MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Rate this item
(0 votes)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Yaşıllaşdırma işçisinin kimliyinin müəyyən edilməsi ilə nələrəsə, bəlkə də çox şeylərə aydınlıq gələcəyinə ümidim böyük idi. Ancaq Mahirin dünənki zəngi ilə bu ümidlər alt-üst olmuşdu. Adam düz iki ay bundan əvvəl yoxa çıxmışdı. Bunun nə demək olduğu Mahirə da, mənə də gün kimi aydın idi. Baş verə biləcək dəhşətli hadisələrin fonunda, son iki gündə təkcə Tərxanın il yarım əvvəlki yalançı ölümünün təfərrüatlarını aydınlaşdırmaqla kifayətlənməyim, qalan vaxtda evdə oturmağa məcbur olmağım məni çox sıxırdı. Divarda asılmış şəkilli iri təqvimə yaxınlaşıb sentyabr ayını göstərən vərəqini çevirdim. Artıq oktyabr ayının 1-i idi.

Araşdırma aparanda məqsədimə çatanadək bəzən gecələr də yatmamaq adətim idi. Bu mənim özümdən asılı deyildi və sanki orqanizmim də belə vaxtlarda başqa rejimə keçir, nə yemək, nə də yatmaq yadıma düşmür, yorulmaq bilmirdim. Əksər əməliyyatçılarda illərlə formalaşan bu xüsusiyyət məndə əsil ovçu instinktinə çevrilmişdi. Ona görə də hazırkı hərəkətsizliyim mənim üçün dözülməz idi. Xüsusilə, belə bir əməliyyatda…

Fikirlərdən məni Mahirin zəngi ayırdı.

-Bəxtiyar, hazırlaş. Dalınca gəlirəm, təcili bir ünvanı yoxlamalıyıq.

Qeyri-ixtiyari dedim:

-Nəhayət ki.

Beş dəqiqədən sonra həyətdə Mahiri gözləyirdim. Daha iyirmi dəqiqə sonra isə artıq onun dediyi ünvanın qarşısında idik. Sahə inspektoru Mənzil-Kommunal Təsərrüfatı Birliyindən çağırdığı çilingərlə qapının ağzında bizi gözləyirdi. Onlarla salamlaşan Mahir qapıya işarə edib,-açın,-deyə göstəriş verdi.

Çilingər əyilib qapının açar yerinə diqqətlə baxdı. Sonra çantasından lazım olan aləti götürüb işə başladı.  

Yolda Mahirin dediklərindən öyrənmişdim ki, hazırda bir qədər aralıda dayanmış mayor rütbəli sahə inspektoru ərazisində daha bir rusiyalı qonağın kirayədə qalması barədə qonşuların birindən məlumat alıb. Onun kimliyini öyrənmək məqsədi ilə ünvana gələndə isə qapını nə qədər döysə də heç kim açmayıb. Eyni mərtəbədə yaşayan həmin qonşu qadın bir neçə saat əvvəl çiynində çanta olan kirayənişinin mənzili tərk etdiyini deyib. Diqqətli qadın maraqlı bir məlumat da verib. Mənzili bir nəfərin kirayələdiyini deyən qonşu iki dəfə oradan tamam fərqli adamın, çəliklə gəzən birinin çıxdığını deyib. Elə bu gün çanta ilə çıxan adam da həmin axsayan adam imiş. Hər dəfə blokdan səs gələndə qapıdakı gözlükdən baxmağı özünə adət etmiş bu evdar qadın başqa bir şeyə də fikir verib. Kirayənişin demək olar ki, evdən bayıra çıxmırmış, ancaq hər axşam eyni vaxtda blokdakı poçt qutusunu yoxlayırmış. Bu çox maraqlı idi. Qonaq gəldiyin şəhərdə evə qapanıb qalacaqdınsa, niyə gəlirdin? Ayrıca, kirayə qaldığın mənzilin poçt qutusunu niyə yoxlayasan ki?

