TABUTMU, TAXTMI… - Çikaqoda sürgünlük həyatı yaşayan güneyli şair Məmmədrza Ləvayinin şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, təbrizli şair Əli Çağla sizə növbəti Güney Azərbaycan şairinin yaradıcılığını təqdim edir. Məhəmmədrza bəy Ləvayinin şeirlərini. Əli Çağla qeydlərində yazır: “Bu şair mənim ən çox sevdiyim şairlərdən biridir. Məhəmmədrza Ləvayi Təbrizdən olsa da, indi sürgündə - Çikaqoda yaşayır. Portalımızın oxucularının şairi sevəcəklərini ümid edirəm”.

 

 

RÖYALAR CALANAR, SEVGİLİM

 

Röyalar Atlantikdən acı çay çıxarar

Təbrizliyim tökülər bütün şəhərlərin üstünə

Balı qaymağa qatdığını düşün, elə bir şey

Sən Təbrizdə Batını ək Eynalıya.

Burda qızların çənəsindəki Urmu dərələrinə göm məni

Röyalar calanar baş-gözümüzdən, sevgilim.

Dəniz quşlarının boğazında cırılan gecədən düşər röyalar

Sənə baharın Atlantikini Qaradağ yapacağam istədiyin an

Gəmilər ala dağlarda çapdırdığın atlar olacaq

Təbrizi dərələrdən yığışdırıb dağlıq sinənə uzadacağam

Əmzik-əmzik əməcəyəm dağlarını, sonra yenə əməcəyəm

Bu uşaq böyüməz ki, böyüməz.

 

Bu gün üzünün iki min on altıncı ilinin

Otuzuncu gününü öpüb divara asıram yenə

Üç şey qalıb bütün o həyəcanlardan;

Bu güneyli rəsmin

O qaradərili çantam

Bu, ya da o Məmmədİrza çağırdığın dodaqlarının Batısı.

 

Röyalar calanır, sevgilim

Röyalar üşüdür, isladır, yatağa salır adamı

Uzaqlaşdığımız yaxınlıqdan yenə uzaqlaşmaq gərək

Yenə sən vətəni basdır qırx qapılı sirlərdə, sükutlarda

Yenə mən vətəni çiynimə alıb düşüm Batılara

Biz röyalarımızı calaya-calaya yaşadıq

Yenə yığıb-yığışdırması arxamızdakılara qaldı, gözəlim!

 

 

QORXURAM

 

Qorxumdan tez-tez içirəm

Vətəni içib qusuram tez-tez qürbətdə

Şəhər keflənir

Ayaqqabılarımın ürəyi bulanır

Dörd yanım yaman boşalıb

Yoldaşlarımı öldürdülər

Və məzarlarını mənim şeirlərimdə qazdılar...

 

Yamandan yaman qorxuram

Hər külüng səsini eşitdiyimdə Fərhad oluram

Hər körpü gördüyümdə Domrul oluram

Adım səsləndiyində əllərimi qaldırıb təslim oluram

Polislər xalqımdan daha çox məni səslədilər...

 

Yatmaqdan qorxuram

Yatarsam səni sevməkdən qırıla bilərəm

Heç bir evdə rahat deyiləm

Hər bir ev bir iqtidar müxalifət savaşıdır

Pəncərələr ziyalı, divarlar diktator...

 

Yatarsam dağları itirə bilərəm, ceyranlığını itirə bilərəm

İkimiz də dağları yaxşı bilirik

Ovçuları atlamaq üçün

Çox ceyran olmalısan o dağlarda...

 

Nə yazıq ki, o dağların ətəyində

Toplum

Başını baltanın sinəsinə qoyub yatan meşə...

 

Qorxuram

Oturub-durduğumuz yerlərdən qorxuram

Cəhalət ilə cəsarəti ayırd edə bilmədiyimiz dönəmdəyik

Kəpənək qurbağanın dilini çiçək sanar...

 

 

ATLANTİKDƏ URMU GÖLÜNÜ AXTARIRAM

 

Uçurtdular, uçdurdular, qaçırtdılar Urmu gölünü

Azərbaycanın boğazını qurutdular

Kərbəlaya ağlayanlar, Kərbəlaya çevirdilər torpağımızı.

 

Bir də belə sansınlar, yansıtsınlar bizi

Ağladıqları Əliəsğər boğazım

Sızladıqları Hüseyin, başımız

Çağırın bağırdıqları Əbilfəzl, qollarımız.

 

Həm o səbəbdən əmmamələri Yezid

Əbaları Şümür

Həm o səbəbdən minbərləri Hərmələ.

 

Sonu bəlli idi

Zindanda o tutuqlanan şairin üzünə işədiklərində

Flaminqolar dimdiklərinə alıb Urmu gölünü uçdular

Sonu bəlli idi

Təbriz Müsəllasında sazları yandırdıqları gün

Urmu gölü qəlb krizi keçirdi.

 

Dostlarım "Urmu gölünə şeir yaz" - deyir

Yazdığım şeir quruyur, duz fırtınası olur.

Soyqırım edir dinləyənləri, dinləməyənləri

Yazdığım şeir Urmunu, Ərdəbili, Təbrizi görmür tarixə

Yazdığım şeir Azərbaycanı məhv edib dağıdır.

 

Düşmən torpağımızı bizə qarşı düşmən etməyi bacardı

Bunu cəhalətimin hansı divarına yazım unudulmasın deyə?

 

Cəhalət, amma unutdurar hər şeyi.

Urmu gölünü də...

 

 

ZAMAN

 

Zaman alnında, üzündə qırışa dönür yavaş-yavaş

Bir zamanlar söykəndiyin o ağacın indi nə olduğunu hardan bilə bilərsən ki?

Tabutmu? Taxtmı? Qələmmi? Baltamı?

 

Zaman yavaş-yavaş diş tökür sənin üzündə

Çikaqodan uzanıb ayaqlarını Azərbaycana sallayırsan

Başını Uilles Tauerin şominəsi qızışdırır

Ayaqlarını Azərbaycan kəndlərindəki kürsülər.

 

Bu qış da belə keçəcək sürgünüm...

 

 

ÖZGÜRLÜYƏ DARIXAN VAR

 

Artıq parklar səndə hava alır Ortadoğuda

Hakimlər insanı ümumi tualetə dönüşdürmüş

Çirkinliklərini insana boşaldıb dincəlirlər.

O zamanlar açıq kitablar idik gənclər əllərində

Bizi də, kitablarımız kimi yığışdırdılar xiyabanlardan.

O zamanlar binalar balıq olub sıçrayardı üstümüzə

Şəhərlər qurudu, balıqlar qurudu, sevgi qurudu.

 

Mən sürgün edildiyim gün gözlərin yalnız Təbriz idi

İndi isə gözlərində Azərbaycan atışıb-tutuşur bu ayrılığı, bu sevdanı

Eşqimizi zorlaşdıran sınırları hələ də sındıranmıram.

 

Gözəlim, Çikaqodakı qucağıma yaxınlaş Təbrizdə

Bu fantastik filmə biraz od qoyaq öpüşlərimizlə

Baxan var, axan var, yaxan var

Özgürlüyə darıxan var...

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)