“Bir payız islanır yağışın altda” - Təranə Dəmirin şeirləri Featured

Rate this item
(3 votes)

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir. 

 

 

YERİ, ŞƏHƏRİM

 

Qış donunda necə 

yeknəsək görünür şəhər, İlahi,

Hər yandan qorxu, iztirab, kədər, 

ayrılıq boylanır,

həsrət yağır üzü Xəzərə.

Ağaclar qollarını qucaqlayıb 

oturub küçə boyu,

Xəzəlləşən yarpaqlarından, 

lüt-üryan budaqlarından

utanıb başını aşağı dikir

məlul-məlul.

Çılın -çılpaq vücudunu şaxta döyür, 

Külək başına uçurur yaz arzularını.

Adamın yazığı gəlir şəhərə.

Tufan qabağına qatıb gedir 

küçələri, dalanları,

Binaları, adamları.

Amma qəribə bir əminlik də var 

baxışlarında şəhərin,

Nə küləyin dəli uğultusunu, 

nə göy üzünün haray-həşirini, 

nə də buludların şaqqıltısını vecinə alır.

Ayaqlarını bir az da möhkəm basır torpağa,

Bir az da möhkəm sarılır öz qoca tarixinə.

Soyuna sarılır, 

kökünə, divarına, daşına sarılır,

Qışına sarılır.

Dəniz-dəniz ulayır külək şəhərin üstünə,

Adamın zəhri yarılır,

Şəhərsə öz yerindədi.

Külək dalğaları sahilə çırpdıqca 

sahil bir az da bərk yapışır 

dənizin ayaqlarından.

Şəhər dənizdən, dəniz dalğadan, 

dalğa sahildən,

Sahilsə ləpirlərdən tutur.

Beləcə tuta-tuta addımlayır 

dəniz-dəniz, bina-bina, 

küçə-küçə, dalan-dalan şəhər,

Anam şəhər, yuvam şəhər, qalam şəhər.

Burdan batıb ordan çıxır külək.

İçərişəhərin dolanbac küçələrindən 

burula-burula keçir,

Qapılara, pəncərələrə sarıla-sarıla keçir,

Dünyanı şəhərin başına yıxır külək..

Qumla dolur gözləri şəhərin,

Bu masal, bu mələk, bu pəri şəhərin.

Amma yenə saat-saat, addım-addım yeriyir 

bahara sarı, dəli şəhərim.

Yeri, yeri, yeri, şəhərim!

 

 

YAĞIŞ

 

Nə yaman ağlayır buludlar bu gün,

Saçlarım yağışdı, yanağım yağış.

Mən kirpik çaldıqca səssiz, səmirsiz

Döyür pəncərəmi qonağım yağış.

 

Tökür hikkəsini qara buludlar,

Ocağa ağlayır, külə ağlayır.

Göylərin qəribə darıxmağı var,

Demək, buludlar da belə ağlayır.

 

Kimin ürəyindən su içib axı,

Kimin göz yaşıdı görən bu yağış?

Gözümü açmağa macalım yoxdu,

Qoymur nəfəsimi dərəm bu yağış.

 

Buludlar ağlayır, torpaq dirçəlir,

Min həsrət cücərir hər daşın altda.

Bir bahar yol gedir payıza sarı, 

Bir payız islanır yağışın altda.

 

 

KİMDİ YUXUMU QORXUDAN?

 

Bambaşqa vüsaldı bu,

Bambaşqa görüş.

Ayrılğı özündən qabaq gəlib deyəsən,

Təpə-dırnaq həsrət qoxuyur üst-başımız,

Yarıoyaq, yarısərxoş

Dolanırıq gecənin başına dəlisayaq

Sən və Mən!

Bir az küskünük, bir az qorxaq.

Addımlayırıq səhərə sarı ağır-ağır,

Yox, yox, yerimirik,

Elə ayaqlarımızı sürüyürük arxamızca.

Qaranlıq gözümüzün içində yol gedir ,

Fikirlərimiz gecəyə dağılır,

Üstünü ot basır.

Danışırsan, 

Dodaqların havanı ölçür,

Səsini udur gecə,

Heç nə eşitmirəm,

Sözlər havada uçur  .

Üzünü görmürəm, 

Ürəyinin pıçıltısını eşidirəm sadəcə.

Əllərim özümdən aralı yeriyir ,

İtirirəm yolun ağını, 

Gecə yavaş-yavaş, asta-asta əriyir.

…Birdən kimsə güllə atır üzü alatorana,

Diksinib oyanıram bu yarı vüsal,

yarı həsrət yuxudan,

Bilmirəm, qaranlıqla işığın ortasında

kimdi  yuxumu qorxudan…

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)