O ki, qaldı, ev sahibinə, sahə inspektorunun dediyinə görə dörd il əvvəl Amerika Birləşmiş Ştatlarına köçübmüş. Bu müddətdə mənzildə kimsə yaşamırmış. Evi hansı şəraitdə, kim kirayəyə verib bilmir. Elə kirayənişini də gec aşkar etməsinin səbəbi bu olub.

Yolboyu bu danışdıqlarından sonra Mahirin niyə belə tələsdiyi mənə məlum olmuşdu. Alınan məlumat qızıla bərabər bir məlumat idi.

-Hazırdır.

Bayaqdan çömbəltmə oturub qıfıl ilə əlləşən çilingər ayağa qalxıb qapını itələdi. Seyf qapı cırıltı ilə açıldı.

-Siz qapının ağzında dayanmayın. Bir mərtəbə yuxarı qalxıb orada gözləyin.

Mahir yenə də göstəriş verib içəri keçdi. Onun ardınca mən də mənzilə daxil oldum.

-Bizdə «Koramal»ın barmaq izlərinin nümunəsi var. Mən ekspert kriminalist çağırmışam. Təcili buradakı əl-barmaq izlərini yoxlamaq lazımdır. Əgər o burada olubsa, mütləq kiçik də olsa, bir iz qoymalıydı. Bizsə, ekspert gələnə qədər burada axtarış aparaq. Görək nə tapırıq. Sən mətbəxdən başla. Mən hamamxanaya keçirəm. Sonda otağa baxarıq.

Mahirin bu sözlərindən sonra hərəmiz bir tərəfdən olduğumuz məkana baxış keçirməyə başladıq. Mətbəxdə elə də çox əşya yox idi. Əlavə izlər qoyub ekspertin işini artırmamaq üçün cib dəsmallarımızı əlimizdə tutmuş, əşyalara dəsmalla toxunurduq.

On dəqiqə sonra mətbəxdə və hamamxanada işimizi bitirdik. Hələ ki, maraq doğuracaq bir şey yox idi. İndi otağa baxacaqdıq. Birlikdə diqqətlə nə isə tapa biləcəyimiz bütün mümkün yerlərə baxırdıq. Təxminən iyirmi dəqiqə axtarışlardan sonra heç nə tapmayıb keçib divanda oturduq. Elə bu vaxt kriminalist qapını döyüb içəri girdi. Qalxıb onunla görüşdük. Mahir mənzillə işini bitirdikdən sonra poçt qutusundakı barmaq izlərini də götürməyi ona tapşırıb yenidən keçib yanımda oturdu. Kriminalist zabit masanın üstünə qoyduğu xüsusi çamadanı açıb aramla lazım olan şeyləri çıxardı və işə başladı. İlk baxışdan onun işinin əsil peşəkarı olduğunu başa düşdüm. Mahir rəhbərlikdən məhz bu mütəxəssisi göndərməyi xahiş etmişdi. Xüsusi hazırlıq keçmiş bir peşəkarın hansısa iz qoyduğuna az inansaq da, digər bir peşəkarın nə isə tapacağına ümidimizi itirmirdik.

