Rəşad Məcid: “Elçin Hüseynbəyliyə dedim, gəl, uşaqlardan bir neçəsinə deyək, gətirib sənin kitablarını AYB-nin önündə yandırsınlar” Featured

Rate this item
(9 votes)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda bu gün Rəşad Məcidlə görüşürük. Gözəl şair, ədəbiyyat funksioneri, yeni təyinatla Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, populyar “525-ci qəzet”in baş redaktoru olan Rəşad Məcid, təbii ki, çox söhbətcil adamdır, onunla söhbətləşdinsə, demək, oxucu üçün maraq doğuracaq çoxlu mətləblər olacaq.

 

Müsahibəni ev sahibi İntiqam Yaşar aparır.

 

 

 

-Salam, Rəşad müəllim. Yeni işiniz uğurlu olsun. Məsuliyyət və iş yükü artdımı bu təyinatla?

 

-Çox sağ olun, təşəkkür edirəm. İş yükü də, məsuliyyət də artır. Yenə gənclərlə bağlı iş davam edəcək, eyni zamanda  AYB-nin Azərbaycan dilində olan ədəbi orqanlarının kurasiyası və təşkilatın ümumi fəaliyyətinə rəhbərlik də mənə həvalə olunub. İndi ümumiyyətlə işlərin əhatəsi genişlənəcək. Əvvəllər hansısa məsələlərlə bağlı işə qarışmaq istəmirdimsə, arqumentim “mən gənclər üzrə katibəm, ancaq gənclərlə bağlı məsələlərə qarışıram” olurdusa, bundan sonra o bəhanə sıradan çıxacaq və daha geniş məsuliyyət çiynimə düşəcək.

 

-Gənclərlə işləyirsiniz. Sizi nə qane edir və ya əksinə, nə qane etmir?

 

-Gənclərlə işləmək xoşdur əlbəttə. Mən 2004-cü ildən bu günə gənclər üzrə katibəm, işimdən hədsiz zövq aldığım vaxtlar olub təbii ki. Əsas onu deyim ki, istedadlı bir gənc görəndə, mütaliəli, çalışqan, zəhmət çəkməkdən qorxmayan gənc görəndə, mən də qanad açmışam, bütün imkanlarımla istəmişəm ki, kömək edəm. Amma təəssüf ki, iddiası böyük olan, özünü şair, yazıçı adlandırıb bir kitab oxumayan, bir şeiri əzbər bilməyən, hansısa tanınmış şairi, yazıçını belə tanımayan gənclər də çox gəlir AYB-yə. Belə hallar məni pessimist və bədbin edir. Amma ümumilikdə götürəndə, həmişə demişəm, bizim yeni gənclik arasında, istedadlı, məlumatlı, bilikli gənclər var və onlar Azərbaycan ədəbiyyatını layiqincə təmsil etməyə qadirdirlər.

 

-Xalq yazıçısı Kamal Abdulla ilə keçən dəfəki söhbətimizdə gənclərin əsassız iddialarından o da bəhs etdi. Dedi ki, əsassız iddia irəli keçəndə problemlər baş qaldırır və belə olan halda bizim ədəbiyyatımız heç bir şeyə nail ola bilməz. Siz bu haqda nə düşünürsünüz?

 

