“Qaratikan” - Vaqif İsaqoğlunun hekayəsi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə MİLLİ ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Vaqif İsaqoğlunun hekayəsini təqdim edirik. 

 

Səhər açılar-açılmaz kəndə xəbər yayıldı ki, bəs deməzsənmi, Güllü arvad dəli olub. Güllü arvadın dəli olması xəbərini günortaya yaxın hamı eşitdi və onun doğrudan da dəli olub-olmamasını öz gözlərilə görmək istəyənlər qəbiristanlığa üz tutdular.

Son yeddi ildə bir dəfə də olsun qəbiristanlığa ayaq basmayan Yekəbaş Məhər də adamlara qoşulub bu xəbərin doğru olub-olmadığını bilmək istədi, amma o, qəbiristanlığa 50-60 metr qalmış istər-istəməz ayaq saxladı, maraq ona nə qədər güc gəlsə də yerindən tərpənmədi, boynunu yazıq-yazıq büküb bu işin axırını gözləməyə başladı. Yekəbaş Məhərin yerindən tərpənmədiyini görəndə Yetim Bayram onun qoluna girdi və pıçıltıyla dedi: - Gedək görək bu nə məsələdi! - Qorxuram. - Səsində bir titrəyiş vardı. - Nədən? - Yetim Bayram fürsəti əldən vermək istəmədi. - Qəbiristanlıqdan. - Yekəbaş Məhərin rəngi ağarmışdı. Yetim Bayramın əlinə girəvə düşmüşdü. Yaşı qırxı haqlamış bu dörd uşaq atasının qəbiristanlıqdan niyə qorxduğunu bilmək istəyirdi. Çünki hərənin ağzından bir söz çıxırdı. Kimi deyirdi ki, Yekəbaş Məhər qəbiristanlığa gələn kimi dədəsi qəbirdən xortlayıb duracaq və onun boğazından yapışıb yurd yerini satdığına görə yanına çəkib aparacaq, oradan da birbaşa cəhənnəmə göndərəcək. Kimi də deyirdi ki, Rusetdən meyidi gələn Həsənin arvadına göz dikdiyinə görə qəbiristanlığa ayaq basa bilmir, qorxur ki, Həsən goreşən kimi oyuqların birindən çıxıb onu da dalınca sürütləyəcək. Hərə bir söz deyirdi və bu deyilənlərə Yetim Bayram inanmırdı. İnanmadığına görə də Yekəbaş Məhərin yaxasından yapışıb buraxmaq istəmirdi.

Yetim Bayram nə illah elədisə də ondan bir söz qopara bilmədi, hirslə yerə tüpürüb qəbiristanlığın dəmir darvazasından içəri girdi. Qəbirstanlığın qurtaracağında xeyli adam vardı. Elə bil ki, kimisə qəbirə qoyurdular, hamı gözlərini aşağı dikib maraqla baxırdı.

Yetim Bayram adamların arasından özünə yol açıb yaxına gəldi. Güllü arvad oğlunun başdaşından boylanan əsgər şəklini öpə-öpə deyirdi: "Atan dünən sənin aylığını aldı. Gör bir sənə nə gətirmişəm". - O, bu sözləri deyib qoynundan qırmızı rəngli balaca bir uşaq maşını çıxartdı, sonra da həmin oyuncaq maşını oğlunun sinədaşının üstünə qoyub geri çəkdi. Oyuncaq maşın irəli şığıyıb başdaşına toxundu və dayandı. Yetim Bayramın gözləri yaşardı. "Yazıq arvad, gör bir nə hala düşüb". - Fikirləşdi və oradan uzaqlaşmaq istədi, amma Yekəbaş Məhər kimi onun da ayaqları yerindən tərpənmədi.

Güllü arvad balaca, qırmızı rəngli uşaq oyuncağını yenidən əvvəlki yerinə qaytarıb zarıdı: "Ay oğul, durub bu maşını niyə sürmürsən?" - deyərək bir göz qırpımındaca yıxılıb huşunu itirdi. Ətyeməzlər Sonası özünü irəli verib onu uzandığı yerdən qaldırmaq istəyəndə Göygöz Səlim: "- Onu tərpətmək olmaz, - dedi. - Yəqin ki, infarkt keçirib. Həkim gələnə kimi onu yerindən tərpətmək olmaz". - İnamla bildirdi və özündənrazı halda adamlara baxdı. Və birdən nə düşündüsə də onların üstünə təpindi: - Bir az geri çəkilin. Qoyun hava gəlsin!