Hələ ki, heç nə tapmasaq da, axtarışlar zamanı bir şey diqqətimi çəkmişdi. Dolabda bir diyircəkli qələm var idi. Onun uc hissəsində qurumuş mürəkkəb yapışıb qalmışdı. Dırnağımla həmin qurumuş mürəkkəbi qoparanda altındakı, qələmin diyircəyində yığılıb qalmış mürəkkəbin hələ qurumadığını gördüm. Təkrar toxunanda barmağım azca mürəkkəbə batmışdı. Deməli, bu qələmdən yaxın vaxtda istifadə olunmuşdu. Çoxdan istifadə olunmayan diyircəkli qələmlərin ucları quruyur və hətta bu halda yazması üçün bir neçə dəfə vərəqə sürtmək lazım gəlir. Ancaq məsələ bundadır ki, qələmlə nəsə yazmaq üçün otaqda bir dənə də olsun nəinki kitab yaxud dəftər, heç qəzet parçası da yox idi. Bu, mənə maraqlı gəlmişdi. Qonşu qadın kirayənişinin hər axşam poçt qutusunu yoxladığını deyib. Bəlkə o, hansısa məlumatları kağıza yazıb poçt qutusuna qoyurmuş, sonradan onu oradan götürürmüşlər? Gedərkən isə yazdığı dəftəri özü ilə aparıb. Bu, mümkün ehtimal idi. Bəlkə nəsə taparam deyə ayağa qalxıb bir daha otağı nəzərdən keçirdim.  Mahir hərəkətlərimi diqqətlə izləyir, ancaq heç nə soruşmurdu. Birdən gözüm evin küncündəki tumbanın üstünə qoyulmuş telefon aparatına sataşdı. Aparat tumbanın üstündən bir qədər hündürdə dayanmış kimi görünürdü. Stop. Telefon aparatlarının ayağı belə hündür olmur. Yaxınlaşıb aparatı götürdüm. Zənnim məni aldatmamışdı. Aparatın altında bloknot ölçüsündə olan telefon məlumat kitabçası var idi. Keçmişdə çox böyük ölçüdə olan, hər bir evdə rast gəlinən telefon kitablarını sonradan təkmilləşdirib xeyli kiçik ölçüdə çap etməyə başlamışdılar. Ona görə də aparatın altında qoyulmuş kitabçanı əvvəldən görə bilməmişdik. Qayıdıb Mahirin yanında oturdum və kitabçanı vərəqləməyə başladım. Kolleqam yenə hərəkətlərimə baxır, amma heç nə soruşmurdu. Sonuncu vərəqə çatdım. Heç bir yazı yox idi kitabçada. Təəssüflə kitabçanı kənara qoydum.

Nəsə məni narahat edirdi. Əgər kirayənişin, fikirləşdiyim kimi, hansısa məlumatları yazıb poçt qutusuna atırdısa və gedəndə də istifadə etdiyi dəftəri özü ilə aparıbsa, bu zaman otaqdakı qələmin mürəkkəbinin qurumamasının izahı var idi. Ancaq bunu təkzib edən başqa bir şey də var idi. Qonşunun dediyinə görə gəldiyi gündən mənzilə qapanıb demək olar ki, heç yerə çıxmayan biri hansı məlumatı ötürə bilərdi ki? Əgər ehtimal etsək ki, mənzildə qalan Solomin olub, bu halda daha çox poçt qutusu vasitəsilə onun özünə məlumat ötürülməsi ağlabatan deyildimi? Qələmdənsə, yüz faiz bu yaxında istifadə olunub. Mənzildəki yeganə nəsə cızmaqara edilə biləcək kağız məmulatı da bu yanıma qoyduğum telefon kitabçasıdır. Belə olan halda məntiq nə deyir?

Kitabçanı götürüb axıra qədər yenə vərəqlədim. Sonuncu vərəqi də çevirdim. Yenə heç nə yox idi. Stop. Axırıncı vərəq telefon nömrələri ilə bitirdi kitabda. Belə olmur axı. Bu kitabın çapını həyata keçirən nəşriyyat mütləq özünə aid məlumatları, kitabçanın çap kodunu, tirajını göstərməli idi. Kitabçanı işığa tutub diqqətlə baxdım. Elədir ki var, sonuncu vərəq kitabçadan qoparılmışdı, özü də çox səliqə ilə. Tez üzümü ekspert-kriminalistə tutub dedim:

-Qardaş, zəhmət olmasa, zərrəbini mənə ver.

Əllərinin hər ikisi işlətdiyi kriminalistik toza batmış ekspert zabit çamadanına işarə etdi. Qalxıb iri böyüdücü şüşəsi olan zərrəbini çamadandan götürdüm. Mahir yenə də baxıb susurdu. Cırılmış vərəqdən sonra gələn sonuncu, kitabın üz qabığının arxa iç tərəfinə zərrəbini yaxınlaşdırıb diqqətlə baxdım. Karton vərəqin üzərində zəif cızıqların olduğu  zərrəbinin altında aşkar görünürdü. Çönüb hərəkətlərimi izləyən Mahirə baxdım. O, nə demək istədiyimi o dəqiqə başa düşdü. Başı işinə qarışmış eksperti yanına çağırıb soruşdu?