-Mən, məsələn, 15 il əvvəl başqa cür baxırdım məsələyə. Amma gənclərlə işlədikcə, xarakterlərini öyrəndikcə, psixologiyalarını araşdırdıqca təbii baxmağa başladım hər şeyə. Məqamlar olurdu ki, hansısa gənci tərifləyirdim, onun istedadından, yaradıcı potensialından danışırdım. Anar müəllim, rəhmətlik Fikrət Qoca deyirdilər ki, yaxşı yazır, amma “ulduz xəstəliyi”nə tutulmasın, korlanmasın. Vaxtı ilə Qulu Ağsəsin də belə bir sözü var idi ki, Rəşad Məcid gəncləri yetişdirmir, gəncləri qudurdur. Nə qədər kobud olsa da belə bir söz demişdi. Nəyə görə belə demişdi? Ona görə belə demişdi ki, mən  inandığım, etibar elədiyim, istedadını gördüyüm gəncləri o dəqiqə tərifləyir, onların istedadını, üzə çıxarmağa çalışırdım, AYB-nin rəhbərliyinə onları təqdim edirdim. Əlbəttə ki, bəzən yanılmalar da olurdu. “Ulduz xəstəliyi”nə tutulmağı mən absurd hesab edirdim. Amma sonralar razılaşdım ki, bu olur. Bu da gənclərin xarakterindən asılıdır. Məsələn, iddia ilə bağlı əvvəllər tez-tez Seymur Baycana deyirdim ki, sənin yazılarında diqqət çəkən, qeyri-adi motivlər olur, ümumiyyətlə, bu iddianın ardınca sizlər ciddi əsər ortaya qoymasanız, onda getdikcə bu iddianız gülüş mənbəyinə çevriləcək və sizə rişxənd obyekti kimi baxılacaq. Fitrətən yaradıcı, yazıçı adamın içində bir eqo olur. Bu da iddiaya gətirib çıxarır, amma daha müdrik olanlar onu tənzimləyə bilirlər. Ümumiyyətlə, yaradıcılıq, Orxan Pamukun  sözü ilə deyirəm, iynə ilə quyu qazmaq deməkdir və yalnız güclülər bu prosesi sona çatdıra bilirlər.
- Əbədi sferada durğunluq müşahidə olunur, hərəkətlilik yoxdur. Burda  pandemiyanın da rolu var, digər amillər də rol oynayır. Nə kimi işlər görmək olar  ki, bu dinamik  ədəbi proses davamlı hal alsın?
-Bu durğunluğu mən də sizin dediyiniz kimi, pandemiya ilə bağlayıram, çünki pandemiya yaradıcı insanlarda da gələcəklə bağlı məyusluq, bədbinlik yaradır. Ona görə bu bəla yaradıcı aləmə də mənfi təsir edir. Bir tərəfdən görüşlərin, mütəmadi kitab təqdimatlarının keçirilməməsi, hamısının virtuala çevrilməsi ədəbi mühitin dinamikliyinə təsir edir. Amma, bir tərəfdən də düşünəndə ki, ədəbiyyat məhz fərdi yaradıcılıq sahəsidir, hər kəs tək yaradır ədəbiyyatı, onda bu virtuallıq çox da qorxulu görünmür. Müxtəlif qurumlar, Mədəniyyət Nazirliyi müxtəlif müsabiqələr keçirdilər pandemiya dövründə. Həm 44 günlük Vətən müharibəmizlə bağlı, həm də  pandemiyanın fəsadları haqqında  müsabiqələr idi bunlar. Ayrı-ayrı babat yazılar oldu, amma ümumi götürəndə durğunluq davam edir. Yəni bu durğunluğu mən yeni dövrün informasiya texnologiyalarının yaratdığı internetlə, YoTube kanalıyla, Tik-Tok-la da bağlaya bilərəm. Vaxtı ilə bədii ədəbiyyatın klassik formaları ilə - şeirlə, nəsrlə, hekayə ilə deyilən fikirlərin bir çoxu, daha kreativ, dinamik formaya çevrilir. Camaatın da əlində bir telefon olduğu üçün kitab oxumaqdansa məsələn, hansısa sosial şəbəkədə nəyi isə izləməyi və ya dinləməyi üstün tuturlar. Bunlar da hamısı, elə bilirəm, ədəbiyyatın təsir dairəsinin daralmasına səbəb olur.
- Bəs sosial şəbəkələrdən istifadə edərək, ədəbiyyatın daha geniş kütlələrə çatması üçün nə etmək olar? Zamanın tələbidir, telefon istifadə edirik, texnologiyalar inkişaf edir, bunlardan yararlanmaqla məhz ədəbiyyatın sahəsini daha da genişləndirmək üçün nə etmək olar?