Hidayət müəllim onun sözünə qüvvət verdi: - Kişi düz deyir də. Yaxşısı budur ki, hamı dağılışıb getsin. Elə bil ki, burada sirk göstərirlər. - Hidayət müəllimin dediyinə heç kim məhəl qoymadı, hamı gözlərini Güllü arvada dikib onun nə vaxt özünə gələcəyini gözləyirdi. Dəqiqələr ötürdü, amma deyəsən Güllü arvad özünə gəlmək hayında deyildi. İndi qiyamət qopsa da onu yatdığı yerdən heç kim ayılda bilməzdi, çünki oğlu Sənan yuxusuna girmişdi. Yuxuda onun əlindən tutub dədəsi evinə gedirdi, çünki dədəsinin pensiyası gəlmişdi və hər dəfə dədəsi pensiyasını alanda qızına da "görüm-baxım" eləyirdi. Bu dəfə də o, dədəsinin verdiyi pulu götürüb "Səməd market"ə girdi. Elə bu zaman Sənanın gözü marketdə satılan qırmızı rəngli uşaq oyuncağına sataşdı:

- Ana, o maşını mənə al!

Güllü arvad onun qolundan çəkib dedi:

- Pulumuz yoxdu!

- Axı babam sənə pul verdi.

- Qənd-çay, bir də makaron alacam.

- Mən qənd-çay istəmirəm, heç makaron da istəmirəm. Mən o qırmızı maşını istəyirəm. - Ağlamağa başladı.

- Anası dözmədi, onun üstünə təpindi:

- Ağlama. Dedim ki, pulumuz yoxdu. Olanda alacam.

- Bəs pulumuz nə vaxt olacaq? - Ağlamağına ara verib soruşdu.

- Bilmirəm. - Güllü satıcıya yaxınlaşdı.

Sənan kirimək bilmirdi. Həmin o qırmızı rəngli maşın gözlərinin qabağından çəkilib getmirdi. Ona görə də bütün yolboyu ağladı və evə gələn kimi anası onun yamaqlı şalvarının arxasına bir sillə vurub dəmir çarpayıya uzatdı. Sənan ağlaya-ağlaya yuxuya getdi. O, yuxuda da ağlayırdı.

Qəzənfər doktor qəbiristanlığın girəcəyində görünəndə Güllü arvad gözlərini açdı və ətyeməzlər Sonasına baxıb: - Bəs oğlum hanı? - Soruşdu. - Gözümə dəymir. - Ətrafına boylandı. Bir andaca ağlaşma səsi qəbiristanlığı bürüdü.

Güllü arvad sakitcə ayağa durdu, qara donunun ətəyini hər iki əlilə toz-torpaqdan təmizləyib heç nə olmayıbmış kimi evlərinə yollandı. Adamlar hələ də dayandıqları yerdən tərpənməyib onun arxasınca baxırdı. Heç kim dillənmirdi. Nəhayət, Göygöz Səlimin dodaqları aralandı və oradan cəmi üç söz çıxdı: "Güllü dəli olmayıb!". - Hidayət müəllim şofer Rasimdən bir siqaret istəyib dedi: "Şükürlər olsun ki, infarkt keçirməyib". - Şofer Rasim siqareti ona sarı uzadaraq soruşdu: - Xalaoğlu, sən ki, həkim deyilsən. Bunu hardan bilirsən? - Gülümsündü. Hidayət müəllim ona cavab verməyib siqareti damağına qoydu, alışdırıb acı tüstünü ləzzətlə ciyərlərinə çəkib havaya buraxanda Göygöz Səlim cingiltili səslə bildirdi: - Sən özün infarkt olacaqsan, Hidayət müəllim! Bu zəhirmardan nə tapıbsan? Ürəyinə niyə bilə-bilə dağ çəkirsən? - Hidayət müəllim ona çəpəki bir nəzər salıb dedi: " - Mənim ürəyimə siqaret yox, başqa şey dağ çəkib, ay Səlim! Sən bunu qana bilməzsən!" - Siqaretə bir qullab da vurub adamların arasından birtəhər çıxdı və öz-özünə mızıldandı: "Mənə ağıl öyrədənə bir bax".