-Gördüyün bu konturların nə ifadə etdiyini bu dəqiqə, burada üzə çıxara bilərsənmi?

-Asanlıqla.

Kriminalist zabit qısa cavab verib çamadanına yaxınlaşdı. Əllərini silib oradan götürdüyü hansısa toz və pambıq parçası ilə geri qayıtdı. Tozu karton vərəqin üstünə töküb pambıqla hər yerinə yaydıqdan sonra yenə təmiz pambıq parçası götürüb tozun üzərində gəzdirdi. Bundan sonra tozun cızıqlara dolmayan qalığını ehtiyatla kənara üfürüb alışqanla kartonu altdan qızdırmağa başladı. Bir dəqiqədən sonra gözümüzün önündə maraqlı bir mənzərə yarandı. Cırılmış vərəqə basılan qələmin kartonda qoyduğu izlərə dolan ağ rəngli toz qızan kimi qaraldı və kartonun üzərində iki şəkil peyda oldu. Mahirlə baxışdıq.

Şəkillərin birində çarpayıda uzanmış qadın, o birisində ikibaşlı əjdaha əks olunmuşdu. Əjdahanın hər iki ağzından alov püskürürdü. Bu nə ola bilərdi? Şəkillərin olduğu vərəqin cırılması elə-belə deyildi. Beynim sürətlə işləməyə başlamışdı. Hissiyyatım da bu şəkillərlə nəsə bir ipucu tapacağımı deyirdi. Divana oturub adətim üzrə gözlərimi tavana dikdim. Belə vəziyyətdə fikrimi daha yaxşı cəmləyə bilirdim. Qadın şəkli mənə tanış gəlirdi. Onu haradasa görmüşdüm. Bu şəkil baxana daha çox sakitləşdirici təsir bağışlayırdı. Amma əjdaha şəkli haqqında bunu demək olmazdı. Fikrimcə, bu konkret bir simvolika idi və nəyəsə işarə vardı bu şəkildə. Özü də ikibaşlı əjdaha. Hər halda bu vaxta qədər mən heç bir mifdə, əsatirdə yaxud nağılda ikibaşlı əjdahaya rast gəlməmişdim. Bəli, burada yüz faiz nəyəsə işarə var idi. Amma nəyə, bax bunu tapmaq lazım idi. Nəhayət, növbəti addımlarımı müəyyənləşdirdim. Cəld telefonu çıxarıb Stepanı yığdım.

-Eşidirəm, Baxa,-Stepan dərhal cavab verdi.

-Əziz dostum, təcili bizim obyektin Moskvada qaldığı evə təkrar baxış keçirin. Orada olan nə qədər dəftər, kitab, bloknot, bir sözlə üzərində şəkil çəkmək mümkün olan istənilən kağız parçası varsa bir daha gözdən keçirin. Qələmlə çəkilmiş hansısa şəkil və ya simvolika aşkar etsəz, həmin şəklin nə vaxt çəkildiyini müəyyən et və dərhal məlumat ver. Paralel olaraq onun sonuncu dəfə yatdığı təkadamlıq kameraya da baxış keçirilib sənə məlumat verilsin. Orada da çəkilmiş şəkillər varsa, bu məlumatlara əlavə et. Bunu niyə istədiyimi sonra başa salaram. İndi isə bu işləri tez görün. Hə, bir də ki, telefon kitabçası varsa o evdə, ona da baxmağı unutmayın. Bir də, obyektimizin rəssamlıqla hansı əlaqəsinin olduğunu aydınlaşdır, bunu mütləq öyrən.

-Başa düşdüm, Baxa. Dərhal başlayırıq.

Telefon danışığımı dinləyən Mahir mənə baxıb soruşdu:

-De görüm yenə nə fikirləşmisən?

 

 “Ədəbiyyat və incəsənət”

(07.03.2024)