 

-Əvvəllər ədəbiyyatla bağlı AYB ətrafında hansısa qalmaqallar, hansısa gənclərin AYB-ni bəyənməməsi, müzakirələrin, qeybət tipli söhbətlərin getdiyi zamanlarda, hətta mənə kənar adamlar deyirdilər ki, belə qeybət xarakterli söhbətlərin olması da yaxşıdır, ədəbiyyata diqqəti artırır. Və bundan istifadə edib ədəbiyyatın təbliğinə nail olmaq lazımdır. 15 il əvvəllə müqayisə edəndə indi vəziyyət daha qənaətbəxşdir. Biz 10-15 il əvvəl  fəryad edirdik ki, Bakıda kitab mağazaları yoxdur, regionlarda kitab mağazaları yoxdur. Deyirdik, insanların mütaliə vərdişi tamamilə sıradan çıxıb. Amma son illər əksinə tendensiyalar oldu, gənclər arasında kitaba meyli olanlar çoxaldı, kitablara maraq artdı. Di gəl, bu texnologiyalar o qədər sürətlə inkişaf edir ki, bizim yazıçılar onlarla ayaqlaşmırlar, sadəcə, əsərlərini yazırlar, passiv seyrçi mövqeyində qalırlar. Məsələn, 2 il əvvəl Beynəlxalq Kitab Sərgisində bizim tanınmış yazıçı Nəriman Əbdülrəhmanlı kitabının imza gününü keçirirdi. Mən dedim ki, Nəriman, bu cür sakit və fağır görkəmdə yazıçı oxucu cəlb edə bilməz. Düzdür, bizim yazıçıların xaricdəkilər kimi geniş imkanları yoxdur ki, özlərinə menecerlər tutsunlar və əsərlərinin təbliğində daha kreativ üsullar düşünsünlər, amma yenə nələrsə etmək olar axı. Məsələn, vaxtı ilə Elçin Hüseynbəyli məşhur Don Juandan roman yazmışdı. O vaxt hansısa QHT bəyanat vermişdi ki, bu adam gedib xristianlığı qəbul edən azərbaycanlıdan əsər yazıb və s. Mən o zaman dedim ki,  Elçin, gəl bundan istifadə edək, yaxşı fürsətdir. O uşaqlardan bir neçəsinə deyək, sənin kitabını gətirib AYB-nin önündə yandırsınlar və bütün ölkənin diqqəti sənin əsərinə yönəlsin. Hamı sənin əsərini alıb oxuyacaq ki, görüm bu nə cür əsərdir. Elçin Hüseynbəylinin rəngi ağardı və o, bundan çəkindi. Və yaxud, vaxtı ilə “525-ci qəzet”in ofisinin yanında “Xural” qəzeti yerləşirdi. Onlar Adolf Hitlerin “Mənim mübarizəm” kitabını çap etmişdilər və birini də mənə gətirmişdilər. Mən 20 dollara almışdım o kitabı. Bir də eşitdim ki, o zamankı MTN əməkdaşları redaksiyada çalışanları aparıb bu kitaba görə. Böyük bir qalmaqal yarandı. Halbuki bunlar həyəcanla yanıma gələndə sevinmişdim ki, gətirin kitabları mənim otağıma, bu dəqiqə nazirlər, digər yüksək ranqlılar axtaracaq bu kitabı ki, “Mənim mübarizəm” azərbaycanca çapdan  çıxıb. Sonradan məlum oldu, cəmi bu kitabdan 5 nüsxə çıxarıblar və birini də mənə gətiriblər. Dedim, bu boyda hay-küy 5 kitab üçün idi? Bu boyda reklamı heç kim edə bilməzdi. Kəsəsi, yəqin yazıçılar özləri də fikirləşib kreativ nəsə taparlar. Son vaxtlar nə qədər tendensiyalı da olsa Kəramət Böyükçölün  öz kitablarını satması, ədəbiyyata olan diqqəti heç olmasa saxlayır. Onun sosial şəbəkələrdə fenomen olması, bəzi fikirlər yazması, izləyicilərinin çox olması istər- istəməz kitaba diqqət yönəldir. İnsanlar düşünür ki, kitab var, kitab yazan var. Yoxsa kitab tamamən düşüncələrdən çıxar. Məsələn, mən qəzet redaktoru kimi görürəm ki, həm də obyektiv səbəblərdən qəzetə maraq azalır, yazıları telefondan oxuyurlar, qəzet almağa ehtiyac olmur. O cümlədən də, böyük həcmli əsərləri oxumağa insanların vaxtı yoxdur. Hədsiz qaçaqaç, sürət zəmanəsidir. Buna görə də yazıçıdan menecerlik qabiliyyəti, kreativlik tələb olunur ki, öz əsərini necə təbliğ etsin. Amma dediyim kimi, bizim yazıçıların çoxu Nəriman Əbdülrəhmanlı kimi, sakit və təvazökardırlar.