 

*

Bu hadisədən bir aya yaxın vaxt ötmüşdü. Düz bir ayın tamamında yenə kəndə xəbər yayıldı ki, Güllü arvad bu dəfə, doğrudan da, dəli olub. Hamı axışıb qəbiristanlığa gəldi. Bu dəfə Güllü arvad tək deyildi, əri Salman da yanında idi. Salman onun qolundan tutub qucaqladığı başdaşından aralamaq istəyirdi, amma bacarmırdı. O, soyuq mərmər daşı elə qucaqlamışdı ki, onu aralamaq o qədər də asan məsələ deyildi.

Adamlar yenə də Sənanın məzarını dövrəyə almışdılar. Sənan yenə də başdaşına həkk olunmuş əsgər paltarından onlara baxıb gülümsəyirdi.

Güllü arvad birdən-birə başdaşından qollarını aralayıb sinə daşının üstünə qoyduğu üçtəkərli uşaq velosipedini əllərilə tumarlaya-tumarlaya dedi: - Oğul, qadan alım, ayağa dur! Gör sənə nə alıb gətirmişəm! Durub velosipedini sürsən! - Dizi üstə yerə çökdü, sonra ağarmış saçlarını yola-yola: "Ay oğul, bu qədər də yatmaq olarmı? Axı sənə soyuq dəyər, sətəlcəm olarsan" - deyərək haray çəkdi, onun səsi dalğa-dalğa hər yana yayıldı. Arvadlar yenə də göz yaşlarını saxlaya bilmədilər. Salman fikirdən ikiqat olmuşdu. Ürəyi od tutub yanırdı. Ürəyi od tutub yansa da gözlərindən yaş çıxmırdı. Göz yaşları qurumuşdu. Qupquru gözləri susuzluqdan yanan çiçəyə oxşayırdı, soluxmuşdu. Soluxmuş gözlərində həyat işartısı yox idi. "Durub velosipedini niyə sürmürsən? Atan aylığını dünən aldı, mən də sənə velosiped alıb gətirdim". - Güllü arvad yenə də huşunu itirib yıxıldı. - Doktor Qəzənfərin dalınca adam göndərin - Göygöz Səlim əl-ayağa düşdü, amma Salman günahkar adamlar kimi dedi: - Lazım deyil, onsuz da hər gün evdə huşunu itirir və öz-özünə nəsə deyir, ancaq nə dediyini başa düşmürəm. - O, bu sözləri deyəndə Güllü arvad yuxuda görürdü ki, yenə də dədəsindən qənd-çay pulu alıb. Onlar Səmədin marketinə girəndə Sənanın gözləri üçtəkərli uşaq velosipedinə sataşdı. Anasının əlini buraxıb velosipedə sarı cumdu. Bu zaman Səməd onun üstünə qışqırdı: - Əlini vurma! - Sənan qorxusundan yerində dayanıb anasının üzünə baxdı. Anası köksünü ötürüb heç nə demədi. Səməd hırıldayıb bulanıq gözlərini Güllünün üzünə dikdi. Güllü qızarıb başını aşağı saldı, sonra da oğlunun əlindən tutub "Səməd market"dən güllə kimi çıxdı.

Güllü arvad qəfil huşunu itirdiyi kimi, qəfil də gözlərini açıb ətrafına boylandı. Gözləri Salmana sataşdı, birtəhər ayağa durub onun qolundan tutdu, sonra da titrək səslə dedi: - Sənana velosiped alıb gətirmişdim, ancaq o, hələ də yatır. Nə qədər çağırdım, səsimə səs vermədi. Duran kimi velosipedinə minib evimizə gələcək. Gedək, bir azdan gün günorta olacaq, o gələnə kimi gedim yeməyə bir şey hazırlayım! - Salmanı qəhər boğdu. Boğazına tıncıxmış qəhəri güclə udub üzünü yana çevirdi.

