Şəkillər divarda məhbuslara verilən alüminium qaşığın arxa tərəfi ilə cızılaraq çəkilmişdi. Bir qədər fərqli tapşırıq almış digər əməkdaş isə onun lap uşaqlıq dövrünə qədər araşdırma aparıb çox dəyərli bir faktı öyrənə bilmişdi. Bunu mütləq dəqiqləşdirməyi Bondaryovdan bakılı dostu xüsusilə xahiş etmişdi. Solomin uşaq vaxtı rəssamlıq dərnəyinə gedirmiş və istedadına görə müəllimləri ona bu sahədə çox parlaq gələcək vəd edirmişlər. Bütün bu məlumatları cəmi üç saata öyrənib məruzə edən əməkdaşlarına təşəkkür edən polkovnik onları buraxıb telefonunu götürdü. Təcili Bəxtiyarla əlaqə saxlayacaqdı.

* * *

Qəbiristanlığa gələrkən yolumuz iki postdan keçmişdi. Növbəmiz çatanda vəsiqələrimizi göstərib yolumuza davam etmişdik. Artıq üç saat idi ki, qəbiristanlıqda idim. Lazım olan qəbrin yerini öyrənib mənə göstərən Mahir işimin xeyli uzandığını görüb Nazirliyə qayıtmışdı. O, ekspertizanın rəylərini öyrənib bu gün görülmüş işlərlə birlikdə birbaşa rəhbərinə məruzə etməli idi. Ona görə də tələsmədən öz işimi görürdüm. Xeyli ərazini əhatə edən qəbiristanlığın az qala yarısını gəzmişdim. Çox güman ki, Tərxanı öldürən adam görüş verdiyi vaxtdan əvvəl gəlib haradasa gizlənibmiş. Ərazini gəzib tanış olduqdan sonra özümü həmin adamın yerinə qoyub onun bu halda harada gizləndiyini müəyyən etməyə çalışmışdım. Səkkiz belə qəbir müəyyən etmişdim. Həmin qəbirlərə gələn torpaq cığırları da müayinə etdikdən sonra əsas birinin üzərində dayanmışdım. Çünki mərmərdən olan bu toz basmış qəbirin sinə daşının üstündə bu yaxında kiminsə oturduğu aşkar görünürdü. Həmin yerin tozunu oturan adamın arxası silmişdi. Qəbrin üstünə kim bilir nə vaxt qoyulmuş qərənfillər elə qurumuşdu ki, götürəndə ovulub yerə səpələndi. Deməli yaxınlarından kimsə buranı ən azı aylar əvvəl ziyarət etmişdi. Deyə bilərsiz ki, bəlkə elə sonradan, bu yaxında kimsə gülsüz gəlib bura baş çəkib? Mənsə deyirəm yox. Çünki məntiq başqa şey deyir. Ən azı ziyarətə gələn adam bu qurumuş gülləri mütləq doğmasının qəbrinin üstündən götürüb tullayardı. Ayrıca, doğmasını yad edib gələn adam hörmət əlaməti olaraq onun qəbir daşının üstündə oturmazdı. Və yaxud da oturmaq istəsəydi belə, yenə də bu tozu görüb əyni bulaşmamaqçün oturmazdı. Çünki burada oturmuş adamdan fərqli olaraq, ziyarətə gələn olardısa, təbii ki, qəbiristanlığa bütün normal adamlar kimi gündüz gəlmiş olacaqdı. Tərxanı öldürən adamsa, gecə gəldiyi üçün qaranlıqda sinə daşının üstünü toz basdığını görə bilməzdi. Əlbəttə, hələ ki, dediklərim ehtimal səviyyəsindədir. Ancaq ehtimalıma güvənməyim üçün başqa səbəblər də var idi. Deyim bilin. Tərxan gecə saatlarında qətlə yetirilib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssislərinin rəyi belədir. Bu qəbir isə onun öldürüldüyü qəbrin ətrafını qaranlıqda müşahidə etmək üçün ən ideal yerdə yerləşirdi. Cəmi beş-altı addım aralıda yerləşən qəbrin başdaşı çox iri idi və ay işığında onun siluetini rahatlıqla gizlədirdi. İkincisi, həmin beş-altı metrlik məsafədəki cığırda aydın seçilməsə də, bu qəbirdən o biri qəbrə gedən və qayıdan ayaq izləri aşkar etmişdim. Cəmi iki iz. Ancaq onlar eyni ölçüdə ayaqqabıdan qoyulan izlər idi və biri Tərxan öldürülən qəbirin çəpərlənmiş sahəsinin girişində qoyulmuşdu. Cığırın torpağı bərk olduğundan izlər ancaq iki yerdə qalmışdı, onları da zorla görə bildim. Üçüncüsü, bu qəbirdən qəbiristanlığın hasarı istiqamətinə gedən cəmi bir torpaq yol var idi. O yolu axıra qədər gedib hasarın dibindəki otluqda eyni ölçüdə ayaqqabılardan qoyulmuş daha iki iz də tapmışdım. Bu izlər nisbətən dərin idi və aydın görünürdü. Ona görə ki, böyük ehtimalla onları hasara dırmaşıb oradan içəri tullanan adam qoymuşdu. Bura onu da əlavə etsəm ki, hasardan dediyim qəbrə gedən yolda bir neçə yerdə tikan kolları əzilmişdi, onda mənimlə razılaşarsız. Normalda, heç kim qəsdən bu neştər kimi tikanları olan kolları tapdalamaz. Onları sadəcə qaranlıqda görməyən adam tapdalaya bilrərdi. Ayrıca, kolların qırılan yerindən axan şirə hələ tam qurumamışdı. Hər şey gecənin qaranlığında hasardan aşıb mərmər qəbrin yanında gizlənmiş adamın, sonradan Tərxanın öldürüldüyü qəbrə tərəf gedib sonra geriyə qayıtdığına dəlalət edirdi. Qalır bu ehtimalımı yoxlamaq. Yəqin bu dediklərimdən sonra niyə burada üç saat vaxt itirdiyimi başa düşdünüz. Möhkəm susadığımı hiss etdim. Ancaq burada su nə gəzirdi. Telefonu çıxarıb Mahiri yığdım. O, cavab verən kimi dedim:

-Əziz qardaş, bayaq mənzildə bizimlə birlikdə olan kriminalisti buraya göndərə bilərsənmi?