 

- AYB-də olan son dəyişikliklərdən danışaq. Bu dəyişikliklərdən sonra nə kimi fərqli mənzərənin şahidi olacağıq?

 

-İndi Səlim Babullaoğlu yaxşı ədəbi əlaqələrə sahibdir. Elə görürəm ki, Səlimin təyinatı ilə ədəbi əlaqələr sahəsində xeyli dinamiklik yaranacaq və bu, ədəbiyyatımıza müsbət təsir göstərəcək. Elçin Hüseynbəyli yaradıcılıq seksiyalarına rəhbərliyi ilə, elə bilirəm ki, pozitivlik yarada biləcək. Sonra, Pərvinin yazıları “Qobustan” jurnalının fəlsəfəsinə uyğundur və o, Anar müəllimin də yaradıcılığını yaxşı bilir. Elə bilirəm ki, o, “Qobustan” jurnalında ənənələrə sadiq qalmaqla incəsənətimizin, ədəbiyyatımızın yeni formada təqdimatına nail ola biləcək. Bu baxımdan, elə hesab edirəm ki, yeni həvəs, yeni ovqat yaranacaq. Gənclər Şurası yenilənib. Fərid Hüseyn fəaldır, elə hesab edirəm ki, Gənclər Şurasının fəaliyyəti də ümumiyyətlə katibliyə və AYB-yə sirayət edəcək. Bir yerdə, toplum halında, hər halda, dediyiniz ədəbi mühitdəki durğunluqda hərəkətlilik yaratmaq imkanı yaranacaq.

 

- Gənclərin təmsilçiliyindən söz açdınız. Gənclər Şurasında 21 nəfərdən 31 nəfərə say artırıldı. Bundan sonra gənclərin üzərinə nə kimi vəzifələr düşür?

 

-Hər halda, gəncləri daha çox cəlb etmək lazımdır, yəqin qurultaydan sonra və ya qurultayqabağı jurnalların redaksiya heyətində də gəncləşmə çox olacaq. O gün iclasda da gördük  ki, AYB-dən elə şeylər umurlar ki, güya AYB istəsə bu gənc yazarı böyük yazıçı edə bilər, bunu tanınmış yazıçı edə bilər. Bu illüziyadır və Sovetdən qalan bir düşüncədir. O zaman Sovet ideologiyası var idi, məhdud telekanallar var idi, məhdud sayda böyük tirajlarla mətbu orqanlar var idi. Hansısa yazıçını məşhurlaşdırmaq çox rahat idi. Amma indi bu qədər telekanallar, sosial şəbəkələr var. Bunların içində özün qeyri-adi yazılar yazmasan, fəal iştirak etməsən, lap səni gündə efirə çıxarsalar da xeyri yoxdur. Buna görə hər kəs günahı özündə axtarmalıdır. Əgər sənin əsərlərin reaksiya doğurmursa, onda sən özün müqayisə etməlisən, digərlərində yox, özündə günah axtarmalısan. Sən özün maraqlı əsərlər yazmalısan, dinamiklik göstərməlisən, fəal olmalısan, elə yazılar yazmalısan ki, sənə maraq oyansın. Sosial şəbəkələri düzgün istifadə edib, ədəbiyyatı və öz yazılarını təbliğ etmək vacibdir.
- AYB bundan sonra azad Qarabağda hansı tədbirləri həyata keçirəcək? Planlarınız varmı?