Qəfildən göy üzünü qara buludlar örtdü. Bayaqdan bəri göy üzündə parlayan günəş islanmaqdan qorxurmuş kimi buludların arxasında gizləndi. Az keçməmiş yağış yağmağa başladı. Göygöz Səlim onunla yanaşı addımlayan Yetim Bayrama baxıb dedi: - Bu yağış deyil, Güllü arvadın göz yaşlarıdı. - Yetim Bayram başı ilə onun sözünü təsdiqləyib yaşına uyğun olmayan bir cəldliklə ondan ayrılıb sağ tərəfə buruldu.

 

*

Yağış tez yağdığı kimi tez də kəsdi. Yetim Bayram dördyolayrıcına çatar-çatmaz "Market Səməd"lə rastlaşdı. "Market Səməd" ağ rəngli "Prado"sunu onun yanında saxlayıb soruşdu:

- Ayə, Güllü arvad doğrudanmı dəli olub, yoxsa o yazığa şəbədə qoşurlar? - Dişlərini ağartdı.

Yetim Bayram onun gözlərinin içinə baxıb hirslənən kimi oldu:

- Özün gedib görərdin də. Məndən niyə soruşursan?

- Mənim qəbiristanlıqda nə işim var. İşim-gücüm qurtarıb, bəyəm?

Yetim Bayram gözlərini onun gözlərindən çəkmədən soruşdu:

- Mənim nisyə dəftərində adım varmı? - Bu yersiz sualdan Səməd karıxan kimi oldu və tələsik cavab verdi:

- Yox.

- Bəs onda nə hətərən-pətərən danışırsan? Başına söz qəhətdi?

- Deyəsən, oğlun Rusetə gedib-gələndən sonra qınından çıxmısan? - "Market Səməd" onun üstünə bozardı. - Dünənə kimi boynunu büküb hamı kimi sən də nisyə mal alırdın. Bir dəfə də səni əliboş geri qaytarmadım. Bu da mənim yaxşılığımın əvəzidi, eləmi? O Salman dediyin də hər gün çörəyi nisyə alırdı. İndi iki aydır ki, cibi pul tanıyır. O da sənin kimi qınından çıxıb qınını bəyənmir. Gedib Elgünün mağazasından alver eləyir, özü də nəğd pulla.

- Salmanla işin olmasın. Onun adını dilinə gətirməyə belə haqqın yoxdur. - Yetim Bayram daha heç nə demədi, dördyolayrıcında dayanıb ora-bura boylanan Səfərə yaxınlaşdı.

- O gədə nə deyirdi? - Səfərin ağzında oturmayan alt protez dişi az qaldı ki, qurbağa kimi hoppanıb yerə düşsün.

- Heç, Güllü arvadı soruşurdu.

Səfər üzünə qəmgin bir ifadə verib dedi:

- Başım çatdıyır. Gör neyləyirsən.

Yetim Bayram Səfərə baxıb heç nə demədi, əlini cibinə salıb "olan-qalanım budu" deyərək üç dənə birmanatlıq çıxardıb ona sarı uzatdı. Səfər pulu göydə qamarlayıb özünü Elgünün mağazasına verdi. Yetim Bayram onun arxasınca baxıb: "- Heyf sənə, ay Səfər" - dedi. Sonra da təəssüf hissilə öz-özünə pıçıldadı: - Dünyanın ən saf, ən təmiz, ən halal adamı idi. Müstəntiq işləyirdi. Heç kimdən bir qəpik də rüşvət almadı. Düz işlədi. Axırda da yazığı şərləyib işdən qovdular. Hara yazdısa, xeyri olmadı. Sonra da içkiyə qurşandı.

- Ayə, dodaqaltı nə mızıldanırsan? - Balabançı Eyvaz ona yaxınlaşdı. "- Uzaqdan sənə göz qoyurdum. Dodaqların tərpənirdi. Öz-özünə nə deyirdin?" - Yetim Bayram ona cavab verməyə macal tapmamış Səfər mağazadan çıxdı. Əlində qəzetə bükülmüş araq vardı. Sevinirdi. O həm də çox xoşbəxt görünürdü. Qəzeti açıb bir tərəfə tulladı və Yetim Bayrama baxıb sevincək halda dedi: - Sən kişi adamsan! - Birdən-birə Yetim Bayrama elə gəldi ki, Səfər araq şüşəsinin içində oturub ona əl eləyir. Qorxuya düşdü. Gözünü araq şüşəsindən çəkmək istədi, amma bacarmadı. Səfər hələ də araq şüşəsinin içindən çıxmamışdı, gülə-gülə Bayrama əl eləyirdi. "Lənət şeytana!" - Yetim Bayram vahimələndi və güllə kimi yerindən götürüldü.