-Hara?-xeyli vaxt keçdiyi üçün Mahir ilk dəfədən harada olduğumu başa düşə bilmədi.

-Məni qoyub getdiyin yerə, qəbiristanlığa.

Mahir ucadan güldü.

-Sən hələ oradasan? Yaxşı, indi göndərərəm. Ekspert az əvvəl işini görüb yekunlaşıb. Gözlə.

-Tapşır yolda bir şüşə su alsın.

-Deyərəm, narahat olma.

Xətti kəsib Tərxanın meyiti tapılan qəbirə tərəf getdim. Orada oturmaq üçün skamya var idi.

* * *

 Nazirlikdə yaradılmış məxfi qrupun üzvləri yorulmadan işləyir, daxil olan böyük həcmdə informasiyanı emal edib təhlillər aparır, sonra nəticələri rəhbərliyə məruzə edirdilər. Belə məlumatların içərisində biri daha çox diqqət çəkmişdi. Dörd ay əvvəl Bakıdan Rusiyanın Sankt-Peterburq şəhərinə getmiş Bakı sakini İvan Andreyeviç Nikolayevin yerini müəyyən etmək mümkün olmamışdı. Bu məlumatı şəxsən Mahir Vəliyevlə telefon danışığında polkovnik Bondaryov vermişdi. Onun şübhələri əsassız deyildi. Son dövrdə Azərbaycandan Rusiyaya gəlmiş rus əsilli qonaqların hamısının yeri bəlli olsa da, İvan Nikolayev, sanki, bir tikə yağlı əppək olub göyə sovrulmuşdu. Rusiyadakı qohumları onun yaxşı iş söz vermiş hansısa tanışı ilə görüşəcəyini deyib sağollaşdığını, arada gəlib baş çəkəcəyini dediyini bildiriblər. Dərhal şəkli əldə olunan İvan Nikolayevin İvan Solominlə oxşarlığı olduğu müəyyən edilmişdi. Yaxşı qrimlənərsə, Solomini Nikolayevdən ayırd etmək heç də asan olmazdı. Onların ad və ata adları da eyni olmaqla təkcə soyadları fərqli idi. Bakıdakı ailə üzvləri də İvan Nikolayevin çoxdan əlaqə saxlamadığını bildiriblər. Bu, onun da Tərxan Nağıyev və Mahmud Səmədov kimi aradan götürüldünü düşünməyə əsas verirdi. Əgər belədirsə, onda Bakıda Nikolayevin əlamətlərində olan adamı axtarmaq lazımdır. Ancaq Mahir Vəliyev hələ qərar qəbul etməyə tələsmirdi. Solominin məqsədi və məqsədini həyata keçirəcəyi yer müəyyən edilmədən onu götürmək olmazdı. Soyuqqanlılığına və dözümlülüyünə görə həbsxanada «Koramal» ləqəbi almış Solomin danışmaya bilər, onun saxlanıldığını başa düşən qarşı tərəf hansısa hazırladığı ehtiyat variantı işə sala bilərdi. Bu isə istənilən halda fəlakətə gətirib çıxara bilərdi.

Mahir Vəliyevin tələsməməsinin başqa bi səbəbi də var idi. Mahmud Səmədovun mərhum Tərxanla son aylardakı əlaqəsi, birdən-birə varlanıb yepyeni maşın alması, bir müddət sonra yoxa çıxması bu məsələdə ondan istifadə olunmasının təkzibedilməz sübutları idi. Tərxanın da, Mahmudun da satqınlıqlarına görə yaxşı mükafat aldıqları məlum məsələ idi. Bu pulları sağa-sola xərcləyən Tərxanın naşılıq edib anasına yalandan yaşıllaşdırmada işləyən dostu vasitəsilə pul qazandığını deməsi Mahmudun izinə düşməyimizə imkan vermişdi. Mahmud Yaşıllaşdırma Təsərrüfatında adi fəhlə idi. Özü maaşa baxdığı halda, Tərxan onun vasitəsilə necə pul qazana bilərdi?

Sorğu əsasında Mahmudun yaz aylarından etibarən iştirak etdiyi yaşıllaşdırma işlərinin aparıldığı bütün məkanlar müəyyən edilmişdi. Hər ehtimala qarşı, onsuz aparılan işlərin də ünvanları ayrı bir siyahıda götürülmüşdü. Ancaq onlar ikinci dərəcəli idilər. Bu gecə böyük qüvvə ilə mütəxəssislərin həmin məkanları yoxlayacağı qərara alınmışdı. İşlərin gecə aparılması vacib idi. Əgər qarşı tərəf lazım olan məkanı vizual nəzarətdə saxlayırsa, küçələrdən əl-ayağın yığışdığı gecə saatlarında müşahidə aparmaq onlar üçün çətin olacaqdı. Hər işi ehtiyatla görmək tələb olunurdu.

 

 “Ədəbiyyat və incəsənət”

(11.03.2024)