 

-Əlbəttə ki, prezidentimiz tərəfindən Şuşa Azərbaycanın Mədəniyyət paytaxtı elan olunub və yəqin ki, yaxın  vaxtlarda “Vaqif poeziya günləri” də keçiriləcək. Azərbaycan sənət adamlarının bir qrupu “Xarı Bülbül” festivalında iştirak etdilər, yəqin ki, geniş bir qrup da Şuşaya gedəcək. Şuşanı görməyənlər də Şuşanı görəcək və Şuşa doğrudan da bütün dünyada Azərbaycanın Mədəniyyət Paytaxtı kimi tanınacaq, dünyanın bir çox mədəniyyət sahəsində çalışan adamları da Şuşaya səfər edəcək, Şuşa diskussiyaların, gözəl tədbirlərin baş tutacağı məkana çevriləcəkdir. Əlbəttə ki, Mədəniyyət Nazirliyi də bir çox quruculuq işləri görəcək. Bu baxımdan, quruculuq işləri başladıqdan sonra yəqin ki Ağdamda da, digər rayonlarda da ədəbiyyatımız, mədəniyyətimiz naminə gözəl işlər ortaya qoyulacaq.
- “Xarı Bülbül” festivalından danışdınız. Siz də getmişdiniz festivala. Xəyallarınızın Şuşasına qovuşmaq necə hiss idi?

 

-Şuşada keçirdiyim hisslər barədə həm statuslar yazdım, həm də “Şuşa gör, nələr eylər” adlı yazı yazdım. Mənim 1979-cu ildə yazdığım və Hüseyn Arifin “Uğurlu yol” yazısı ilə “Azərbaycan Gəncləri” qəzetində 1981-ci ilin sentyabr ayında çap olunan ilk şeirim "Cıdır düzü" adlanırdı. Mən o şeiri 15 yaşımda yazmışdım. Ondan sonra bu il mayın 1-də yenə bir şeir yazdım, “Şuşa” adlı. Bu şeir Azərbaycan prezidentinin sözlərindən yaranan bir şeir idi. O, öz çıxışında dedi ki, mən dünyanın heç bir yerində Şuşaya bənzər şəhər görməmişəm. Bu da mənim şeirimin yaranmasında rol oynadı. Şuşa elə uşaqlıqdan, gənclikdən mənim üçün müqəddəs bir yer olub və Şuşaya mənim kimi münasibət göstərən adamlar mənim gözümün işığına, doğmama çevrilir. Məsələn, Anar müəllimə mənim sevgimin xeyli hissəsi yazdığı “Qarabağ şikəstəsi” yazısı, Şuşa haqqında dediyi sözlər və ondan sonra da Şuşanı həmişə müqəddəs şəhər kimi yad eləməsi səbəbindən yaranıb. Yeni gələnlərin də Şuşaya heyran olması, eyni zamanda prezidentin Şuşa haqqında gözəl fikirləri, dərin sevgisi mənə elə gəlir ki, bütün insanlara sirayət edəcək. Bütün yazıçılarımız, şairlərimiz həmişə deyib ki, Şuşaya bir gələn, bir də gəlmək istəyir. Yeni gələnlər də Şuşaya heyran qalacaqlar.Vaxtı ilə, bayaq adını çəkdiyim Seymur Baycan jurnalistlər heyətinin tərkibində Şuşaya getmişdi. Ona qədər o, həmişə lağ edirdi ki, bu nədir, elə hər yerdə, həmişə Şuşa, Cıdır düzü, İsa bulağı, Şuşanın kababı deyirsiniz. Görməmişdi oraları, ironiya edirdi. Gedib qayıdandan sonra “525-ci qəzet”ə müsahibə vermişdi ki, "Şuşa haqqında, Cıdır düzü haqqında dediyim sözlərə görə üzrxahlıq edirəm və bu barədə incitdiyim bütün adamlardan üzr istəyirəm. Şuşa da, Cıdır düzü də əfsanəvi və möcüzəvi yerlərdir." Seymur kimi adam belə düşündüsə, elə bilirəm ki, Şuşanın təsir etmədiyi insan ola bilməz. Şuşa mədəniyyətimizin paytaxtı, mənəviyyatımızın əsas sütunlarından biridir. Bu mənada, elə bilirəm ki, mədəniyyətimizin bəlkə də ikinci intibahı Şuşanın işğaldan azad olunması ilə başlayır.