 

*

Göygöz Səlim demişkən Güllü arvad dəli olmamışdı, amma tez-tez huşunu itirirdi, huşunu itirən kimi də sayıqlamağa başlayırdı.

Onun huşunu itirib yıxılmağı 10-15 dəqiqə çəkirdi. O, hər dəfə huşunu itirib yıxılanda oğlu Sənanla danışırdı. Və hər dəfə də ondan incimiş halda soruşurdu: "Ay oğul, evə niyə gəlmirsən? Yoxsa bizdən küsübsən?" - Onun nə cavab verdiyini anası Güllü arvaddan başqa heç kim bilmirdi.

Salmana elə gəlirdi ki, arvadı Güllünün ağlı yavaş-yavaş başından çıxır. Ağlı başından çıxan kimi onu saxlamaq mümkün olmayacaq, qapı-qapı düşüb Sənanı axtaracaq, onu tapa bilməyib elə şivən qoparacaq ki, əks-sədası yaxınlıqdakı "Boz dağ"dan gələcək.

Güllü arvad hələ kəndin canına düşüb qapı-qapı gəzmirdi. Oturmuşdu evlərində, küçəyə də çıxmırdı. Saatlarla dəmir çarpayıda uzanıb oğlu Sənanın böyüdülüb divardan asılmış şəklinə baxırdı, hərdən də dodaqlarını aralayıb nəsə deyirdi.

Bir dəfə Salman ondan soruşdu:

- Öz-özünə nə danışırsan?

- Öz-özümə danışmıram. Oğlumla söhbət eləyirəm.

Salman barmağını dişlədi. Ürəyinə şübhələr doldu və bu şübhələr onu inandırdı ki, arvadı dəli olmağa başlayıb. Qorxa-qorxa soruşdu:

- Sənan sənə nə deyir?

- Deyir ki, ayaqlarım üşüyür. Aylığım gələndə mənə ayaqqabı alarsan. - Güllü arvad bu sözləri deyib hönkürdü, az sonra ağlar səslə bildirdi: - Həm də deyir ki, ayaqqabımın altı deşilib, həmin o deşilən yerdən ayağıma tikan batır. - Salman dözə bilmədi. Əlləri ilə başını döyəclədi və hönkürtü ilə ağlamağa başladı. Oğlunun tabutu qapıya gələndə o, belə hönkürməmişdi. Yıxılmamaq üçün hissdən qaralmış divara söykənib göz yaşlarını sel kimi axıtmağa başladı. Güllü arvada elə gəldi ki, bir az da keçsə Salman göz yaşları içində boğulacaq, ona görə də çarpayıdan düşüb onun qolundan tutdu:

- Bəs Sənana deyirdin ki, kişi ağlamaz! - Salman ağlamağına ara verib gözlərini oğlunun divardan asılmış şəklinə dikdi və yadına nə düşdüsə bütün bədəni titrədi. Onda Sənanın beş yaşı vardı. Güllü arvad bazarda yumurta satıb gözünün ağı-qarası olan bircə balasına boz rəngdə səndəl almışdı. Səndəlin altı o qədər nazik idi ki, gün işığında o biri tərəfi görünürdü. Sənan sevincindən bilmirdi ki, neyləsin. Səndəli ayağına geyinib küçəyə yüyürdü. Aradan bir həftə keçməmişdi ki, o, ağlaya-ağlaya evə gəlib dedi: - Ayağıma nəsə batıb, ağrıyır. - Salman onun ayaqqabısını çıxarıb sol ayağının altına baxdı. Balaca bir deşik vardı və bu deşikdən onun ayağına iynə yoğunluğunda bir tikan girmişdi. Bax onda Salman onun başını sığallayıb "Kişi ağlamaz" - demişdi.