 

- Rəşad müəllim, yeni gələn gənc jurnalistlər ümidvericidir, yoxsa gənc şairlər?
 -İndi daha çox mən jurnalistləri gənc şairlərin, yazıçıların arasından seçirəm. Mənim fikrimcə, yaxşı yaza bilən, özünü ifadə edə bilən gənc şair və yazıçılar eyni zamanda jurnalistikanı da, publisistikanı da yaxşı bacarır. Bu, mənim 30 illik qəzetçilik təcrübəmdə də var, ümumiyyətlə dünyada da həmişə belə olub. Mən həmişə nümunə çəkirəm: Hemenquey, Markes, onlar yaxşı jurnalistlər olublar, yaxşı reportyorlar olublar. Bəziləri deyir ki, jurnalistika şairi, yazıçını “yeyir”, onu yaxşı bədii əsərlər yazmağa qoymur. Burda da haqlı məqamlar var. Amma mən düşünürəm ki, jurnalistika ilə məşğul olmaq yazıçının, şairin qələmini “itiləyir”, ona yaxşı təsir göstərir, yazıçının və şairin  peşəkarlaşmasında böyük rol oynayır. Ona görə mən şair və yazıçı gənclərin jurnalistika ilə məşğul olmasına müsbət baxıram.
- Azərbaycanda qəbul edilən ənənəvi şair obrazı  ədəbiyyata necə təsir edir? Bundan qurtulmaq lazımdırmı?
-Şair obrazı, məncə, getdikcə arxaikləşir. Vaxtı ilə Vaqif Səmədoğlunun pyeslərində, dram əsərlərində şairin  bir az gülməli obrazı olub. Moşu Göyəzənli kimi. Məsələn, Ramiz Rövşən 70 illik yubileyində demişdi ki, “Mənə 20 yaşımda desəydilər ki, 70 yaşda bu çəkidə şair olar, deyərdim ki, olmaz”. Yəni, şair obrazı bizdə, əsasən, necə olub? Xüsusi ilə Nəsimi filmində bunu yaradıblar. Arıq, sısqa, əzabçəkən, özünü fəda edən. Mənə elə gəlir ki, indi əsas sözdür. Əgər sən şeirinlə insanları  heyrətləndirə bilirsənsə, o şeirin arxasında necə bir bədənin olması o qədər də əhəmiyyətli deyil.
- Publisistika sizə nə verdi? Şeir sizə nə verdı?
-Birinci kitabım 90-cı illərdə yayımlandı. Amma ön sözünü 80-ci illərdə yazmağa başlamışdım. Orda Folknerin sözünü də nümunə gətirmişdim ki, şairlik üçün ən yaxşı yaş 24 yaşa qədərdir. Ondan sonra romantik dövr yavaş-yavaş gedir və nəsr üçün münbit zəmin yaranır. Mən o kitabımda yazmışdım ki, mənim özümü ən rahat və xoşbəxt hiss etdiyim an, "buludların üzərində yeridiyimi” hiss etdiyim andı, gözəl bir şeirin nöqtəsini qoyduğum andı. 1988-ci ildən sonra məlum hadisələr başladı. Həm Qarabağ müharibəsi, həm Azərbaycanın müstəqilliyi uğrunda mübarizə. Və tale belə gətirdi, mən belə başa düşdüm ki, özümü publisistikada daha çox realizə edə bilərəm. Bunun da nəticəsində  “525-ci qəzet” yarandı. Mən tək özümü yox, Azərbaycanın həm yaşlı nəsil ziyalılarını, ədəbi intellektual insanlarını, həm yazarlarını ora cəlb edə bildim. Qəzetin qapısı həmişə gənclərin də üzünə açıq oldu. Qəzet eyni zamanda gənc nəsillə yaşlı nəslin arasında körpüyə çevrildi, bir vəhdət yaratdı. Ədəbiyyatın, ədəbi dəyərlərin qorunmasında “525-ci qəzet”in rolu böyük olub, misilsiz olub. Həmişə, hər zaman, hər kəs yüksək səviyyədə bunu vurğulayır.

 

-İkisindən birini seçmək məcburiyyətində qalsaydınız, hansını seçərdiniz?Ədəbiyyat, yoxsa jurnalistika?
-Son 25 ildə mənim ən çox məşğul olduğum, şübhəsiz ki, publisistika, redaktorluq, qəzet olub. Bunun da davamı kimi mən “Qələmsiz yazılanlar” adlı kitab da çap etdirdim. Bunlar statuslarda yazdığım, vaxt tapıb yaza bilmədiyim, şeirin, nəsrin elə publisistikanın qarışığından olan şeylərdir. Yeni dövrün  janrıdır. Elə status olur ki, mənim yaza bilmədiyim bir şeirin havası, hekayənin motivləri olur orada. Eləsi də var ki, ictimai-siyasi məsələlərə münasibətimdir. Ona görə, elə bilirəm ki, bunların qarışığından belə bir janr yaranıb və özümü bu 3 janrın qarışığında tapmışam. Dövr ona təsir edir. Daha sakit, stabil bir dövr olsaydı, daha çox şeirə, nəsrə üstünlük verərdim. Həmişə deyirəm ki, bir az vaxtım olsaydı, tərki-dünya ola bilsəydim, beynimdə romanların sujetləri var, onları yazardım. Amma indiki dövrümüz elə gətirib ki, məhz qələmsiz yazılanları gətirib ön plana çıxardır. Məncə, bu da ədəbiyyatın qorunmasına, ədəbiyyatın sıradan çıxmamasına bir müqavimətimdir ki, özünü belə üzə çıxardı.

 

-Üzə çıxmayan, amma sizin demək istədiyiniz nəsə qalırmı?

 

- Demək istədiyim olanda, günün istənilən vaxtı, sosial şəbəkələr, qələmsiz yazılanlar  o şəraiti hamı kimi mənə də yaradıb, gecənin yarısı da olsa, beyninə nəsə gələndə onu yaza bilirsən, ictimailəşdirə bilirsən. Bu baxımdan, indi o  problem yoxdur. Hansısa gənc deyəndə ki, çap olunmamaq kimi qarşımızda sədlər var, mənə gülməli gəlir. Mən bir şeirimin çap olunması üçün bir il gözləyirdim. Bayaq adını çəkdim, Hüseyin Arifin “Uğurlu yol”u ilə  “Azərbaycan gəncləri” qəzetində şeirimin çap olunmasnı 6 ay gözləmişəm. Amma o da var ki, onda qəzetin tirajı beş yüz min idi. Və yazın çap olunanda böyük bir reaksiya doğururdu, hamı səni tanıyırdı. Mən neçə illər gözləmişəm ki, “Ulduz” jurnalında mənim şəklim və iki şeirim çap olunsun. 4-5 ildən  sonra çap olunmuşdu. “Ulduz” jurnalı da o zaman 90 min tirajla çap olunurdu və səni bütün ədəbi dairələr tanıyırdı. Jurnal ziyalılar, yazıçılar, arasında məşhur idi. İndi çap olunmaq imkanları genişdir, amma reaksia azdır. O reaksiyanı almaq üçün sən həddindən artıq  istedadlı və həddindən artıq iti beyinli olmalısan.

 

-Gözəl söhbət üşün təşəkkür edirəm, Rəşad müəllim.