Salman oğlunun tabutu taxta qapıdan həyətə girəndə ağlamamışdı, titrək əllərilə tabutu sığallayıb üz-gözünü cırmaqlayan Güllünü sakitləşdirmək istəsə də bacarmamışdı. İndi isə o, göz yaşlarına qərq olmuşdu. Salmanı ağladan həmin o deşilmiş səndəlin altından oğlunun ayağına batan qaratikan idi. Oğlunun ayağının altından çıxartdığı həmin o qaratikan o vaxtdan onun ürəyinə batıb çıxmaq bilmirdi. İndi bu qaratikan onun ürəyindən çıxmışdı. Onun ürəyindən çıxan bu qaratikanın yerinə isə sanki duz doldurmuşdular. Yox, bu, duz deyildi. Onun tikan çıxmış ürəyinin yerinə çəkiləsi mümkün olmayan oğul dağı çəkilmişdi.

- Sənanın aylığı nə vaxt gələcək? - Güllü arvad ona baxıb soruşdu.

- Sabah.

- Pulu alanda "Səməd market"dən ayaqqabı alarsan. Qara rəngdə, özü də 39 ölçüdə.

- Yaxşı. - Salman üzünü hissdən qaralmış divara söykəyib yenidən hönkürdü.

 

*

Güllü arvad taxta qapını yavaşca aralayıb qorxa-qorxa yola sarı boylandı. Dördyolayrıcında Göygöz Səlimlə Hidayət müəllim nə barədəsə mübahisə edirdilər. Taxta qapı cırıldayıb örtüləndə Salman oduna getməyə hazırlaşırdı. Palanı uzunqulağın belinə qoyub dünən axşamdan itilədiyi baltanı götürəndə Güllü arvad dördyolayrıcından sağa buruldu. Bu yol qəbiristanlığa gedirdi. Onun qoltuğunda bir cüt qara ayaqqabı vardı.

- Güllünün qoltuğundakı qara ayaqqabını gördünmü? - Göygöz Səlim dirsəyilə Hidayət müəllimi dümsüklədi.

- Kor deyiləm, gördüm!

- Görəsən, ayaqqabını qəbiristanlığa niyə aparır? Çox maraqlıdır.

- Maraqlıdırsa, get öyrən, gör nə məsələdir! - Hidayət müəllim onlara yaxınlaşan Nazimi görəndə sevindi. Elə bu sevinclə də dedi:

- Bir siqaret ver, görüm!

- Yoxumdu! - Nazimin qaş-qabağı yerlə gedirdi.

Hidayət müəllimin sevinci bir andaca buxarlanıb yox oldu.

Bir müddət heç kim səsini çıxarmadı. Göygöz Səlimin səbri tükəndi və dözə bilməyib dilləndi: "Mən qəbiristanlığa gedib ayaqqabı məsələsini öyrənmək istəyirəm".

Az sonra Hidayət müəllim də ona qoşuldu. Onlar dördyolayrıcından uzaqlaşan kimi Nazim təzəcə aldığı siqaret qutusunun ağzını açıb özündən razı halda gülümsədi.

...Güllü arvad yenə də Sənanın başdaşını qucaqlayıb ağlayırdı. O, birdən ağlamağını kəsib dedi: "Dur, ay oğul, dur, ayaqqabılarını geyin. Sabah kənddə toy var. Sinif yoldaşın Vasif qonşunun qızıyla evlənir. Səni də toya çağırıb. Toya gedəndə yaxana medallarını da düzərsən. - Güllü arvad bu sözləri deyib yenidən huşunu itirdi.

Göygöz Səlimlə Hidayət müəllim bir kənarda dayanıb gah huşunu itirmiş Güllü arvada, gah da Sənanın sinədaşının üstünə qoyulmuş bir cüt qara ayaqqabıya baxırdılar.

Dəqiqələr ötürdü. Dəqiqələr ötdükcə Göygöz Səlimin də səbri daralardı. "Yarımsaatdan çoxdur ki, huşunu itirib, bu vaxta kimi gözlərini açmalıydı". - Səsində bir titrəyiş vardı. O həm də həyəcanlanmışdı.

Bir az da gözlədilər. Ancaq Güllü arvad gözlərini açıb ayağa durmadı. O, bu dəfə huşunu itirməmişdi, oğlunun məzarı üstündə canını tapşırmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)